OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında keçirilən X iclasında gündəlik neft hasilatının azaldılması ilə bağlı “Əməkdaşlıq Bəyannamə”si təsdiqlənib. İclasda “OPEC plus” ölkələri tərəfindən Meksikanın gündəlik neft hasilatını 100 min barel həcmində azaltması təklifinə baxılaraq qəbul edilib.
Bu barədə Teleqraf.com-a Energetika Nazirliyindən məlumat verilib.
Həmçinin Meksikanın “OPEC plus” ölkələri nazirlərinin IX iclasında təklif edilmiş kvotaları qəbul edəcəyi təqdirdə razılaşmanın mayın 1-dən qüvvədə olacağı şərti “Əməkdaşlıq Bəyannaməsi”ndən çıxarılıb. “Əməkdaşlıq Bəyannaməsi”nə edilmiş düzəlişlərə əsasən Meksikanın hasilat kvotaları may-iyun aylarında 400 min barel əvəzinə 100 min barel müəyyənləşdirilib. Meksikanın öhdəliyinin digər qismini kompensasiya etmək üçün ABŞ-ın öz hasilatını əlavə olaraq 300 min barel azaltması ilə razılaşılıb.
Bununla da “OPEC plus” üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln.barel azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib. “OPEC plus”un qərarına Azərbaycan da öz dəstəyini ifadə edib. Energetika naziri Pərviz Şahbazov dünya neft bazarının sabitləşdirilməsi məqsədilə neft ölkələrinin mövqeyini yüksək qiymətləndirib:
“Bugünkü görüş və “OPEC plus”un qəti mövqeyi hasilatın azaldılması ilə bağlı qərarın icrası üzrə maneələri və tərəddüdləri aradan qaldırdı. Hasilata müdaxilələrlə neft bazarının tənzimləmə mexanizmi qlobal səviyyədə dəstəklənir və bu dəstək neft bazarının sabitləşdirilməsinə töhfə verəcək. Həmçinin bu qərar “OPEC plus” formatından kənardan ölkələrin də hasilatı azaltmaların təşviq edəcək”.
Xatırladaq ki, 9 apreldə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib.