31 May 2023 18:38
1 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəzi sığorta şirkətləri mənzillərə xəbərdarlıqlar göndərərək əmlakını sığortalmayanların iyunun 1-dən cərimələcəyini bildiriblər. Amma mənzillərin icbari sığortası ilə bağlı xəbərdarlıqlar rəsmi deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, qanunvericilikdə mənzilini icbarı sığorta etdirməyənlər üçün cərimələr nəzərdə tutulub: “Sözügedən cərimələr xeyli müddətdir ki, qüvvədədir, onun 1 iyunla heç bir əlaqəsi yoxdur.

Məlumat üçün bildirim ki, Bakıdakı ev və mənzillərin illik sığorta haqqı 50, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40, digər şəhər və rayonlarda isə 30 manatdır. Müvafiq olaraq, paytaxtdakı mənzillərə 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəki mənzillərə 20 min, digər şəhər və rayonlardakı mənzillərə isə 15 min manat sığorta təminatı verilir.

Daşınmaz əmlakın icbari sığortasına dair qanun bir neçə il əvvəl qüvvəyə minsə də, sığorta haqqının yığılmasında çətinliklər qalmaqdadır. Daşınmaz əmlakın təxminən 80 faizə yaxını hələ də sığortasızdır. Nəticədə icbari sığortadan istifadə edilmədiyi üçün əmlaka fərqli səbəblərdən ziyan dəyən zaman ödənişlər həyata keçirilmir. Halbuki icbari sığortadan istifadə əmlaka dəymiş ziyanın şirkət tərəfindən qarşılanmasına gətirib çıxara bilər”.

Deputat hesab edir ki, sığorta mexanizminin təkmilləşdirilməsinə ehtiyac var: “Çünki elə əmlaklar var ki, onlar mütəmadi sığorta olunurlar, həmin əmlaklara ziyan dəymir. Belə əmlaka ziyan dəymədiyi üçün illərlə sığortadan istifadə etmirlər. Hazırda əmlakın sığortalanmasında fiks-vahid tariflər tətbiq olunur. Məsələn, iki vətəndaş əmlakını sığortalayıbsa, onlardan biri son beş ildə sığortadan istifadə etməyibsə, digər vətəndaş isə əmlakını sığortalayıb. Əgər son beş ildə iki dəfə sığorta hadisəsi baş veribsə, yenə də hər iki vətəndaşın sığorta haqqı eynidir. Buna görə də sığorta hadisəsi baş verməyən əmlaklar üçün daha aşağı tariflərin müəyyənləşdirilməsi məqsədəuyğun olardı.

Bu, təbii olaraq imkan verəcək ki, həm vətəndaşlar daha geniş şəkildə sığortadan istifadə etsinlər, həm də əmlakına ziyan dəyməyən, sığorta hadisəsi baş verməyən vətəndaşımız əmlaka görə daha az sığorta tarifi ödəsin”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər