15 Noyabr 2020 20:45
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

TAP-ın səhmdarı kimi, BP şirkəti bu mühüm layihənin başa çatmasından çox məmnundur. Bununla da, dünyada ən iri təbii qaz işlənməsi layihələrindən biri olan “Şahdəniz 2” və Cənub Qaz Dəhlizi (CQD) layihələri tam həyata keçmiş olur. Bu layihələr ilk dəfə olaraq Xəzərin qaz ehtiyatlarını Avropa ilə bağlamaqla regionunun enerji xəritəsini dəyişəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkəti məlumat yayıb.

“İndi CQD-nin son hissəsinin də başa çatması ilə bu nəhəng ixrac sistemi tam inteqrasiya olunub və Avropaya qaz təchizatına hazırdır. Bu da bizə imkan verir ki, Azərbaycandan Avropaya ilk qazın verilməsinə bu ilin sonunadək başlayaq və, beləliklə də, layihə başlayandan bəri vəd olunmuş əsas məqsədə nail olaq.

TAP konsorsiumunu bu mühüm uğur münasibətilə təbrik edirik. SOCAR-la və bir çox ölkələri təmsil edən bir sıra digər tərəfdaşlarla yaxından işləyərək bu yüksəkkeyfiyyətli və böyük dəyişikliklər gətirəcək layihələri tam təhlükəsiz və uğurla həyata keçirməkdən qürur duyuruq”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, TAP kommersiya əməliyyatlarına başlayır. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti əməliyyat mərhələsinə daxil olur.

TAP Yunanıstan (550 kilometr), Albaniya (215 kilometr) əraziləri, Adriatik dənizinin dibi ilə (105 kilometr) keçərək İtaliya sahillərinə (8 kilometr) çıxır.
TAP səhmdarları BP (20 faiz), SOCAR (20 faiz), “Snam” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz) şirkətləridir. TAP səhmdarları 2013-cü ilin sonunda layihənin inkişafı və tikintisi haqqında qərar verib.
TAP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng “Şahdəniz” yatağında hasil olunan təbii qazı Avropaya nəql edir.

Boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə TANAP ilə birləşir, Yunanıstan və Albaniyadan keçərək Adriatik dənizi vasitəsilə İtaliyanın cənub sahillərinə çatır. TAP Cənub-Şərqi Avropa ölkələrini qazla təchiz edəcək. TAP-ın Yunanıstan və Albaniyadakı çıxışları və İtaliyanın sahilinə çıxışı Azərbaycan qazının geniş Avropa bazarlarına tədarükü üçün çoxsaylı imkanlar açır. Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi TAP Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıyır və yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir.

TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın diversifikasiyasında, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rol oynayır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər