Dünya birjasında neftin ucuzlaşması davam edir. Brent markalı neftin qiyməti London birjasında 49 dollara düşüb. Fevral ayı üzrə “fyuçə” qiyməti 48,97 dollar təşkil edib. Neftin ucuzlaşması əsas gəlirləri bu məhsuldan formalaşan Rusiyanın pul vahidi rublun dollar və avroya nəzərən məzənnəsinin zəifləməsinə gətirib çıxarıb. Dollar 1,23 rubl bahalaşaraq, 62 rubla, avro isə 74,49 rubla yüksəlib.
Publika.az xəbər verir ki, keçən il ərzində Rusiyanın Mərkəzi Bankı rublun kursunu qorumaq məqsədilə 80 milyard dollar intervensiya həyata keçirib. Təkcə dekabr ayında ölkənin baş maliyyə qurumu intervensiyaya 4,5 milyard dollar xərcləyib. Qeyd edək ki, dollar təkcə rubl qarşısında deyil, Türkiyə lirəsi qarşısında da möhkəmlənir. Nəzərə alsaq ki, hər iki ölkə Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır, milli valyutalarındakı dəyər itkisinin manata təsirləri sual doğurur.
Mərkəzi Bankın 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatına əsasən, keçən il məzənnə siyasətinin həyata keçirilməsi mexanizmi dəyişməz saxlanılıb. Dollar/manat ikitərəfli məzənnəsi bu siyasətin əməliyyat hədəfini təşkil edib. Bir sıra xarici ticarət tərəfdaşı ölkələrində milli valyutaların əhəmiyyətli devalvasiyaya uğraması şəraitində 2014-cü ildə manatın ABŞ dollarına qarşı məzənnəsi, demək olar ki, dəyişməyib. Daxili inflyasiyanın partnyor ölkələrdəki inflyasiyadan əhəmiyyətli dərəcədə aşağı olması isə real effektiv məzənnənin azalmasıyla nəticələnib. Valyutaya tələb, nağd və qeyri-nağd bazarda xarici valyutanın alışı mənbələri və motivləri, təklif mənbələri, bəzi tərəfdaş ölkələrin valyutalarının dəyərsizləşməsi ilə bağlı psixoloji amillər Mərkəzi Bank tərəfindən operativ izlənilib. Bu əsasda müvafiq tənzimləmə tədbirləri görülüb, nəticədə valyuta bazarında sabitlik qorunub və manatın məzənnəsində tərəddüdlər baş verməyib.
Mərkəzi Bankdan bildirirlər ki, Azərbaycan iqtisadiyyatının mövcud xüsusiyyətləri şəraitində manatın məzənnəsinin sabitliyi bir daha öz makroiqtisadi əhəmiyyətini təsdiq edir.
Bu arada neftin qiymətinin enməkdə davam etməsinin və Rusiya rublunun çökməsinin manatın devalvasiyasına səbəb olmayacağını xarici ekspertlər də iddia edir. Mərkəzi və Şərqi Avropada, Yaxın Şərqdə Standard Bankın, Afrika iri bank qrupunun strategiyası üzrə məsul ekspert Demetrios Efstafiunun fikrincə, hazırkı Azərbaycan manatı əvvəllər dəyərdən düşməyib, indi də bunun düşüb-düşməyəcəyi böyük sual altındadır: “Azərbaycan valyutasının qiymətdən düşməsi ehtimalı var, lakin hadisələrin bu cür gedişi daha çox Qazaxıstanda mümkündür. Azərbaycan keçmiş sovet respublikaları arasında daha etibarlı balansa malik ən böyük neft ixracatçılarından biridir və ölkə son on ildə dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malikdir”.
Məlumat üçün bildirək ki, Qazaxıstan valyutası ötən il 19% qiymətdən düşüb. Bazarlar növbət üç-altı ayda təngənin daha 20% devalvasiya olacağını gözləyirlər. Eyni zamanda bu, Ermənistan dramına, Gürcüstan larisinə da aiddir. Analitiklər həmin ölkələrdə istiqraz bazarı ilə yanaşı, bu valyutaların da enməkdə davam edəcəyini gözləyirlər.