30 Mart 2022 10:58
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünya ərzaq bazarında qiymət artımı son günlər sürətlənib. Artıq bir sıra ölkələr ərzaq qıtlığı ilə üzləşirlər. BMT ərzaq məhsullarının qiymətində növündən asılı olaraq 30 faizədək artım olacağı və qlobal yoxsulluğun dərinləşəcəyi barədə xəbərdarlıq edib. Müharibə 68 milyard 240 milyon dollarlıq illik ixracatı olan Ukraynanın eksport imkanlarını praktik olaraq minimumlaşdırıb. 332 milyard 200 milyon dollar illik ixracatı olan Rusiyanın bir sıra ərzaq məhsullarının yalnız daxili istehlaka yönəltməsi də qlobal bazarda təklifi azaldıb. Ərzaq tələb isə artmaqda davam edir”.

Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, əksər ölkələr preventiv addımlar atmağa başlayıb: “Azərbaycanda Nazirlər Kabinetinin 28 ərzaq məhsulunun ixracatının tənzimlənməsi ilə bağlı qərarı məhz önləyici məqsəd daşıyır. Doğrudur, söhbət sadəcə 88.3 milyon dollarlıq ərzaq ixracatından gedir. Bu, Azərbaycanın ümumi qeyri-neft ixracatının cəmi 3.3 faizini təşkil edir. Bu baxımdan, Nazirlər Kabinetinin son qərarı ümumi ixracata xüsusi təsir etməyəcək. Bununla yanaşı, qlobal və regional bazarlardakı qeyri-müəyyənlik fonunda preventiv tədbirlərin güclənməsi çox vacib idi”.

Vüqar Bayramovun fikrincə, Azərbaycanda ərzaq qıtlığı müşahidə edilməsə də, əsas ərzaq məhsullar üzrə idxaldan asılılığın tam və ya əsasən aradan qaldırılması daha prioritetləşib: “Digər tərəfdən, 2025-ci ilədək dünya bazarında ərzağa tələbin artmaqda davam edəcəyi gözlənilir. Hətta 3 il sonra qlobal bazarda daha ciddi qıtlığın olacağı istisna deyil. Bu baxımdan, xüsusən strateji ərzaq məhsulların yerli istehsalının genişləndirilməsi və işğaldan azad olunan ərazilərimizin potensialından daha qısa zamanda istifadəyə başlanılması çox önəmlidir.

Bütövlükdə dünya sadəcə qiymət artımları ilə deyil, həmçinin ərzaq qıtlığı ilə üz-üzədir. Hər bir ölkə bu mərhələdən daha az itki ilə çıxmağa çalışacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər