18 Fevral 2022 09:23
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bazarda antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət məqsədilə yerli idxalçı müəssisələrə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib. Sorğulara əksər təsərrüfat subyektləri tərəfindən vaxtında cavab verilməsinə baxmayaraq, “Veysəloğlu” MMC tərəfindən Dövlət Xidmətinə heç bir sənəd və məlumat təqdim edilməyib. Bununla əlaqədar, Dövlət Xidməti “Veysəloğlu” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb.

Teleqraf.com-un sözügedən qanun pozuntusu ilə bağlı sorğusuna Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) cavab verib.

Bildirilir ki, Şirkətlər Qrupu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, həmçinin digər dövlət orqanları və media ilə şəffaf, səriştəli ünsiyyətə və əməkdaşlığa davam edir. Şirkətlər Qrupu hər zaman daxil olan sorğu və müraciətləri operativ və dolğun şəkildə cavablandırmağa hazırdır.

Sözügedən məlumatda zəruri sənəd və məlumatların təqdim olunması üzrə sorğuya vaxtında cavab verilməməsinə səbəb 2022-ci ilin yanvar ayından etibarən Qrupumuza aid şirkətlərdə sənəd dövriyyəsi ilə bağlı yeni proqram təminatının tətbiqi prosesindəki texniki ləngimələr olub.

Şirkətlər Qrupu göndərilən sorğuda tələb olunan məlumatların bir qismini 16 fevral tarixində təqdim edib. Şirkətlər Qrupu artıq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi cavab ünvanlayıb və yaxın gələcəkdə həmin sorğuda qeyd edilən digər suallara cavabı sənəd və məlumatlarla birgə təqdim etmək öhdəliyini götürüb.

Qeyd edək ki, Şirkətlər Qrupu olaraq, biz marketlərimizdə qiymət dəyişikliklərini şəffaf şəkildə göstərmək məqsədilə ən yüksək alıcı tələbatı olan məhsullar üzrə “Veysəloğlu Pərakəndə İndeksi”ni hər ay ictimaiyyət və maliyyə qurumları ilə paylaşırıq. Bu indeks alıcılıq qabiliyyətinin ölçülməsinə və müştərilərin aylıq məhsul alışı üçün büdcə planlamalarına imkan verir. Ölkə iqtisadiyyatına verdiyimiz dəyər, əhalinin ərzaq təminatı ilə bağlı missiyamız, sosial sahədə gördüyümüz işlər və məşğulluğun artmasına verdiyimiz töhfələr səmərəli və şəffaf fəaliyyətimizin bariz nümunəsidir.


Müəllif: Yeganə Oqtayqızı