“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun keçirdiyi tədbirlər çərçivəsində sentyabrın 12-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xankəndi və Xocalıdan olan məcburi köçkün sahibkarlarla dövlətin güzəştli kreditlərinin alınması məsələlərinə dair işgüzar forum keçirib.
Teleqraf.com-un məlumatına görə, 100-ə yaxın məcburi köçkün sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Türkiyədən dəvət olunmuş mütəxəssisin iştirakı ilə hazırlanmış güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan sahələr müzakirə olunub. Kiçik cins heyvandarlıq, pendir istehsalı, arıçılıq və balın emalı, meyvəqurutma müəssisələrinin, quşçuluq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, bu investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr, metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib, fondun fəaliyyətində əsas prioritetlərdən biri məcburi köçkünlərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması məqsədilə onlara dövlətin güzəştli kreditlərinin verilməsi və maarifləndirilməsidir. Qeyd edilib ki, indiyədək 1425 məcburi köçkün sahibkara 34 milyon manat güzəştli kredit verilib, bu kreditlərin reallaşdırılması nəticəsində 3000-ə yaxın yeni iş yerinin yaradılması mümkün olub. Təkcə, 2014-cü ilin ötən dövrü ərzində 225 məcburi köçkün sahibkara 8,2 milyon manat güzəştli kredit (bugünkü forumda verilən kreditlər də daxil olmaqla) verilib ki, bu kreditlər hesabına 400-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Son illərdə məcburi köçkün sahibkarlar tərəfindən həyata keçirilən, yeni texnologiyaların tətbiqinə əsaslanan 7 investisiya layihəsinin maliyyələşdirilməsinə 23,9 milyon manat güzəştli kredit verilib.
İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Xankəndi və Xocalıdan olan 58 məcburi köçkün sahibkara 382 min manat güzəştli kredit verilmişdir. Bu layihələrin reallaşması 60-dan çox yeni iş yerinin yaradılmasına imkan verir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, arıçılıq və s. sahələrin inkişafına yönəldiləcək.
Aşağı Ağcakənd qəsəbəsində keçirilmiş işgüzar forumda məcburi köçkün sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında işgüzar müzakirələr aparılıb.
Naibə