17 Noyabr 2020 19:43
1 248
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev işğaldan azad olunmuş Cəbrayıl şəhərinə səfəri zamanı bildirib ki, düşmən ərazidə salamat bina qoymayıb, evlər, ictimai binalar, məktəblər, hamısı sökülüb. Ölkə başçısı qeyd edib ki, buna görə işğalçı Ermənistanın beynəlxalq məhkəmələrdə cavab verəcək: “Beynəlxalq qurumlar, ekspertlər gələcək. 30 il ərzində Azərbaycana vurulan bütün ziyan hesablanacaq və onlara qarşı təzminat davası açılacaq. Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək”.

İqtisadçı-ekspert Rəşad Həsənov Teleqraf.com-a sözügedən məqamlarla bağlı müsahibə verib.

Onunla müsahibəni təqdim edirik:

- Rəşad bəy, Azərbaycana dəymiş ziyanın hesablanması üçün, sizcə, kimləri ölkəyə dəvət etməliyik?

- Bu istiqamət üzrə dünyanın fərqli yerlərində fəaliyyət göstərən və müəyyən təcrübə əldə etmiş təşkilatlar var. Hər halda ekspertlərlə yanaşı, müəyyən humanitar təşkilatların, eləcə də BMT-nin ayrı-ayrı strukturlarının nümayəndələri bu prosesdə iştirak etməlidir. Qiymətləndirmə, iddianın qaldırılması və təzminatının tələb olunması o qədər də asan baş verməyəcək.

Əsas məsələ qiymətləndirmənin şəffaf və reallığa uyğun aparılması və beynəlxalq məhkəmədə sübuta yetirilməsidir. Daha yaxşı olar ki, Avropa Məhkəməsinin bu istiqamət üzrə peşəkarlaşmış mütəxəssisləri, BMT-nin, eyni zamanda UNESCO və İSESKO-nun, Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təmsilçiləri dəvət olunsun.

Beynəlxalq təşkilatların əksəriyyətinin nümayəndələrinin iştirakı təmin edilməklə böyük bir komissiya yaradılsa, daha yaxşı olar. Bu, bizim gələcək məhkəmə proseslərində iddialarımızın əsaslı olmasına yardım göstərər, daha asan nəticələr əldə etməyimizə geniş imkanlar açar.

- Maraqlıdır, dəymiş zərərin qiymətləndirilməsi hansı formada olacaq? Yəni, dolların işğal tarixlərindəki məzənnəsi iləmi, yoxsa hesablanma aparılan zamandakı məzənnə ilə?..

- Əgər real zərərin hesablanmasından söhbət gedirsə, burada dolların alıcılıq gücünün nəzərə alınması çox vacibdir. Təxminin 1995-ci ildə BMT-nin qiymətləndirməsi var idi ki, işğal zamanı Azərbaycanda mülkü əhaliyə və dövlətə dəyən zərər 55 milyard dollardır. Amma 1995-ci illə müqayisədə bu gün ABŞ-da dolların alıcılıq gücü 117 faiz azalıb. Bu faktorlar diqqətdən qaçırılmamalıdır.

Təbii ki, hesablamalar dollarla aparılmalı, bu zaman dolların alıcılıq gücünün aşınması məqamı da nəzərə alınmalıdır. Burada təkcə birbaşa dəyən ziyan yox, dolayısı ilə dəyən bütün zərərlərin ödənilməsi məsələsi də öz əksini tapmalıdır. Faktiki olaraq əmlakın, infrastrukturun dağıdılması, flora və faunanın məhv edilməsi, yeraltı və yerüstü sərvətlərin istismarı nəticəsində dəyən zərərlər var.

Bir də dolayı dəyən zərərdən söhbət gedir. Torpaqların 30 il Azərbaycan iqtisadiyyatından kənarda qalmasının vurduğu ziyanı gözdən qaçırmaq olmaz. Bu, ölkə ərazisinin 20 faizinin ümumi daxili məhsul (ÜDM) istehsalı prosesindən kənarda saxlanması deməkdir. Bütün bunlar hesablanarkən orada yarana bilən ÜDM-in ölkə iqtisadiyyatının artım dinamikasına hansı təsir göstərə biləcəyi effekti, həmçinin 1 milyon məcburi köçkünün həyat tərzinə dəymiş mənəvi zərər, onların Azərbaycanın digər hissələrində əmək bazarında yaratdıqları təzyiqlərin spektri ölçülməlidir.

Yəni bu, çoxfunksiyalı bir qiymətləndirmədir. Əminəm ki, bənzər yanaşmalar ortaya qoyulsa, təxminən 1-1.5 trilyon dollarlıq zərərdən söhbət gedir.

2017-ci il üçün ümumi qiymətləndirmə təxminən 820 milyard dollar idi. Burada mədəniyyət abidələrinin istismarı və onun dağıdılmasından yaranmış zərərlər də nəzərə alınmışdı. Amma bu, dəyişən bir göstəricidir. Son işğaldan azad etmə prosesində qarşı tərəfin nümayiş etdirdiyi davranışlar sayəsində mülki əhalimizə xeyli zərər dəyib. Böyük şəhərlərə raketlər atılıb ki, bunun da həm biznesə, həm dövlət infrastrukturuna, həm də mülki əhaliyə zərərləri var. Hətta məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi üçün tikilmiş binalara da zərər dəyib.

Təbii ki, 90-cı illərin dolları ilə bu günün dolları eyni deyil. Tutaq ki, Avropa Məhkəməsi 2021-ci ildə müəyyən edilmiş 1 trilyon dollarlıq təzminatın 100 il ərzində Azərbaycana ödənilməsinə dair qərar qəbul edir. Bəllidir ki, hətta Ermənistan dövlət büdcəsinin 20 faizini bu məqsədlə ayırsa belə, bu həcmdə təzminatı nəinki 100 ildə, heç 1200-1300 il ərzində ödəməyə gücü yoxdur. Amma bu addım mütləq atılmalıdır. Bundan gələcəkdə Ermənistanın bölgədə yenə bu kimi axmaq düşüncələrə qapılmaması üçün təzyiq aləti kimi də istifadə olunmalıdır.

Dəyən ziyan dolların illik alıcılıq gücü nisbətində Dünya Bankı və Beynəlxalq Valyuta Fondu tərəfindən aparılan qiymətləndirmələrinin nəticələrinə uyğun əmsallaşdırılıb ödənilməlidir. Bu, uzunmüddətli dövrdə Ermənistanın təzyiq altında saxlanması üçün müəyyən əsaslar yaradır.

- Ermənistanın bu təzminatı ödəməkdən imtina etmək imkanı varmı?

- Ümumiyyətlə, Ermənistan beynəlxalq hüququ o qədər də tanıyan dövlət deyil. Bu günə qədər qarşıya qoyulan öhdəliklərə əməl etməyib. Ermənistanın bu təzminatı ödəməkdən imtina etmək ehtimalı var. Amma bu, beynəlxalq hüquqla Ermənistanın izolyasiya olunmasına gətirib çıxarda bilər.

Bu seçim Ermənistana beynəlxalq təşkilatlarda fəaliyyətinin bolklanmasına, borclanma imkanlarının məhdudlaşdırılmasına, hətta tamamilə qadağan edilməsinə və bir sıra beynəlxalq təşkilatlardan çıxarılmasına gətirə bilər. Bu, prosesin hansı istiqamətdə inkişaf edəcəyindən asılı olacaq.

Ola bilsin ki, bölgədə dayanıqlı sülhün təmin edilməsi ilə bağlı “Peace Bulding” prosesi başlayacaq. Ola bilsin ki, bu proses çərçivəsində Azərbaycan hansısa formada Ermənistana güzəştə gedəcək. Amma bunu indidən demək mümkün deyil.

Bir şeyi vurğulamaq lazımdır ki, təzminat məsələsi mütləq qaldırılmalı və proses udulmalıdır. Burada pul məsələnin bir tərəfidir. Təbii ki, Qarabağın bərpası üçün Azərbaycana kifayət qədər böyük həcmdə vəsait lazımdır. Amma oradan köçmək məcburiyyətində qalan hər bir şəxsin 30 ildə yaşadıqlarını heç nə ilə kompensasiya etmək olmaz. Bir sözlə, bu zərərin qiyməti yoxdur.

Prosesi bir təzyiq vasitəsinə çevirmək məsələnin vacibliyini artırır. Bu, bənzər fikirdə olan dövlət və icmalar üçün də tarixi bir dərs olar.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər