12 Fevral 2022 18:30
1 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə nəşr olunan “Financial Times” qəzetində “Türkiyə iqtisadiyyatının dayanıqlılığı ən pis qorxuları belə puç etdi” başlıqlı təhlil dərc olunub.

Teleqraf.com xəbər verir ki, yazıda Türkiyənin bütün iqtisadi çətinliklərə baxmayaraq ayaqda qala bildiyi vurğulanıb.

Yazının müəllifi Londonun “FIM Partners” investisiya şirkətində inkişaf etməkdə olan bazarlar üzrə baş investisiya məsləhətçisi Franses Balselsdir.

O xatırladıb ki, 2011-2013-cü illərdə türk lirəsinin dollar qarşısında dəyəri 2 lirəni keçərsə, iqtisadiyyatın çökəcəyi deyilirdi: “Dollar 2 lirəni keçəndə iqtisadiyyatın çökmə həddi 3-dən 5-ə yüksəldi. Hazırda dollar 13 lirədir, iqtisadiyyat hələ də ayaqdadır”.

İnvestisiya mütəxəssisi zaman keçdikcə həm bankların, həm də ev təsərrüfatlarının şoklara qarşı dayanıqlığının artdığını bildirib: “Bankların ev təsərrüfatlarına xarici valyutada kredit verməsini qadağan edilməsi dayanıqlılığa töhfə verir. Bu qadağa tənzimləyici qurumların ən böyük uzaqgörənliyi oldu. Türkiyənin kredit profili dəyişib və qeyri-sabit fond axınları xeyli azalıb.

Keçmişdə xaricilər Türkiyənin istiqraz bazarının təxminən 30 faizinə sahib idi. Hazırda bu nisbət 5 faizin altındadır, başqa sözlə, 3 milyard dollara düşüb. Türkiyə vətəndaşları isə ölkənin avrobondlarının demək olar ki, yarısına sahibdirlər”.

Barsels məqaləsində Türkiyənin xarici kredit qaynaqlarından asılı vəziyyətə düşdüyünü bildirir: “Türk şirkətlərini xarici borc zəncirinin ən zəif halqası kimi xarakterizə etmək olar. Amma hazırda yerli şirkətlər borc səviyyələrini azaldıb, müsbət və qısamüddətli valyuta ticarəti mövqeyinə daxil olublar”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər