16 Mart 2015 14:47
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Əfqanıstan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalilini qəbul edib.

Teleqraf.com-un məlumatına görə, görüşdə Şahin Mustafayev Azərbaycan və Əfqanıstan arasında əlaqələr və əməkdaşlığın genişləndirilməsi imkanlarını diqqətə çatdırıb.

Bildirilib ki, ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafı, enerji, tranzit, təhsil və s. sahələrdə əməkdaşlıq üçün potensial mövcuddur, Əfqanıstan Azərbaycanın neft-qaz sahəsindəki təcrübəsindən yararlana bilər. Azərbaycan şirkətləri Əfqanıstanda mədən, tikinti materiallarının istehsalı, su, enerji və infrastruktur layihələrinin icrasında maraqlıdır. Nazir Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın inkişafı baxımından hüquqi bazanın genişləndirilməsinin vacib olduğunu və bu sahədə işlərin sürətləndirilməsinin əhəmiyyətini qeyd edib. Bütün bu işlərin həyata keçirilməsi üçün isə ilk olaraq ölkələrimiz arasında İşçi Qrupu yaradıla bilər.

Əfqanıstanın Azərbaycandakı səfiri Mohammad Taqi Xalili Azərbaycan nümayəndə heyətinin bu yaxınlarda Əfqanıstana səfərini xatırladaraq, səfərin və keçirilmiş görüşlərin ölkələr arasında əlaqələrin genişləndirilməsi baxımdan əhəmiyyətini vurğulayıb. Səfir Əfqanıstan və Azərbaycan arasında əlaqələrin inkişafı istiqamətində müzakirə edilən məsələlərin reallaşdırılması üçün səylərini davam etdirəcəyini bildirib. Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı, Əfqanıstan nümayəndə heyətinin ölkəmizə nəzərdə tutulan səfəri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.


Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər