Tanınmış repçi Anar Nağılbazın adı artıq bir neçə gündür ki, mətbuatda qalmaqallı olaylarda hallanmaqdadır. Əvvəlcə sənətçinin intim videosu yayıldı, keçmiş həyat yoldaşı onun haqqında ağır ittihamlar səsləndirdi, bütün bunların ardınca isə ötən gün repçinin Hepatit C xəstəliyinə tutulduğu məlum oldu.
Repçi Praqada yaşayarkən siflis xəstəliyindən əziyyət çəkib. Onu bu xəstəliyə yoluxduran isə bir müddət birlikdə yaşadığı hansısa əxlaqsız qadın olub.
Xatırladaq ki, 2015-ci ildə Anar Nağılbaz ölkəni tərk edərək Praqaya köçmüşdü. Həmin vaxt Çexiyanın “Nova CZ” telekanalında qaçqınlara həsr olunan süjetdə ona da yer verilməsi geniş səs-küyə səbəb olmuşdu.
Yayılan iddialara görə, repçi ölkəni birdəfəlik tərk edərək Çexiyaya sığınıb və qaçqın düşərgəsində sığınacaq alıb. Lakin ifaçı açıqlama yayaraq bildirmişdi ki, haqqında yayılan informasiyalar yanlışdır və tezliklə yeni klipini təqdim edəcək. Bu açıqlamasının ardınca Anar Nağılbaz yenidən vətənə geri döndü.
Bəs, repçinin Praqada siflis xəstliyinə tutulması nə dərəcədə doğrudur? Anar Nağılbazın Praqaya gedişi və dönüşünün əsl səbəbi nə olub? Repçinin Praqa həyatı haqqında daha hansı maraqlı məqamlar var?
Mövzu ilə bağlı Qadın Krizis Mərkəzinin rəhbəri, hazırda Praqada mühacir həyatı yaşayan, Anar Nağılbazın yaxın dostlarından biri olmuş Mətanət Əzizova musavat.com-a danışıb: “Anarın Praqaya gəlişinin bir neçə səbəbi var idi. Bu səbəblər həm işsizlik, həm sağlamlıq, həm ictimai fəaliyyət və s. idi. O, Praqaya gələndə həmvətənlərimiz tərəfindən böyük hörmətlə qarşılandı. Yadımdadır ki, Praqaya təzə gəlmişdi, mərkəzdə gəzirdik, hansı dükanda, restoranda azərbaycanlı var idisə, Anarı görüb, çölə çıxıb salam verirdi. O, çox gözəl insandır. Anarla demək olar ki, hər gün görüşürdük. Maraqlı insandır, onu insan olaraq sevməmək mümkün deyil. Həqiqətən də onunla ünsiyyətdə olanda uşaq saflığı görürdüm. Xəyallar, nağıllar bu insanda hələ də qalıb və bu, çox xoş idi. Çox tərbiyəli insandır, hiss olunur ki, çox gözəl ailə tərbiyəsi görüb, bu insanlarla davranışında da görünür.
Anar Azərbaycanı tərk edərkən haqqında müxtəlif şayiələr gəzdi, o isə susmaq mövqeyini seçdi. Və Praqada gələcək həyatı haqqında düşünürdü, planları var idi. Məsələn, Çexiyanın məşhur repçiləri ilə danışıqlar aparır və Avropa festivalının təşkili haqda təşkilatı işləri görürdü. O, bu festivalın müəllifi və əsas təşkilatçısı idi”.
Mətanət Əzizova repçinin əxlaqsız qadın vasitəsi ilə siflis xəstəliyinə yoluxduğu haqda gəzən şayiələrə bu cür reaksiya bildirib: “Onun xəstə olması haqqında söz-söhbəti mən də eşitmişəm. Anarın xəstə olub-olmamasını dəqiq bilmirəm, amma yüz faiz bilirəm ki, sıx dostluq əlaqələrimiz olanda onun heç bir ciddi xəstəliyi olmayıb. Mən onunla həkimə gedirdim, çex dilindən rus dilinə tərcümə edirdim və həmin zaman orada heç bir zöhrəvi xəstəlik haqda eşitmədim”.
Mətanət Əzizovanın sözlərinə görə, repçi keçmiş arvadının “Watsapp” yazışmalarını gördükdən sonra ağır vəziyyətə düşüb: “Anarın sağlamlığında problemlər sonradan yarandı. Onun böyük arzusu var idi, çox istəyirdi ki, ailəsi yanına gəlsin. Deyirdi ki, oğlumu çex məktəbinə, qızımı bağçaya qoymaq istəyirəm, yoldaşım isə gözəllik salonunda çalışa bilər. İnanın səmimiyyətimə, onun söhbətləri ancaq və ancaq ailəsi idi.
Anar birotaqlı evdə qalırdı və ailəsi yanına gəlsin deyə çoxotaqlı ev axtarırdı. Amma yoldaşı Anjelika Praqaya gəlmək istəmirdi, min bir bəhanə ilə vaxtı uzadırdı. Buna görə də söz-söhbət artırdı. Anar yoldaşına “uşaqları götür, gəl” deyirdi. Anjelika isə hər dəfə “gələn ay” deyə bəhanə edirdi.
Anarın Praqada doğmaları yox idi, tənha idi. Hər dəfə deyirdi ki, “Balalarımı görmək istəyirəm”. Hətta bir dəfə bu haqda danışıb, yanımda ağladı. Xahiş etdi ki, “Sən Anjelika ilə danış, bəlkə sənə qulaq asdı”. Bundan sonra başladı, içməyə... Deyirdi ki, “Yoldaşımla söz-söhbətim olub, amma onu çox sevirəm…” Onu qınadılar ki, uşaqlarını atıb, amma inanmıram ki, o, uşaqlarını atsın. O, bədbəxtin sadəcə, pulu yox idi. Buna görə də onun bütün ailəsi ilə bağlı maddi məsələlərini atası həll edirdi.
Çexiyadan Azərbaycana geri dönməsinin əsl səbəbi sırf ailəsi idi. Əvvəl Anara yazdılar ki, “Sənin yoldaşın kimlərləsə ünsiyyətdədir”. Sonra isə bildirdilər ki, “Gəl, ailən başsız qalıb, dağıla bilər”. Daha sonra isə Anar yoldaşının “Watsapp” yazışmalarını gördü. Bilmirəm, orada nə var idi. Amma gecə evimə gəlib dedi ki, “Ölürəm, mənə kömək elə, ailəmi itirirəm, balalarım yazıqdır”. Vəziyyəti çox pis idi. Səhəri gün görüşdük, həmin vaxt yanımızda bir neçə azərbaycanlı da var idi. Halı pisləşdi, təcili yardım çağırdıq. Bu zaman boğazından, qulağından qan gəldi, bu, çox dəhşətli mənzərə idi. Səhəri gün Bakıya qayıtdı. Həmin gün ona Avropa pasportu verəcəkdilər, lakin o, bundan imtina etdi və Bakıya, ailəsinin yanına döndü. Və gördüyünüz kimi, bu, çox mənasız oldu. Onun səhhətindəki problemlər çox ciddidir və bu, yaşadığı streslərin təsirindən yaranıb”.
Məsələ ilə bağlı Anar Nağılbazın da mövqeyini öyrənməyə çalışdıq. Repçi siflis xəstəliyi ilə bağlı haqqında yayılan şayiələrə bu cür aydınlıq gətirdi: “Bu informasiyanı haradan götürmüsüz? Bu, şayiə deyil, hər halda kimsə yayıb. Praqada olanda sadəcə, səhhətimdə müəyyən problemlər yaranmışdı və buna görə istirahət zonasında bir kurs müalicə götürmüşəm. Heç kimdən gizlin deyil ki, öd kisəm, mədəm və sinirlərmlə bağlı əziyyət çəkmişəm”.
Repçi arvadının “Watsapp” yazışmaları haqda isə danışmaq istəmədiyini bildirdi.
Qeyd edək ki, repçinin anası Şərqiyyə Cəbiyeva oğlunun həyat yoldaşından ayrılmasının əsl səbəbi haqqında cehbe.info-ya danışarkən bunları bildirmişdi: “Həqiqəti heç kim bilmir. Ortalıqda ev söhbəti gedir... O, deyir ki, ev problemi olub. Amma onların ayrılmasının əsl səbəbi başqadır. Evdən əlavə, bunların başqa dərdləri də vardı. Bu haqda danışmaq istəmirəm. Sadəcə, onu demək istəyirəm ki, məndə də faktlar var. Bəli, bizdə də çox faktlar var. 84 yaşım var, indi bu yaşımda televiziyaya çıxıb, onların həyatını danışmayacağam ki? Ayıbdır, lazım gələr, məhkəmədə hər şey açıqlanar”./Musavat.com/