Son üç ayda fiziki şəxslər “Günay Bank” ASC-də onlara məxsus depozitləri geri çəkiblər. 2021-ci il üzrə maliyyə nəticələrinə əsasən, III rübdə fiziki şəxslərin 80.67 milyon manatlıq depozitləri IV rübdə 64 milyon manata düşüb. Bu da son üç ayda fiziki şəxslərin depozitlərinin 16.67 milyon manatının, yaxud 21%-nin geri çəkilməsi deməkdir.
Fiziki şəxslərin vəsaitləri “Günay Bank”ın depozitlərinin 68.4%-ni formalaşdırır. Bu vəsaitlərin azalması da ümumi depozit portfelinin 103.02 milyon manatdan 93.56 milyon manata düşməsinə səbəb oldu (hüquqi şəxslərin depozitlərinin artımına rəğmən). Bankın depozitlərinin cəmi 29.56 milyon manatı hüquqi şəxslərin vəsaitləridir.
Cari ilin yanvarın 1-nə olan məlumata görə, “Günay Bank”ın öhdəlikləri 190.85 milyon manat olub. Bankın aktivləri son bir ildə 245.04 milyon manatdan 256.47 milyon manata yüksəlib. Bank 2021-ci ildə öncəki illə təqribən eyni – 409.61 min manatlıq xalis mənfəət əldə edib. Bankın kredit portfeli də 10,389 milyon manat və yaxud 5% artaraq 203,489 milyon manata çatıb.
Maraqlıdır, bankın əmanəti azaldığı halda ili mənfəətlə başa necə vurur?
Hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Teleqraf.com-a bildirib ki, sözügedən bankın əmanətlərinin 21 faizdən çoxu geri çəkilib.
Ekspert deyir ki, bank ictimailəşdirdiyi illik hesabatında əmanətlərinin geri çəkilməsini təkzib etmir: “Bankın hesabatına inansaq, ötən ili mənfəətlə başa vurub. Yəni bankın əmanətləri azala bilər, amma bununla belə ili uğurla başa vura bilər. Bank bir maliyyə vasitəçisidir və bir qrup şəxsdən aşağı faizlə pulu cəlb edir, yuxarı faizlə də kredit verir. Banklar ya vətəndaşların əmanətindən, ya şirkətlərin vəsaitlərindən, yaxud da Mərkəzi Bankdan kredit götürməklə pul cəlb edir. Ola bilər ki, əmanətlər azalıb, amma şirkətlərin pulu çoxalıb. Həmin əmanətlərin çəkilməsi bank üçün problemli olmayıb. Bu məlumatlar bankın pis vəziyyətdə olmasına dəlalət etmir. Bəzi şəxslər kredit götürəndə banka girovu əmanət şəklində qoyur. Krediti bağlayanda da həmin əmanəti götürür. Yəni əmanətlərin azalmasında bu variantlar da mövcuddur.
Amma vacib məqam odur ki, “Günay Bank” çox kiçik bankdır. Adətən belə banklara “cib bankı” deyirlər. Onsuz da adıçəkilən bank digər iri banklar kimi, geniş əhali kütləsi ilə işləmir. Bu yalnız öz sahibinə və ona yaxın olan şəxslərə xidmət göstərən bir “cib bankı”dır. Başqa sözlə, sahibləri öz pullarını fırladır”.
Əkrəm Həsənov bankın ötən il ərzində 410 min manata yaxın mənfəəti olduğuna da diqqət çəkib: “Bu, bütövlükdə bank üçün çox az məbləğdir. Xatırladım ki, “ATA Bank” ASC 2020-ci ildə müflis olaraq ləğv edildi. Bağlanmadan əvvəl “ATA Bank” illik hesabatında çox cüzi məbləğ göstərirdi. Guya ili 400 min manat mənfəətlə başa vurub. Bank bağlanandan sonra məlum oldu ki, heç mənfəəti yox imiş, zərərlə işləyib. Sadəcə gözdən pərdə asmaq üçün bankın vəziyyətinin yaxşı olduğunu göstərirdilər.
Demirəm “Günay Bank”da da vəziyyət belədir. Ümumən deyim ki, “Günay Bank” üçün mətbuatda belə məsələlərin yazılması təhlükəli deyil. Çünki bu bir “cib bankı”dır və əhali qrupuna xidmət göstərmədiyi üçün heç kim də əmanətini geri çəkməyəcək. Dəfələrlə “Günay Bank”ın bağlanması ilə bağlı informasiyalar, müxtəlif qalmaqallı məlumatlar yayılıb. Amma bu bankın rəhbərləri daim Mərkəzi Bankla dil tapmağı bacarır. Ümumən “Günay Bank” Azərbaycanın ən uzun tarixi olan banklarındandır. Bu bank 1992-ci ildə yaranıb. Adətən belə bankların da Mərkəzi Bank rəhbərliyi ilə çox sıx münasibəti olur. Ona görə də belə banklar həmişə hər mənada dil tapırlar”.
Məlumat üçün bildirək ki, bankın adı yaxın keçmişdə depozitlə bağlı yaxşı hadisələrlə xatırlanmır. Ümumiyyətlə, bank ötən il və onda öncəki zamanlarda vəzifəli şəxslərin “qanunsuz əməlləri” ilə bağlı gündəmə gəlmişdi. Bankın 7 saylı filialının müdir müavini olmuş Rauf Hüseynovun işlədiyi müəssisənin yaxınlığında icarəyə ofis götürüb qanunsuz olaraq ayrı-ayrı şəxsləri işə cəlb etməklə müxtəlif fiziki və hüquqi şəxslərə məxsus ümumilikdə 53 milyon 933 min manat məbləğində pul vəsaitini özünün faktiki idarə etdiyi şirkətlərin bank hesablarına köçürərək rəsmi möhür və elektron imzalardan istifadə edib nağdlaşdırmasına və bununla da qanunsuz olaraq, xüsusilə külli miqdarda – 780 min 691 manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr yaranıb.
Bank bunun üstünü təkziblə ört-basdır etməyə çalışsa da, Azərbaycan Baş Prokurorluğu bildirdi ki, Rauf Hüseynov “Günay Bank” ASC-nin 7 saylı filialının müdir müavini vəzifəsində 20 fevral 2018-ci il tarixdən – 29 sentyabr 2021-ci il tarixədək çalışıb.
Qanunsuz əməllərlə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 15 sentyabr 2021-ci ildə Rauf Hüseynovun çalışdığı bankdakı xidməti otağına baxış keçirilmiş, aşkar edilmiş cinayət faktları ilə bağlı 16 sentyabr 2021-ci ildə cinayət işi başlanmış və yalnız bundan sonra, yəni 29.09.2021-ci ildə Rauf Hüseynov tutduğu vəzifədən azad olunub.