Hazırda neft bazarında çox maraqlı vəziyyət yaranıb. Birjalarda olan qiymətlə real neft satışındakı qiymət arasında kəskin fərq var. Bu gün birjalarda neftin satışı 33 dollaradır. Bu, iyun ayı üçün proqnozlaşdırılan nəticələrə aid qiymətdir. Real neft bazarında isə qiymətlər 25 dollar arasındadır.
Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.
Azərbaycan neftinin yüksək keyfiyyətə malik olduğunu vurğulayan ekspert bu neftin ən çox aviakerosində istifadə edildiyini bildirib: "Azərbaycan neftinin əsas alıcısı İtaliya və İsrail idi. Oradakı neftayırma zavodları Azərbaycan neftinin keyfiyyətinə uyğunlaşdırılmışdı və əsasən aviakeratində istifadə edirdilər.
Hazırda dünyada səyahətlər yox dərəcəsindədir, cəmi 10 faiz qalıb. Dünya üzrə uçuşların həcmi kəskin şəkildə azalıb. Bu da aviakerosinə olan ehtiyacın azalmasına gətirib çıxarıb. Aviakerosini istehsal edən anbarlar dolub. Ona görə də Azərbaycan neftini ənənəvi alıcılar daha ucuz alırlar. Bu isə “Azeri Light”ın qiymətinin "Brent"dən aşağı düşməsinə səbəb olub".
Natiq Cəfərli bildirib ki, neft bazarının əsas hadisəsi sabah gözlənilir: "OPEK+ toplantısı baş tutacaq. Kəsintilərlə bağlı qərar verilməlidir, sözlü müdaxilələr, bəyanatlar səsləndiriləcək. Müəyyən anlaşmanın olması ehtimalı var.
Amma bu görüşün əsas məğzi neft qiymətlərini yüksəltməyə hesablanmayıb. Dünyada neft istehlakı kəskin şəkildə aşağı enib və əsas məsələ neftin qiymətinin daha da kəskin düşməməsidir. Dünyada istehsal edilən neftin həcmi ilə istehlak edilən nefin həcmində 25-30 milyon barellik fərq yaranıb. Nefti yığmağa yer qalmayıb, anbarlar, tankerlər dolub. Ona görə də sabahkı görüş neftin qiymətinin heç olmasa 35 dollar civarında sabitləşməsinə yönələcək.
Toplantıdan çıxacaq nəticələr və bəyanatlardan çox şey asılıdır. Çox təəssüf ki, dünya iqtisadiyyatındakı ressesiyanı nəzərə alsaq, OPEK+ müqaviləsi olsa belə, hələ uzun aylar neftin qiymətinin kəskin səviyyədə aşağı olması gözlənilir. Ona görə də bir neçə ay çox aşağı neft qiymətlərinə öyrəşməliyik. Bu qiymətlərdə ölkənin makroiqtisadi problemlərini həll etməyi öyrənməliyik".