5 Aprel 2016 13:17
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 4-də Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının növbəti iclası keçirilib.

Xarici valyutada verilən istehlak kreditlərinin verilməsi sahəsində dərin və hərtərəfli təhlillərin aparılması, istehlakçıların hüquqlarının müdafiəsinin və maliyyə sabitliyinin təmin olunması üçün 1 ay ərzində tənzimləyici çərçivələrin müəyyən edilməsinə dair qərar qəbul edilib.

Qərara alınıb ki, banklar tərəfindən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi aprelin 5-dən etibarən 1 ay müddətinə dayandırılsın və bu haqda müvafiq göstərişlər kredit təşkilatlarına göndərilsin.
Palata bu müddətin uzadılması hüququnu da özündə saxlayır.

Qərarı Teleqraf.com-a şərh edən iqtisadçı Vüqar Bayramov deyir ki, indiki məqamda palatanın belə bir qərarı çox vacib idi:

“Qərarda da qeyd olunur ki, devalvasiyanın ən çox mənfi təsir göstərdiyi istiqamətlərdən biri xarici valyutada olan kreditlərdir. Bu, vətəndaşlar üçün həm sosial, həm də ödəmə problemi yaradır.

Əsas hədəflərdən biri xarici valyutada olan kreditlərin həcmini azaltmaq, gələcəkdə daha çox milli valyutada kreditlərin verilməsinə nail olmaqdır. Bu qərar vəziyyəti qiymətləndirməyə imkan verməklə yanaşı, gələcəkdə xarici valyutda olan kreditlərin minimuma endirilməsinə gətirib çıxaracaq.

Ümumiyyətlə, biz xarici valyutada olan kreditlərin azaldılmasının tərəfdarıyıq. Güman edirəm ki, bu, mümkündür. Bunu Mərkəzi Bankın mərkəzləşdirilimiş kredit resursları və milli valyutada olan depozitlərin cəlb olunması hesabına həyata keçirmək olar.

Ayrılmış bir ay müddət düzgün qiymətləndirmədir. Bu müddət xarici valyutada verilən kreditin azaldılmasıına səbəb olacaq”.

Ekspert deyir ki, hazırda Azərbaycanda kredit portfelinin həcmi 19,3 milyard manatadır, bunun təxminən 7 milyardı xarici valyutada olan kreditlərdir.

Xatırladaq ki, xarici valyutada kredit o halda verilir ki, həmin bank vəsaiti xarici valyutada alır və ya hansısa öhdəlikləri var. Əgər bankların xarici valyutada ehtiyatları minimumu keçərsə, mümükündür ki, gələcəkdə yalnız manatla kredit versin.

Bu, bankların xarici valyutada olan öhdəliklərinin həcmindən asılıdır.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər