7 Aprel 2023 16:35
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FAO) Təşkilatı 2022/2023-cü illər üçün qlobal taxıl istehsalı proqnozunu 2 milyard 773,8 milyon tondan 2 milyard 777 milyon tona yüksəldib. Bu, əvvəlki illə müqayisədə cəmi 1,2 faiz azalma deməkdir.

Teleqraf.com xəbər verir ki, FAO bunu qlobal istehsal, istehlak, ticarət və fond tendensiyalarının qiymətləndirilməsini özündə əks etdirən Taxıl Təchizatı və Tələbinin Xülasə Hesabatında dərc edib.

Hesabata görə, taxıl qiymət indeksi aylıq bazda 5,6 faiz, illik bazda isə 31,6 faiz azalıb.

Həmçinin 2022-2023-cü illərdə qlobal taxıl istifadəsinin 2021-2022 səviyyəsindən 0,7 faiz azalaraq 2 milyard 779 milyon tona çatacağı proqnozlaşdırılır.

Qlobal təklif artdığı üçün mart ayında beynəlxalq buğda qiymətləri 7,1 faiz ucuzlaşıb. Düyü və qarğıdalı qiymətləri müvafiq olaraq 3,2 faiz və 4,6 faiz ucuzlaşıb.

FAO-nun bəyanatında xatırladılıb ki, qiymət indeksi Rusiya-Ukrayna müharibəsindən sonra ötən ilin mart ayındaki rekord səviyyədən təxminən 20,5 faiz aşağı düşüb. Müharibə ilə birlikdə qiymət indeksi 2022-ci ilin mart ayında 159,7 punkta çataraq rekord səviyyəyə çatıb.


Müəllif: Yeganə Oqtayqızı