2 Dekabr 2019 23:14
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avtomobil bazarında qiymətlər kifayət qədər yüksəkdir. Köhnə avtomobillərin gətirilməsinə tətbiq olunan rüsumlar ola bilsin ki, qiymətlərə təsir edəcək”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında iqtisadçı Pərviz Heydərov deyib.

Onun sözlərinə görə, avtomobil bazarında qiymətlərin artması qaçılmazdır: “Devalivasiya səbəbindən son illər ölkədə satışı aparılan yeni avtomobillərin qiymətləri arasında 2-3 dəfədən çox fərq var. Yeni avtomobillərin alınması həm bank kreditləşdirilməsi yolu ilə, həm də kifayət qədər baha olduğu üçün əlçatanlığı normal səviyyədə deyil”.

Ekspert hesab edir ki, bankların yeni avtomobillərin əldə edilməsində kreditləşdirmə mexanizmini indiki səviyyədə saxlaması məqsədəuyğun deyil: “Əgər istehsal tarixi 7 ildən köhnə olan avtomobillərin ölkəyə gəlməsini qadağa ediriksə, digər məqsəd vətəndaşların istifadə etdiyi avtomobil parkının köhnəlməməsidir. Nəzərə almalıyıq ki, yeni avtomobillərin alınması çox çətinləşib. Belə davam edərsə, ölkədə avtomobil parkı 5-6 ilə kəskin şəkildə köhnəlmiş vəziyyətdə olacaq”.

Ekspert bildirib ki, avtomobillərin gətirilməsinə tətbiq olunan rüsumlar hər il artır: “Bunun hansı məqsədə xidmət etdiyini izah etmək çox çətindir. Sözügedən addım ölkəyə avtomobil idxalını məhdudlaşdırırsa və əhalinin yeni avtomobillər əldə etməsini çətinləşdirirsə, rüsumların artırılmasının büdcəyə mədaxil baxımından heç bir faydası yoxdur”.

Pərviz Heydərovun fikrincə, avtomobil parkının sürətlə köhnəlməməsi, əhalinin istifadəsində olan avtomobillərin daha yeni və müasir olması, eyni zamanda ekologiyanın qorunması baxımından gömrük rüsumları xeyli dərəcədə azaldılmalıdır: “Dövlət yerli avtomobillər istehsal edir. Amma bu avtomobillər ölkəyə gətirilən maşınlarla müqayisədə rəqabət qabiliyyəti, keyfiyyəti, alıcı əldə etməsi baxımından kifayət qədər baha satılır, bu da qənaətbəxş vəziyyət deyil”.

O qeyd edib ki, bankların əsas gəlir mənbəyi məhz minik avtomobillərinin kreditləşdirilməsi idi: “Bu, məhdudlaşdırılan kimi, bankların özünün də vəziyyəti pisləşdi. Hesab edirəm ki, gömrük rüsumları azaldılsa, daha doğru olar. Sonra istifadə müddəti 7 ildən, hətta 5 ildən yuxarı avtomobillərin gəlişi məhdudlaşdırılsın”.

Ekspert bildirib ki, qaldırılan rüsumlar ölkə daxilində satılan köhnə avtomobillərin qiymətinə də təsir edəcək: “İkinci əl bazarında köhnə avtomobillərin qiymətlərində artım müşahidə olunacağı gözlənlir. Əgər onların gəlişi məhdudlaşdırılırsa, daxildə də yeni avtomobillərin alışı çətinləşirsə, köhnə avtomobillərə tələb yüksələcək”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi 7 ildən köhnə olan avtomobillərin ölkəyə gətirilməsini məhdudlaşdırmaq üçün rüsum qiymətlərinin artırılmasını təklif edib.


Müəllif: Aysel Azad