Gürcüstanın Azərbaycandan qaz idxalını azaltmasına səbəb bu ölkədə qaz istehlakının azalmasıdır.
Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindəki (SOCAR) mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, Gürcüstanın idxal etdiyi Azərbaycan qazının həcmi tamamilə ölkədəki qaz istehlakından asılıdır: "Gürcüstanda qaz istehlakı artanda bu ölkəyə Azərbaycandan qaz ixracının həcmi də artır. Bu göstəricinin son iki ayda azalması Gürcüstanda qaz istehlakındakı azalma ilə bağlıdır. Qaz nəqli ölkələrimiz arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilir. Gürcüstanın Azərbaycan qazı ilə təchiz olunmasında biz tərəfdən heç bir problem yoxdur”.
Gürcüstan Milli Statistika Xidmətinin hesabatına görə, Gürcüstan 2015-ci ilin yanvar-fevral aylarında Azərbaycandan 67,4 milyon dollar dəyərində (neft ekvivalentində) 319,85 min ton təbii qaz idxal edib.
Azərbaycan Gürcüstanın bu sahədə əsas tərəfdaşıdır və bu ölkənin qaz idxalatının 66,2 faizini qarşılayır./trend/