“Zəngəzur dəhlizinin açılması türk dünyasının birləşdirilməsi və regionda əməkdaşlıq üçün yeni imkanlar yaratması baxımdan vacib olmaqla, bölgədə davamlı sülhün qorunub saxlanması aspektindən də mühümdür”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən konfransda Prezident İlham Əliyevin fikirlərinə diqqət çəkib. O qeyd edib ki, Prezident müzakirələrində Zəngəzur dəhlizinin açılmasının bütün region ölkələri üçün yeni imkanlar yaradacağını bildirib:
“Regionun kifayət qədər iqtisadi potensialı var və bu regional dəhlizlərin əhəmiyyətini daha da artırır. Daha geniş anlamda region ölkələrdən Türkiyə və Rusiya Böyük İyyirmiliyə üzv olan ölkələrdir. İran regionun aparıcı ölkələrindən hesab olunur. Cənubi Qafqazın isə dayanıqlı sülh kontekstində inkişaf prespektivləri yüksək qiymətləndirilir. Söhbət 3 milyard dollarlıq Ümumi Daxili Məhsulu (ÜDM) olan region ölkələrinin Zəngəzur dəhlizindən istifadəsindən gedir.
Rusiya 1.7 trillion, Türkiyə 761.4 milyard, İran 454 milyard, Azərbaycan 48.05 milyard, Gürcüstan 17.48 milyard və Ermənistan 13.67 milyard dollarlıq ÜDM-ə malikdir. Digər tərəfdən, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək.
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də, Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq.
Bütün bunlar fonunda Zəngəzur dəhlizi regionda kommunikasiyalarından bərpasında həlledici layihələrdən hesab olunur. Bölgədə dayanıqlı inkişaf və sülh üçün isə regionda kommunikasiyaların bərpası qaçılmazdır”.