“Ofisə cangüdən gətirmişəm, öz əmlakımı qoruyuram. O , insanın mənim əmlakıma aidiyyatı yoxdur. Bir sahibkar kimi buraya sərmayə qoymuşam. İcra vərəqəm əlimdədir və eləcə də məhkəmədə işim ola-ola obyekt bağlanılıb. Mən də içəridəyəm. Nizami Ağayevlə 5 illik müqavilə imzalanıb, amma məndən ofisi boşaltmağı tələb edir”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında kirayə götürdüyü ofisində girov olan modelyer Leyla Əhmədova deyib. O, obyektin sahibi Nizami Ağayevin onun 200 minlik malını oğurlatdırdığını da bildirib: “Onlara qarşı cinayət işi qaldırılıb. İşimiz apelyasiya məhkəməsindədir. Bu insan beş aydır ki, fəaliyyətimi dayandırıb. O istəyir ki, mən obyektdən çıxım və buranı zəbt etsin. Sonra da desin ki, Leyla, get, çəkişmələrini məhkəmədə həll et. Mənim isə buna vaxtım yoxdur. Məni dünya gözləyir.
“Azərbaycan kolleksiyası” adlı dəfilə olacaq. O insan gəlsin, hallalığımı versin. Vəkillərini göndərib ki, barışıq, sülh yolu olsun. Bir il əvvəl şərtlərimi qəbul etsəydi, bu gün biabırçılıq olmazdı”.
Modelyer psixoloji vəziyyətinin pis olduğunu vurğulayıb: “Mən - tək qadın, qazsız, işıqsız, soyuqda oturmuşam. Atam dedi ki, icazə verin, cangüdənlə, qızım və mən ofisdə qalım. Birdən başına bir iş gələr, psixoloji problemdən özünə qəsd edər? Yenə də razı olmadılar. Mən çox güclü və vətənini sevən insanam”.
Leyla Əhmədova “Nizami" metrostansiyasının yaxınlığında yerləşən altı mərtəbəli binanın dörd mərtəbəsini ayda 24 min manat ödəməklə kirayə götürübmüş.
Rəqsanə