"Dövlət Neft Fondu və ARDNŞ-in gəlirləri azalacaq!"
Dünya bazarında Brent markali neftin hər barelinin qiyməti bu gün 81,2 dollaradək ucuzlaşıb. Qiymətin ucuzlaşmasını şərtləndirən başlıca amillərə ABŞ-ın şist neftinin istehsalına başlaması (proqnozlara görə bu ölkədə ehtiyatlar 2 trilyon bareldən çoxdur), iri heft hasilatçılarından Səudiyyə Ərəbistanı, Venesuela, İran, Liviya, Nigeriya və digərlərinin hasilatı artırması (sentyabr ayında hasilat son 13 ayda ən yüksək səviyyəyə qalxıb) və tələbatın ən aşağı səviyyədə olması (2009-cu ildən indiyə qədərki dövrə ən aşağı istehlak qeydə alınıb) daxildir. Neftin qiymətinin yaxın günlərdə 80 dollardan da aşağı düşəcəyi və bu prosesin gələn ilin ikinci yarısınadək davam edəcəyi gözlənilir. Analitiklər 80 dolları psixoloji hədd adlandırırlar. Onların bəzilərinin fikrincə, qiymətlər 60 dollaradək ucuzlaşa bilər.
İqtisadçı ekspert Qubad İbadoğlunun sözlərinə görə, dünya bazarında Azərbaycan neftinin də qiymətinin sürətlə ucuzlaşması ilk növbədə Dövlət Neft Fondunun büdcəsinin həm bu il və həm də gələn il üçün gəlirlərinin azalmasına və Fonddan maliyyələşən strateji layihələrlə bağlı öhdəliklərin icra səviyyəsinin aşağı düşməsinə gətirib çıxaracaq: "İkincisi, bu dəyişiklik növbəti ilin dövlət büdcəsinin xərclər hissəsində bəzi korrektələri şərtləndirəcək və büdcəyə transferlərin eyni səviyyədə saxlanılması Fondun aktivlərinin azalmasına səbəb olacaq. Nəhayət bu prosesdən ən çox təsirlənən Dövlət Neft Şirkəti olacaq. Şirkətin mənfəətinin azalması, onun dövlət büdcəsi, digər təşkilatlar və hətta ölkələr qarşısında öhdəliklərinin icra səviyyəsinə mənfi təsir göstərəcək. İlkin müşahidələr göstərir ki, məcburi ödənişlərinin artırılması fonunda hazırkı vəziyyətdən ən çox əziyyət çəkənlər sahibkarlardır. Fikrimizcə, neftin ucuzlaşmasına görə valyuta gəlirlərinin azalması və rus rublunun dəyərsizləşməsi fonunda baş verənlərin psioxoloji təsirlərindən sığortalanmaq üçün Azərbaycan manatının məzənnəsinin sabitliyinin təminatına yönələn preventiv tədbilər gücləndirilməli və dövlət maliyyəsinin idarəolunması üçün neftin hazırkı qiymətinə uyğun gələn orta və eyni zamanda pessimist, eləcə də optimist ssenarilər işlənilməlidir".
Toğrul