Süni intellekt dövrünə keçid edirik. Amma ənənəvi enerji mənbələrindən bütövlükdə imtina edə bilmərik. Bunun bir çox səbəbləri var. Yaşıl enerjiyə keçid bərpa olunan enerjidən istifadə, yeni texnologiyalara uyğun infrastruktur tələb edir. Bunu qurmaq üçün potensial və maliyyə resurları lazımdır. Azərbaycanda büdcənin böyük hissəsinin neft gəlirləri hesabına formalaşmasına baxmayaraq, ölkəmizdə “yaşıl enerjiyə” keçidlə bağlı dövlət proqramı icra edilir.
Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı Asif İbrahimov deyib.
O qeyd edib ki, artıq işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji"yə keçidlə bağlı ilkin addımlar atılıb:
“Bu, sözsüz ki, müsbət bir tendensiyadır. Qarşıdakı 10 il ərzində bu istiqamətdə düzgün infrastruktur qurmaq mümkün olsa, bunu təmin edə biləcəyik. Azərbaycanın, istərsə də dünyanın ənənəvi enerjidən imtinası ilə bağlı sərt keçid etməsi yaxın 15 ildə mümkün deyil. Ümumilikdə isə ölkəmizdə alternativ enerjinin istehsalı üçün hər cür imkan var”.
İqtisadçı Cənubi Qafqaz ölkələrində ən çox istifadə edilən avtomobillərin ekoloji cəhətdən zərərlərindən də bəhs edib:
“Qonşu Gürcüstanda alternativ enerji ilə işləyən avtomobillərlə bağlı qaydalar 2008-ci ildən tətbiq olunmağa başlayıb. Bu, həm ekoloji, həm də qənaət baxımından bir çox məsələlərə, o cümlədən ailə büdcəsinə müsbət təsir edir. Ölkəmizdə də bu qaydaların tətbiq edilməsi üçün ilk növbədə idxal qanunvericiliyinə müəyyən dəyişikliklər edilməsi tövsiyə edilir. Azərbaycanda bütün növ avtomobillərin istehsalının mövcud olmadığını nəzərə alaraq bu istiqamətdə təşviqedici addımların atılması vacibdir”.