18 Oktyabr 2021 16:59
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Füzuli rayonu artıq yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə bərpa və yenidənqurmadan sonra Füzuli rayon iqtisadiyyatının ölkə iqtisadiyyatına reinteqrasiyası həyata keçiriləcək”.

Bunu Teleqraf.com-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat rayonda yeni istifadəyə verilmiş beynəlxalq hava limanının üstünlüklərindən də danışıb: “Ötən dövr ərzində Füzuli Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi yalnız Füzuli rayonu üçün deyil, bütövlükdə işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının reallaşmasına xüsusi töhfə verəcək. Nəzərə alsaq ki, işğaldan azad olunmuş ərazilərimizin böyük iqtisadi potensialı var və həmin potensialın reallaşması üçün də infrastruktur, eləcə də nəqliyyat və logistikanın inkişafı çox vacib idi. Bu kontekstdən artıq işğaldan azad olunan rayonlarda və Füzuli rayonunda yeni mərhələnin başlamasını müşahidə edirik”.

Vüqar Bayramov onu da qeyd edib ki, rayonun Dövlətyarlı kəndində “Ağıllı kənd” konsepsiyası əsasında böyük yaşayış məntəqəsi inşa ediləcək: “Burada “Ağıllı kənd” prinsipinə uyğun olaraq vətəndaşlarımızın mənzil təminatı, onların sosial obyektlərə, o cümlədən xəstəxana və məktəblərə yaxın yerdə məskunlaşması, eləcə də bütün kommunal xidmətlərlə, həmçinin yüksək sürətli internetə çıxış imkanları ilə təmin olunması nəzərdə tutulur. Bu, işğaldan azad olunmuş ərazilərimizə tətbiq edilən modelin bir elementidir.

“Ağıllı kənd” layihəsi beş kəndi birləşdirir və ümumilikdə 750 evin tikintisi nəzərdə tutulur. Bu, Füzuli rayonunda yaradılacaq birinci yaşayış mərkəzi olacaq.

“Ağıllı kənd” konsepsiyası həm də məşğulluğun təmin olunması baxımından vacibdir. Çünki həmin ərazilərdə məskunlaşacaq vətəndaşlarımız eyni zamanda işlə təmin olunacaq. Bu kontekstdən yeni “Ağıllı kənd”in salınması, yaşayış məntəqəsinin məhz “Ağıllı kənd” prinsipi əsasında növbəti dövrdə istifadəyə verilməsi digər kəndlərin də həmin prinsipə uyğun olaraq formalaşmasına imkan verəcək. Bu baxımdan Füzuli şəhəri və eləcə də rayonun kəndləri işğaldan azad olunduqdan sonra yeni “Ağıllı kənd” və “Ağıllı şəhər” prinsipinə uyğun olaraq yaşayış məntəqələrinin salınması, həmin ərazilərdə məskunlaşacaq vətəndaşların işlə təminatı və məşğulluğun tam təmin olunması prioritetdir. Nəticədə bu rayonun potensialını daha qısa zamanda reallaşmasına imkan verəcək”.


Müəllif: Yeganə Oqtayqızı