Dünya turizm sənayesi COVID-19 epidemiyasının baş verməsi səbəbindən 2020-ci ili 3 trilyon dollar zərərlə başa vurmağa hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bunu Dünya Turizm Forumu İnstitutu (World Tourism Forum Institute) açıqlayıb.
11 ölkənin turizm nazirinin iştirakı ilə təşkil edilən Qlobal Turizm Forumunda İnstitutun rəhbəri Bulud Bağcı bildirib ki, epidemiyaya baxmayaraq, Forum həm qlobal turizm, həm də qlobal tədbirlər təşkil etmək baxımından ekosistemə əhəmiyyətli töhfə verib:
"Qlobal turizm sənayesi COVID-19 epidemiyası səbəbiylə 2020-ci ili 3 trilyon dollar zərərlə bağlamağa hazırlaşır. Gələn il peyvənd işləri, eləcə də yeni nizam və uyğunlaşma ilə bu itkinin azalacağını və 1 trilyon dollar olaraq reallaşacağını gözləyirik. 2022-ci ildə dünya turizm sənayesi zərərlərini bağlayacaq və 2019-cu ildə nail oluğu iqtisadi ölçünün 25 faizinə çatacağını gözləyirik".
Avropa Parlamentinin prezidenti David Mariya Sassoli turizmin Avropanın ən böyük gəlir mənbəyi olduğunu və ötən il ümumi məşğulluğun 11,2 faizinin bu sektorun payına düşdüyünü vurğulayıb:
“Turizm Avropa İttifaqının ümumi daxili məhsulunun 9,5 faizini təşkil edir. Dünya Turizm Təşkilatına görə, 2030-cu ilədək 41,1 faiz nisbətində qlobal bir bazar olacaq. Turizm Avropanın sosial-iqtisadi inkişafında əsas rol oynayır. Bütün bu rəqəmlərin xaricində insanlar mədəni irsi qorumalıdır. Avropa İttifaqının güclü əməkdaşlıq yolu ilə davamlı iqtisadi böyüməyə nail olması lazımdır.
Bunun üçün də Avropa İttifaqı ölkələr arasında vətəndaşların ehtiyac və tələblərinə uyğun olaraq yeni turizm və səyahət qaydaları yaratmalıdır”.