24 Noyabr 2020 17:47
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qlobal maliyyə bazarlarında müsbət əhval-ruhiyyə var. Bunun əsas səbəbi vaksinlə bağlı informasiyalardır”.

Bunu Teleqraf.com-a iqtisadçı-ekspert Elman Sadıqov deyib.

İqtisadçının fikrincə, hazırda neftin qiymətində artım, qızıl və digər qiymətli əmtəələrdə isə düşüş var: “Dünya bazarında Azərbaycan iqtisadiyyatı üçün önəmli olan neftin qiymətidir. Hazırda Brent markalı neftin bir bareli 46 dollar civarında tədarük olunur. Bunun da əsas səbəbi peyvəndin yaxın vaxtlarda tətbiqinə başlanması ilə bağlı məlumatları bazarın müsbət qəbul etməsidir. Əgər vaksin öz effektini göstərərsə, yaxın vaxtlarda dünya iqtisadiyyatında canlanma olacaq, neftə tələb də artacaq. Nəticədə neft bahalaşacaq ki, bu da Azərbaycan iqtisadiyyatına birbaşa müsbət təsir edən amillərdəndir.

Dünya birjalarında səhmlərin qiymətləri də artır. Bəzi investorlar vaksin haqqında məlumatları həddindən artıq pozitiv qəbul ediblər. Hətta o qədər pozitiv ki, sanki dünya əhalisinə vaksin tətbiq olunur və bir ay ərzində dünyadan pandemiya çəkilib gedəcək. Doğrusu, bu müsbət əhval-ruhiyyə narahatedici məqamlardan biridir”.

Analitik qeyd edib ki, Azərbaycan yeni müharibədən çıxıb: “2020-ci il ərzində Azərbaycanda pandemiya xüsusilə orta və kiçik sahibkarlığa zərər vurub. Hesab edirəm ki, bu zərərlərin ölçülməsi, əhatə dairəsi və digər statistik məlumatlar ilin sonuna kimi hesablanacaq. Hələlikdə büdcə daxilolmaları və vergi yığımlarında böyük problemlər yoxdur. Büdcə yığımları öncədən nəzərdə tutulduğu şəkildə davam edir.

Ölkəmizdə ərzaqla bağlı sahələr iqtisadiyyatda nisbətən ağırlıq təşkil edir. Pandemiya dönəmində bu sahələr bağlanmadı, yəni əhali davamlı olaraq ərzaq istehlakı ilə təmin olundu. Bundan əlavə, tikinti materialları bazarında da kəskin çöküşə şahid olmadıq.

Dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bəzi ölkələrində qiymətlər sabit qaldı, bəzilərində nisbətən aşağı düşdü, bəzilərində isə daha kəskin enmələr oldu. Azərbaycanda isə kəskin enmələr müşahidə olunmadı. Nəticə etibarilə bu da şirkətlərə öz təsirini göstərdi. Bu dönəmdə Azərbaycan hökumətinin iş yerləri ilə bağlı məsələlərə həssas davranışı da müsbət nəticələr verdi. İş yerlərinin qalması, maaşların, sosial paketlərin, eləcə də digər təqaüd və ödənişlərin yerinə yetirilməsi əhalidə istehlak səviyyəsini saxladı. Davamlı olaraq tələbatın və istehlakın saxlanılması şirkətləri öldürücü zərbədən yayındırdı.

Burada ən çox zərər çəkən sahələrə turizm, daşımaçılıq xidmətləri, eləcə də mollar və digər orta sahibkarlıq subyektlərini misal göstərmək olar”.

Elman Sadıqovun qənaətincə, neftin qiymətinin 45 dollar ətrafında qalması Azərbaycan iqtisadiyyatına müsbət təsir edən amillərdən hesab olunur: “Bu qiymət bizim tədiyyə balasında çox həssas rəqəmdir. Nəzərə alsaq ki, pandemiya səbəbindən sərhədlər bağlıdır və dollara olan tələb aşağıdır, bu, bizə bazarda müəyyən manevrlər imkanı verir. Prosesin cari ildə belə davam edəcəyini düşünürəm. Bundan sonra il ərzində verilən fərman və sərəncamların dekabr ayı da daxil olmaqla daha çox 2021-ci ilə aid olacağını düşünə bilərik.

Hesab edirəm ki, ölkəmiz 2021-ci ilin mart, aprel aylarından sonra daha qaynar fəaliyyətə başlayacaq. Gələn peyvənd xəbərlərinə inansaq, bu dövrdə pandemiya nisbətən azalacaq”.

Analitik ümumilikdə 2021-ci ildə Azərbaycanda iqtisadi aktivliyin yüksək olacağını düşünür. O, bunu istehlakın yüksək olması ilə əlaqələndirib: “İşğaldan azad olunan ərazilərdə iqtisadi fəaliyyət 1 il ərzində bərpa oluna bilməz. Bu, mümkün deyil, amma hər halda həmin ərazilərdə müəyyən quruculuq işləri gedəcək. Xüsusilə böyük şəhər və rayon mərkəzləri arasında yollar çəkiləcək, infrastruktur yenidən bərpa olunacaq. Bu da Azərbaycanda infrastruktur xərclərini artırır. Paralel olaraq həmin istiqamətdə yeni iş yerləri yaradılacaq ki, bu da ümumi daxili məhsula (ÜDM) öz təsirini göstərəcək.

Gələn ilin mart-aprel ayına qədər dünya bazarlarında neftin qiyməti 40 dollardan aşağı düşməsə, Azərbaycanın tədiyyə, ticarət balansına və milli valyutasına olan təzyiq çox yüksək olmayacaq. Ölkənin büdcə daxilolmaları plana uyğun getdiyi üçün hökumət rahat şəkildə sosial öhdəliklərini yerinə yetirəcək. 2021-ci ildə ticarət, gömrük taarifləri və digər sahələrə daha önəmli addımlar atılacaq. Hesab edirəm ki, ölkə iqtisadiyyatı bu templə 3-4 ay davam edəcək. Çünki pandemiyaya görə daha çox ehtiyatlı addım atılacaq. İqtisadiyyatın böyük zərər görməməsi prioritet olacaq. Bundan sonra bir çox sahələrdə daha əhatəli addımlar atılacaq”.

Ekspert deyir ki, Qarabağda iqtisadi inkişaf, rifah halı daha yüksək olmalıdır: “İşğaldan azad olunmuş ərazilərdə məskunlaşma vacib məqamlardan biridir. Bu, həmin rayonlarda həm dövriyyəyə, həm də iqtisadi inkişafa ciddi təsir edir. Qarabağın tam bərpası üçün nə qədər vəsaitin lazım olması nisbi məsələdir. Çünki burada məskunlaşmanın necə olacağı bəlli deyil.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) nümayəndəsi deyir ki, ərazilərin minalardan təmizlənməsi üçün 13 il vaxt lazımdır. Açığı, 13 il müddətin göstərilməsi bir qədər absurddur. Bu məqsədlə xaricdən mütəxəssisləri prosesə cəlb etmək və əlavə dəstək almaqla daha qısa vaxtda müsbət nəticəyə nail olmaq olar. Ola bilsin ki, ANAMA-da mütəxəssis çatışmazlığı var, bu səbəbdən belə deyilir. Hər bir halda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinə 4-5 il vaxt lazımdır. Hesab edirəm ki, sürətli döyüş yolu ilə işğaldan azad etdiyimiz kənd və rayonlarımızda minalanma aşağı səviyyədədir. Bu ərazilərdə iqtisadi inkişafı daha sürətlə bərpa edə bilərik. Boşaldılması üçün işğalçılara verdiyimiz vaxt həmin ərazilərdə minalanmış yerlərin artacağı ehtimalını da artırır.

Ümumiyyətlə, Qarabağda iqtisadi bərpa üçün lazım olan vəsait bir çox amillərdən asılıdır. Ərazilərin minalardan təmizlənmə sürəti, dəymiş zərərin hesablanması, məskunlaşma, həmin ərazilərdə əhaliyə evlərin tikilməsində dövlətin rolunun nədən ibarət olacağı kimi məsələlər hələlik bəlli deyil. Dövlət o ərazilərdə infrastruktur layihələrini həyata keçirəcək. Amma orada biznesin nə dərəcədə inkişaf edəcəyini, hansı formada olacağını indidən demək tezdir. Əgər ANAMA rayonların minalardan təmizlənməsini elan etməsə, oraya kim investisiya yatırar və ya kim gedib yaşayışa başlayar?!

Onu da qeyd edim ki, Ermənistan Qarabağda vurduğu ziyana görə təzminat ödəməlidir. Ermənilər əraziləri tərk edərkən işıq dirəklərini məhv ediblər, naqilləri belə söküb aparıblar. Hələ meşələrə, təbii sərvətə vurulan zərəri demirəm”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər