6 Oktyabr 2020 18:29
1 390
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Azərbaycanın strateji obyektlərini, o cümlədən Mingəçevir SES-i, ölkəmizin ixrac güclərini və enerji dəhlizlərini təhdid altına alacaqlarını dəfələrlə bəyan edib. Erməni silahlı qüvvələri son bir neçə gündə ilk növbədə Mingəçevir, Gəncə, Ağcabədi, Tərtər, Xızı, Bərdə, Beyləqan və digər rayonlarda mülki yaşayış sahələrini və istehsal obyektlərini hədəfə alıblar. Ermənistanın Mingəçevirə raket atılması göstərdi ki, beynəlxalq enerji layihələrini də hədəfə ala bilər”.

Bunu Teleqraf.com-a enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.

O bildirib ki, Azərbaycanın enerji təminatının təxminən 50-55%-i Mingəçevir SES-in hesabına ödənilir: “Qarabağdakı heç bir beynəlxalq təşkilatın nəzarəti altında olmayan silahlı qruplaşmaların bölgədə siyasi və hərbi vəziyyəti gərginləşdirməsi təbii ki, Azərbaycanın enerji təhlükəsizliyi üçün hər an təhlükədir. Dağlıq Qarabağdakı hərbi cinayətkar qrup dünyanın heç bir dövləti tərəfindən tanınmadığına görə, onlar beynəlxalq məsuliyyət də daşımırlar.

Ermənistan da açıq bildirir ki, Dağlıq Qarabağ ərazisindəki silahlı qruplaşmalara nəzarət etmirlər, sadəcə dəstək verirlər. Bu baxımdan onlar Azərbaycanın Tovuz bölgəsində keçən enerji nəqliyyat dəhlizlərini təhdid altına almaq istəyirdi".

Zəfər Vəliyevin sözlərinə görə, beynəlxalq enerji layihələri həmişə ermənilərin hədəfində olub: "Erməni siyasətçiləri, politoloqları dəfələrlə istənilən halda Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru xətlərini və eləcə də Cənub Qaz Dəhlizini təhdid altına ala biləcəklərini bildiriblər. Məsələ burasındadır ki, həmin kəmərlərdə səhmdar olan böyük şirkətlər və həmin şirkətlərin məxsus olduğu dövlətlər də var. O dövlətlər təbii ki, beynəlxalq enerji dəhlizinin təhlükəsizliyini də öz qaydalarına görə müdafiə edə bilərlər. Amma Ermənistan Cənubi Qafqaz bölgəsində daim humanitar və iqtisadi inkişafın əleyhinə olub”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər