5 May 2020 11:59
2 969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Nura Suri Teleqraf.com-un suallarını cavablandırıb.

- Nura xanım, karantindən sonra toy qiymətinizdə 50 faiz endirim edəcəyinizi qeyd etdiniz. Bəzi müğənnilər isə əksinə, toy qiymətini qaldıracaqlarını deyirlər. Buna münasibətiniz necədir?

- Bəli, elə demişəm. Bəllidir ki, camaatın vəziyyəti koronavirus pandemiyasına görə əvvəlki kimi olmayacaq. Bir müddət insanlar özlərini toparlamalıdır, istər kiçik biznes sahibləri, istərsə də adi insanlar olsun. İnsanlar üç aydır işsizdir. Mayın 31-də isə karantinin bitəcəyi bəlli deyil.

Nəzərə alaq ki, orucluq ayıdır, el şənlikləri də iyun ayından başlayacaq. Toy qiymətini qaldırmaq nədir? Mən toy və reklam qiymətinə əlli faiz endirim etmişəm. İnsanları və onların büdcəsini nəzərə almaq lazımdır. Toy mərasimlərinə yarı qiymətə gedə və o pula dolana bilərəm. Bu bir müddət belə davam edəcək. Çünki insanlar özlərini toparlamalıdırlar.

Toylar başlayanda insanları da nəzərə almaq lazımdır. İndi camaatın toyu, planları təxirə düşüb. İnsanları soymaq olmaz, bir az anlayışlı olmaz lazımdır. Mən bilmirəm, bunu kim və niyə deyib, nəyə görə qiymət qaldırırlar... Məgər yaxşı bir şey baş verib ki?!

- Yəqin ki, həm orucluq, həm də karantin rejimindən sonra bu qərara gəliblər...

- Adətən, biz ilin altı ayını işləyirik, altı ayını işsiz oluruq. Fevral ayında da toy çox az oldu, demək olar ki, bu il müğənnilərin işi az olub.

Martda koronavirus, aprel və mayda karantin rejimi, bunları başa düşürəm, amma yenə də heç kim acından ölmür. Bilirəm ki, kredit ödəyən, borcu olan müğənnilər də var.

Çünki onlar toydan pul götürüb, ödəniş edəcəklərini düşünüblər. Kənardan müğənnilərin həyatı asan görünə bilər, amma elə deyil. Çox az müğənni var ki, öz biznesini qurub, pullunu qazanır, təkcə toya ümidli deyil. Amma 70-80 faiz musiqiçilər, yalnız müğənnilərdən söhbət getmir, prodüserlər, səs rejissorları da toydan qazanc əldə edirlər. Əksəriyyətin kredit borcu var, bunu başa düşürəm. Amma insanlarda ödəməyə pul yoxdursa, toy qiymətini qaldırmaq nə dərəcədə doğrudur?

Toy qiyməti salmaq daha düzgündür ki, müştərin olsun, toylar canlansın. Hamının işinə də yarayasan, özün də pul qazanasan. Bir-birimizi başa düşməliyik. İndi evdə oturmuşuq, xərclərimiz azalıb, gözəllik salonuna getmirik, paltar almırıq. Sadəcə yemək və kommunal xidmətlərə xərcləyirik.

Başqa vaxtda da pulu qazanıb cibimizə qoymuruq, mahnı alırıq, aranjeman elətdiririk, studiyaya və işçilərə pul veririk.

Mənim işçim də bilir ki, 50 faiz endirim etmişəm. O da bu faizə uyğun pulunu götürəcək və razıdır. Məsələn, bu il istirahətə getməyəcəm, pul xərcləməyəcəm. Ad günüm oldu, qeyd etmədim. Yəni, hazırda əlavə xərclərə pul çıxmır.

- Endirim nə zamana qədər davam edəcək?

- Sentyabra qədər davam edə bilər. Məhərrəmlik ayından sonra normal qiymətə qaldıracam.

- Normal qiymət dedikdə toy qiymətinizi qaldırmağı düşünürsünüz, yoxsa həmişəki məbləği nəzərdə tutursunuz?

- Xeyr, toy qiymətini qaldırmayacam, hər zamankı məbləği nəzərdə tuturam. Bilirsiniz, toy qiymətini nə zaman qaldırmaq olar? Çoxlu layihələr edəndə. Məsələn, konsertə hazırlaşır, başqa layihə icra edir. Bu zaman xərcləri də çoxalır.

Yəni, müğənni toy qiymətini qaldıranda öz əməyinin qarşılığını götürmək istəyir. Bizdə bütün xərclər müğənninin öz üzərinə düşür. Biz xarici müğənnilər kimi yaşamırıq.

Bizə mahnını heç kim havayı vermir. Müğənni öz üzərində çox çalışanda və çox vəsait xərcləyəndə toy qiymətini qaldırması normaldır. Türkiyədə müğənnilər müxtəlif məkanlarda hər həftə çıxış edirlər, konsertlərindən yetərincə pul qazanırlar. Bununla yanaşı reklamlardan da pul götürülər. Onlar 80 milyonluq əhaliyə işləyirlər. Bizdə elə deyil. Çox az sayda müğənnilərimiz var ki, konsert verə bilirlər. Müğənni var, əməkdar artist və xalq artistidir, amma konsert verə bilmir. Bunun üçün insanın maddi vəziyyəti yaxşı olmalıdır.

Bizim başqa yerdən gəlir yerimiz yoxdur. Bəzi müğənnilərimiz yutubdan qazanırlar. Amma çoxlarının qazancı toy mərasimlırindən və tədbirlərdən çıxır.

- Müğənninin toy qiyməti ilə statusu arasında nə dərəcədə əlaqə var?

- Toy qiymətinin yüksək olması status məsələsi deyil. Bir sənətçi sənətinə sərf etdiyi pulu qazanmalıdır.
Hanısa şirkət müğənni ilə işləyib, onu sıfırdan qaldırmır, o, hər şeyi öz pulu ilə edir. Müğənni tanıyıram ki, valideynləri evlərini, maşınlarını satıb, ona xərcləyiblər.

- Azərbaycanda konsertdən gəlir götürən müğənni kimi xalq artisti Röya Ayxanın adı çəkilir. Bu fikirlə razısınızmı?

- Gəlir əldə etməsinə inanmıram, ola bilsin, sərf elədiyi vəsaiti çıxara bilir. Xərclədiyi pulu götürsə, bu, çox gözəl haldır. Biz on milyonluq əhalisi olan ölkədən danışırıq. O, konserti Bakıda verir, konsert salonunda maksimum iki-üç min tamaçı olur, bilet qiymətləri də baha olmadığına görə düşünürəm ki, böyük gəlir əldə etmək mümkün deyil.

Konsertlərini çox vaxt öz komandası təşkil edir. Yəni bizdə hələ xaricdəki kimi böyük şirkətlər yerli müğənnilərə konsert təşkil etmir. 1-2 şirkət var, onlar da yalnız bəlli müğənnilərlə çalışırlar.

Bu gün Röya Ayxan toya ən yüksək qiymətə gedən müğənnilərdəndir. Çox xərcləyir, yüksək qiymətə gedir tədbirlərə. Bütün toyu aparmır, yarım saatlıq gedir. Onun aldığı qonorar bəzi müğənnilərin komandasının bütün toyu idarə etdiyi məbləğə bərabərdir. Azərbaycanda toydan qazandığın pulla milyonçu olmaq mümkün deyil, xarici ölkələrdəki kimi.

Mən bilirəm ki, bir çox müğənnilərin mənzili, avtomobili kreditdədir. Hər ay kredit ödəyir. Məsələn, birinin biznesi var, birinin həyat yoldaşının imkanı yaxşıdır, onu toy mərasiminə getməyə ehtiyacı yoxdur. Toya getdi-getmədi fərqi yoxdur. Bütün bunlar reklam edilmir, danışılmır. Ona görə də kənardan baxanlar elə bilirlər ki, müğənnilər kef-damaqdadırlar

Çox az müğənnilər var ki, sevgilisi var və ona dəstək olur. Bu, normaldır və bütün dünyada belədir, istər Rusiya, istər Türkiyə şou-biznesi olsun. Hər bir qadına dəstək verən bir insan olur - dostu, qardaşı, atası, həyat yoldaşı.

- Amma daha çox müğənnilərə sevgililəri dəstək olurlar...

- Əlbəttə, sevgili də olur... Onu demək istəyirəm, toydan, şou-biznesdən böyük gəlir əldə etmək hələ ki mümkünsüz görünür. Hamı kənardan baxıb deyir ki, filankəsin filan şeyi var və s. Bir çox müğənnilər də var, kirayə götürdüyü bağ evində çəkiliş edir, insanlar da elə bilirlər, öz evidir. Deyirlər ki, filankəsin evini gördünüz, neçə milyonluqdur?

Belə deyə-deyə müğənniləri gözdən salırlar. Amma heç kim fikirləşmir ki, müğənni də xaricilərin həyat tərzinə baxır, onlar kimi görünməyə çalışır. Yaxud dost-tanışının bağında çəkiliş edir, camaat da ona bəxtəvərçilik verməyə başlayır.

Biz hələ Rusiya və Türkiyədəki səviyyədə deyilik, o qədər pul qazanmırıq. Məsələn, mən şou-biznesə gələndə üç evim, iki avtomobilim var idi. Bunlar həyat yoldaşımdan qalmışdı. Mən şou-biznesə öz pulumla gəldim. Mahnı almaq, professionallarla işləmək, tanınmaq, ilk addımların atanda reklama pul xərcləmək - hər şey vəsait tələb edir.

Bunları özüm etmişəm. Mən deyə bilmərəm ki, şou-biznesə gələndən sonra özümə ev almışam, nə isə etmişəm. Qazandığın pulla yalnız ailəni dolandırırsan. Həyat yoldaşımdan nələrsə qalmasaydı, ailəm, valideyinlərim dəstək olmasaydılar, mənim üçün də çox çətin olardı.

- Hər üç mənzilinizi satdınız?..

- İki mənzil satılıb, birində isə yaşayıram. Çünki xarici ölkədə uşaq oxutdurmuşam. Böyük oğlum beş il Londonda təhsil alıb. Hazırda Los-Ancelesdə yaşayır. Və keçmiş həyat yoldaşım bu işdə mənə yardım etməyib.

- Nura xanım həyat yoldaşınız iranlı iş adamı olub, eləmi?

- Bəli, həyat yoldaşım iş adamı olub. Atası dünyada tanınmış hörmətli bir insandır.

- Həyat yoldaşınız oğlanlarınızın təhsil xərclərinə niyə dəstək olmadı? Onunla heç bir əlaqəniz yoxdur?

- Son üç-dörd ildə biz barışıq sazişi imzalamışıq. Ayrılmağımız çoxdan olsa da, məhkəməmiz dörd il öncəyə qədər davam edib. Övladlarım da ondan üz çevirməyə başlayanda artıq məcbur olub, barışıq sazişi imzaladıq. Ondan sonra uşaqlara dəstək olmağa başladı, aliment ödədi. Böyük oğlumun magistratura təhsilinə yardım elədi.

İstəyirdi ki, ayrılandan sonra mənə çətin olsun, ondan asılı vəziyyətdə qalım, ona möhtac olum. Çünki bilirdi ki, mən yaxşı yaşamağı xoşlayıram. Biz çox lüks həyat yaşamışıq.

Ona görə məhkəmə davam edirdi ki, görsün, mənim gücüm varmı? Amma mən öz ayaqlarım üzərində durmağı, onun dəstəyi olmadan uşaqlarımı böyütməyi bacardım. Düşünürdü ki, onun qarşısında əyiləcəm, amma əyilmədim. Mən bacardım...

- Ayrılmağınıza səbəb nə idi?

- Heç kim durduğu yerdə ayrılmır, mütləq səbəbləri olur. Mən bu şeylər haqda heç vaxt danışmıram, çünki övladlarımın bu barədə oxumasını istəmirəm. Həyat yoldaşımın bəzi problemləri var idi, qadına əl qaldırmaq və s. Artıq dözüləsi olmadığına görə ayrılmaq qərarı verdim. Əgər qadına bir dəfə əl qaldırılıbsa, bir də təkrarlanacaq.

Dəfələrlə inandım, bağışladım, göz yaşı, üzr istəmə və sair. Hər dəfə hansısa bir yalanı ortaya çıxanda, mən üstünə gedəndə təkrarlanırdı. O hadisələri yaşamaq qeyri-mümkün idi artıq. Böyük oğlum bizim davaların şahidi olanda, baxışını görəndə başa düşdüm ki, birlikdə yaşamaq mümkün deyil, ayrılmalıyıq. Ona görə də düşünürəm ki, hansısa bir qadın zorakılğa məruz qalırsa, istəyir milyardları olsun, oradan qaçmaq lazımdır.
O, fiziki zorakılığı bilməyəndə mənəvi zora əl atırdı. Hər boş məsələyə görə məhkəməyə müraciət edirdi. Məni təzyiq altında saxlayırdı. Gördü, mümkün deyil, üstümə gəldikcə mən daha da güclənirəm.

Sanki insanın daxilində bir hiss formalaşır ki, bax, sənsiz də yaxşı yaşamağı bacararam. İnsan özündə güc toplayır və irəli gedir. Mən həyat yoldaşımla da yaşasaydım övladlarım xarici məktəbdə təhsil alacaqdı.
Düzdür, ayrıldım, ondan qalan çox şeyləri satdım. Çox əziyyət çəkdim, heç nə asanlıqla olmadı, amma yenə də uşaqlarıma təhsil verə bildim, lüks istirahətini, məktəbini təmin edə bildim. Sürücüləri, dayələri də var idi.

Buna görə öz sənətimə vəsait ayıra, daha ciddi məşğul ola bilmədim. Çünki buna da külli miqdarda vəsait lazım idi. Pulları öz övladlarımın təhsilinə, gözəl yaşamasına xərclədim ki, onlar atanın yoxluğun maddi baxımından hiss etməsinlər.

- Cazibədar və gözəl xanımsınız. Evlilik təklifi edən bəylər çoxdur? Ümumiyyətlə, yenidən ailə qurmağı düşünürsünüzmü?

- Ondan ayırldıqdan sonra ailə qurdum, amma bu da alınmadı. İstər-istəməz insanın daxilində qorxu hissi qalır. Bu, psixoloji hal ailəsi dağılan xanımlarda baş verir. Düzdür, məndə illər sonra keçdi... Belə rahatam və düşünmürəm ki, kiminlə gəldi, ailə qurmaq xətrinə ailə qura bilim...

İnsan özünün dəyərini bilməlidir. Mən də özümün dəyərini bilirəm və özümə layiq olanı da bilirəm. Əgər özümə layiq gördüyüm insan qarşıma çıxsa, bəlkə ailə həyatı quraram. Kiminləsə ailə qurmaq xətrinə ailə qurum, yanımda ərim olsun, hamı görsün ki, əri var, yox! Mənim ətrafımda belə xanımlar var.

Həyat yoldaşımda qeyd etdiyim minuslar olsa da müsbət cəhətləri də çox idi. Onda kişidə lazım olan çox xüsusiyyət var idi. Həm yaraşıqlı idi, həm sevməyi bacarırdı. Heç vaxt ona deyə bilmərəm ki, pis adam idi. Adama gülərlər ki, pis adam idisə, niyə o qədər bir evdə yaşamısan?

Amma elə şeylər var, keçə bilmirsən. Onun elə bir xüsusiyyətləri vardı ki, başqa insanlarda görməmişəm. Çox düzgün adam idi. Görsəydi ki, hansısa jurnala baxdım, misal üçün, dünya ulduzu Madonnanın əlbisəsi xoşuma gəldi, artıq səhər məndə ondan varıdı. Ona deməyimə ehtiyac yox idi.

- Sizdən ayrıldıqdan sonra evləndi?

- Evli deyil. Bildiyimə görə, iki-üç ildir, bir xanımla yaşayır və bir övladı olub.

- Onunla nə zamansa yenidən bir araya gəlmək ehtimalı varmı?

- Yox...

- Bəzi müğənniləri hansısa iş adamı ilə sevgilidir. Xoşunuza gələn elə bir bəy olsa qəbul edərsinizmi? Yaxud ikinci həyat yoldaşı olarsınızmı?

- Deyə bilmərəm ki, heç vaxt belə şey etmərəm. Həyatdır, insan bilmir ki, sabah kimi sevə bilər. İkinci həyat yoldaşı olan xanımlar var, onları pis qəbul etmirəm. Çünki kiminsə ailəsini dağıtmayıblar. Elə qadınlar var ki, deyir, ailəndən boşan, mənimlə yaşa. Bunu etmirsə və o həyatı qəbul edərək yaşayırsa, deməli, o insanı sevir və hörmətlə yanaşır. Birinci ailəsini dağıtmır.

Ümumiyyətlə, şəxsi həyata görə kimsə qınanılmamalıdır. Rüşvət alırsa, kiminsə haqqına girirsə, o halda qınaq obyekti ola bilər.

- Sosial şəbəkələrdə bir çox problemlərə toxunursuz, bəzi dövlət qurumlarını tənqid edirsiniz. Buna görə problem yaşayırsınız?

- Xeyr, heç vaxt problem yaşamıram. Düşünürəm ki, tanınmış insanamsa, çox oxunuramsa, yazılarımı saytlar işıqlandırırsa, dövlətimə xeyir gətirmiş oluram. Hansısa problem varsa, öz ünvanına çatır, onun mövcudluğundan xəbərdar olurlar və həll olunur.

Neçə il əvvəl fərqli aptekləri gəzib, dərmanların şəklini çəkmişdim ki, bir dərman apteklərdə fərqli qiymətə satılır. Bu haqda sosial şəbəkədə paylaşım etdim, saytlar yazdı. Sonra cənab prezident belə bir qərar çıxardı ki, bütün apteklərdə qiymət eyni olsun.

Düşünürəm ki, paylaşımlarımla dövlətimə xeyir gətirirəm. Xətai rayonunda karantin müddətində üç dəfə qazı kəsiblər. İnsanlar karantində evdə oturur və kiminsə elektrik peçi yoxdursa, yeməksiz qalmalıdır? Xırda qurumların özüm şahidi olduğum nöqsanlarını işıqlandırıram. Çünki prezidentimiz dəfələrlə deyib ki, insanlara bu problemi yaşatmayın.

- Paylaşımlarınızda zəncəfil və alçanın qiymətindən də narazılıq edirsiniz...

- Zəncəfilin, sarımsağın qiymətinin çox qalxdığını yazmışdım, hamı işıqlandırdı, nə qədər insanlar zəncəfilin qiymətinin fotosunu atdılar. Üzərindən üç gün keçdikdən sonra zəncəfilin qiyməti düşdü. Qınaq belə olmalıdır. Süni qiymət artımı olan zaman bu işıqlandırmalıyıq ki, ünvana çatsın.

- Karantin rejimində küsülü olduğunuz hansısa həmkarınızla barışmaq fikri formalaşdı?

- Ümumiyyətlə, insanlara bağlılığım yoxdur. Kimin üçünsə darıxım, yox, yalnız öz övladlarımdan başqa... Mənim övladlarıma necə bağlı olduğumu hər kəs gözəl bilir, bütün bunlara baxmayaraq onları 16 yaşından xarici ölkəyə göndərdim. Ortancıl oğlumu üç ildir ki, görə bilmirəm, Amerikadadırlar. Martda viza aldım, Amerikaya getməli idim, bu hadisələrə görə qaldım.

Həmişə övladlarıma da deyirəm ki, həyatda heç nəyə bağlanmayın, çünki bu həyatda hər şey müvəqqətidir.

Ay dostum üçün darıxdım və sair - bunlar mənə aid deyil. Məni kimsə sevirsə, o adamı sevirəm. Bütün münasibətlərdə güzgü kimiyəm. Mən həyat və insalara fərqli yanaşıram. Hal-hazırda dincəlirəm. Ruhum dincəlir insanların neqativindən, yalanlarından. Saçlarım ukladkadan, ayaqlarım kablokdan, üzüm makiyajdan, dırnaqlarım manikur-pedikürdən dincəlir...

- Küsülü olduğunuz müğənni varmı?

- Qəbul etmədiyim hansısa müğənninin xasiyyəti ola bilər. Məsələn, bir yerdə otururuqsa, kimsə özünü yuxarı aparırsa, mənim xoşuma gəlmir. Bir-iki dəfə artıq konsert verirsə, özünü başqa müğənnilərin yanında başqa cür aparır, üstün tutursa, elə adamlardan uzaq gəzirəm. Kiminsə-kiməsə qarşı qeyri-səmimiliyini görən zaman bir daha o məclisdə oturmuram.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər