9 Sentyabr 2021 17:49
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal neft bazarında qiymətlərin artması prosesi davam edir. Hazırda dünya bazarında “Azeri Light” (CIF) markalı neft 73,12 dollara satılır. Bu isə büdcə qiymətindən təxminən 33 dollar yuxarıdır. Azərbaycanın 2021-ci il büdcəsində bir barel neftin qiyməti 40 dollardan götürülüb.

İlin sonuna qədər neft proqnozlarının pozitiv olması gözlənilir. Üçüncü rübü başa vururuq. Bir rübə görə bu il büdcəyə yenidən baxılması gözlənilmir. Artıq 2022-ci ilin büdcəsi müzakirə olunur. 2022-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 45 ABŞ dollarına bərabər götürülüb.

Beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru, enerji eksperti Emin Axundzadə Teleqraf.com-a bildirib ki, gələn il üçün neftin bir barelinin 45 dollardan nəzərdə tutulması kifayət qədər real qiymətdir: “Büdcə ilə bağlı proqnoz verərkən bazardakı tələb və təklif arasındakı dinamikaya baxılır. Həmçinin qlobal iqtisadi vəziyyət təhlil edilir və proqnoz verilir. 2021-ci ildə avqust ayının sonuna qədər “Brent” markalı neftin orta satış qiyməti 66 dollardan çox olub. Bu o deməkdir ki, 2021-ci il üçün nəzərdə tutulmuş qiymətlərdən təqribən 65 faiz yuxarı ticarət olunub. Cari ilin yanvar ayında neft təqribən 54 dollar ətrafında ticarət olunurdu, növbəti aylarda qiymətlər yenidən artmağa başladı”.

Ekspert deyir ki, ötən il pandemiya səbəbindən sərt karantin rejimlərinin tətbiqi qlobal iqtisadiyyatda ciddi problemlər yaratdı: “Sənaye obyektlərinin bir çoxu fəaliyyətini məhdudlaşdırdı, bəziləri də tamamilə dayandırdı. Bu da təbii olaraq neftə olan tələbatın ciddi azalması ilə nəticələndi. Bundan əlavə, mart ayında “qiymət savaşları” fonunda bazarda hədsiz dərəcədə bolluq yarandı. Buna görə də tələb və təklif arasında gündəlik 35 milyon barelə qədər disbalans meydana gəldi. Bu da neft ehtiyatlarının qlobal miqyasda artımı ilə nəticələndi.

Hazırda qlobal səviyyədə sərt karantin tədbirləri yumşaldılır, iqtisadi aktivlik yenidən bərpa olunur. Peyvəndləmə işləri sürətli şəkildə həyata keçirilir. Ölkələr artıq pandemiya ilə yaşamağın vacibliyini qəbul edir. Bütün bunlar öz növbəsində qlobal iqtisadi aktivliyi artırır. Məsələn, ABŞ-da işsizlik rəqəmləri 5,9 faizə qədər aşağı düşüb, bunun növbəti ildə 5.5 faizə qədər azalması gözlənilir.

İşsizliyin azalması, əvəzində məşğulluğun artması iqtisadi aktivliyi artırır. Avqust ayında Çinin xarici ticarət həcmi 29 faiz, ixrac həcmi isə 26 faiz artıb. Nəzərə alsaq ki, Çin dünyanın ən böyük ixracatçısıdır, bu, qlobal ticarətdəki canlanmanı və iqtisadi aktivliyin yüksəlməsini göstərir.”

Emin Axundzadənin müşahidələrinə görə, dünyada anbarlarında saxlanılan neft ehtiyatlarında kəskin azalmalar var: “İzafi neft həcmləri qiymətlərə təzyiq göstərən faktorlardan biridir. İndi pandemiyadan əvvəlki səviyyənin altına düşüb. Məsələn, ötən həftə dünyada nefti ən çox hasil edən ABŞ-da izafi neft ehtiyatları 2019-cu ilin sentyabr ayından etibarən ən aşağı səviyyəyə düşdü. Ardıcıl olaraq 5 həftədir ki, bu azalmanı müşahidə edirik.

ABŞ-ın neft hasilatında ciddi artım müşahidə olunmur. ABŞ-da aktiv neft qazma qurğularının sayı ciddi şəkildə artır. Bu da yaxın perspektivdə neft hasilatının artımını bir qədər dəstəkləyə bilər. Amma Amerikada neft hasilatında kəskin artım gözlənilmir. Pandemiyadan əvvəl ABŞ-da gündəlik neft hasilatı 13,1 milyon barel olubsa, hazırda bu göstərici 11,5 milyon bareldir. Cüzi artımın səbəblərindən biri ABŞ Administrasiyasının yaşıl enerjiyə keçid strategiyasına üstünlük verməsidir. Dövlət əvvəlki kimi yeni neft sahələrinin araşdırılmasına investisiya qoymaqda maraqlı deyil. Çünki, şist neft hasilatı ətraf mühitə əhəmiyyətli dərəcədə zərər verir.

Beləliklə, dünyanın bir çox inkişaf etmiş ölkələrində, o cümlədən ABŞ-da karbon qiymətləri ciddi şəkildə artıb və bu tendensiyanın bundan sonra da davam edəcəyi gözlənilir. Bu səbəbdən, artıq Amerikadakı neft şirkətləri ucuz və uzunmüddətli kreditləri təmin etməkdə çətinlik yaşayır. Bunun əsas səbəbi maliyyə institutlarının uzunmüddətli və aşağı faizli kreditləri təklif etməməsidir”.

Analitik beynəlxalq enerji təşkilatlarının hesabatına istinadən qeyd edir ki, 2022-ci ildə gündəlik neft tələbatı 100 milyon barel ətrafında olacaq: “OPEC-in proqnozuna görə, gələn il neftə olan tələbat 100 milyon bareli ötəcək. OPEC hesab edir ki, anbarlarda saxlanılan neft ehtiyatlar növbəti 4 ay ərzində gündəlik 825 min barel azalacaq. Çünki tələbin artması müqabilində hasilat da ciddi şəkildə artmırsa, anbarlardakı ehtiyatların azalması qaçılmaz olur.

Əgər qeyri-adi bir vəziyyət baş verməzsə, növbəti aylarda da neft 65-75 dollar diapozonunda ticarət edilməyə davam edəcək. Bu nöqteyi-nəzərdən gələn il üçün neftin büdcə qiymətinin 45 dollardan götürülməsi kifayət qədər realdır. Neft qiymətləri baxımından 2021-ci il Azərbaycan üçün olduqca uğurlu olub. 2022-ci ildə də mövcud vəziyyətin davam edəcəyini düşünürəm. Neft qiymətlərinin artması Azərbaycan üçün əlavə imkanlar da yaradır. Ölkənin təbii qaz qiymətləri neftə indeksli olaraq müəyyənləşdiyinə görə, “qara qızıl”ın qiymət artımı mavi yanacağın da qiymət artımını şərtləndirir. Son dövrlərdə təbii qaz ixracında da kəskin artım müşahidə edilir. Bu da mavi yanacaqdan əldə etdiyimiz gəlirlər baxımından olduqca əhəmiyyətlidir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər