“Bir ay əvvəl daşınmaz əmlak sektorunda daha çox bağ evləri, torpaq sahələri soruşulurdusa, indi artıq bu mövzular qapanıb. Bu gün əsas məsələ kirayə mənzil bazarıdır. Hazırda Bakıda kirayə mənzil bazarında qiymət artımı ciddi surətdə davam edir. Bu artım davam edəcək”.
Bunu Teleqraf.com-a açıqlamasında daşınmaz əmlak sektoru üzrə ekspert Elnur Fərzəliyev deyib.
Ekspert kirayə mənzil sektorunda tələbə kontingentinin qarşılaşdığı problemə diqqət çəkib: “Yeni tədris ilinin başlamasına bir aydan bir qədər artıq vaxt qalıb. Artıq Azərbaycanın müxtəlif bölgələrində yaşayan tələbələr kirayə mənzil axtarışı üçün paytaxta üz tutur. Paytaxtda qiymətlər o qədər yüksəkdir ki, tələbələr normal şəraitdə büdcələrinə uyğun mənzil tapmaqda çətinlik çəkirlər.
Məlumdur ki, bölgələrdə iqtisadi vəziyyət ürəkaçan deyil. Bir valideynə tələbə övladını oxutmaq kifayət qədər baha başa gəlir. Tələbənin yolxərci, yeməyi, əyin-başı, illik təhsil haqqı, üstəgəl kirayə pulu və sair... Heç olmasa mənzil problemi aradan qalxsa, xərcin biri azalar. Bakıda kirayə mənzil bazarında qiymət artımı ciddi surətdə davam edir. Bu artım davam edəcək. Çünki köhnə binaları sökürlər, hansı ki, ucuz kirayə mənzillər bu binalarda olurdu”.
Elnur Fərzəliyevin müşahidələrinə görə, hazırda mənzildə otaq sayına görə ortalama 100 manat civarında artım var: “Söhbət tək qiymət artımından getmir, bu gün həm də ucuz kirayə ev qıtlığı müşahidə olunur, demək olar ki, kirayə mənzil yoxdur. Tələbələr şəhər kənarına üz tutmağa məcburdurlar.
Ucuz kirayə mənzillər problem olaraq qalır. Çünki əksər həyət evləri və köhnə binalar sökülüb. Bu da nəinki tələbələr, eləcə də paytaxt sakinləri və bölgələrdən işləmə gələnlər üçün problemdir. İndi iş tapanlar yaşamağa ucuz kirayə mənzil tapa bilmir. Kirayə mənzillərdə əsasən tələbələr qalır. Bu problemin aradan qaldırılması üçün tələbə yataqxanalarının yenidən tikilməsi lazımdır. Hansı ki, o yataqxanalarda uzun müddət keçmiş məcburi köçkünlər məskunlaşmışdı.
İndi onların əksəriyyətinə dövlət ev tikib, bir hissəsi də öz yurdlarına qayıdır. Hazırda mövcud yataqxanalar yaşamağa yararsızdır. Amma onların torpaq sahələri boş qalır. Həmin ərazidə çoxmərtəbəli yataqxanalar tikib istismara vermək olar. Bu zaman həm tələbələrin, həm də kirayə mənzilə ehtiyacı olan əhalinin problemi çözülər”.