Əslində valyuta mübadilə məntəqələrinin fəaliyyətinin məhdudlaşdırılması düzgün qərar deyildi.
Bu sözləri Teleqraf.com-a iqtisadçı ekspert Natiq Cəfərli bu ildən Azərbaycanda valyuta mübadilə məntəqələrinin fəaliyyətinin lisenziyalaşdırılmasının perspektivlərindən danışarkən deyib.
Onun sözlərinə görə, həmin qərar valyuta bazarındakı ajiotajın qarşısını almaq kimi qiymətləndirilsə də, heç bir təsiri olmadı: “Əksinə, həm turistlər, həm də ölkə əhalisi üçün ilk mərhələdə problemlər yaratdı. Qara bazarın yaranmasına səbəb oldu və sonradan banklar normal valyutadəyişmə əməliyyatlarını həyata keçirməyə başladı. Bununla da bir neçə bank filialı 24 saat fəaliyyət göstərdikdən sonra qara bazar da yavaş-yavaş yığışıldı. Yəni məntəqələrin məhdudlaşdırılıması, qapadılması ancaq qara bazarın yaranması ilə nəticələndi. Təqribən 4 minə yaxın insan isə valyutadəyişmə məntəqələrində işləyirdilər ki, onlar işsiz qaldı. İndi yenidən lisenziyalaşdırmaq haqqında qərar verilib. Burada problem odur ki, valyutadəyişmə məntəqəsi açmaq baha başa gəlir. Fiziki və hüquqi şəxslər həmin depozitə 50 min manata yaxın əlavə vəsait qoymalıdırlar və digər müxtəlif şərtlər var. Təhlükəsizlik qaydaları müəyyənləşdirilib. Onun üçün də əlavə xərclər tələb olunacaq. Əvvəlki qaydalar fərqli idi. Banklarla müqavilə bağlayan istənilən fiziki və hüquqi şəxs məntəqə aça bilərdi. Yetər ki, gülləkeçirməz şüşəylə əhatə olunmuş seyf və dəmir qapı olardısa, məntəqə fəaliyyət göstərə bilərdi. Düşünmürəm ki, əvvəlki illərdəki kimi məntəqələrin sayı kəskin artsın. Amma şəhərin mərkəzində turislərin çox olduğu yerlərdə valyutadəyişmə məntəqələrinin açılması ehtimalı var.
Qeyd edək ki, bu ildən Azərbaycanda valyuta mübadilə məntəqələrinin fəaliyyətinin lisenziyalaşdırılmasına başlanacaq.
Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb. Hesabatda qeyd olunub ki, "Valyuta tənzimi haqqında" qanunda edilən dəyişikliklərlə bağlı valyuta mübadiləsi fəaliyyətini həyata keçirən subyektlərin fəaliyyətini tənzimləyən hüquqi çərçivə formalaşdırılıb.