Məşhur aparıcı Afaq Gəncəli prodüser Tarix(Tolik) Əliyevin yutubda yayımlanan "Tolik ilə səmimi" verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Afaq Gəncəli qalmaqallı açıqlamaları ilə diqqət çəkib.
O, aparıcının "Verilişdəki süjetə görə, sizinlə düşmənçilik edən müğənni varmı" sualına "Düşmənçilik deməzdim, amma inciklik olub. Uzun müddət Natavan Həbibi ilə danışmadım, amma indi çox yaxşı münasibətimiz var. Allah onun balasını saxlasın. Nəyə görəsə inciklik olur, amma bunu düşmənçilik saymıram" deyə cavab verib.
Afaq Gəncəli Tolikin "Röya Ayxanla da münasibətində inciklik oldu. Dedi ki, məni verilişinə çəkmə" sualını isə belə cavablandırıb:
"Mən Röyanın, Röya da mənim xasiyyətimi bilir. Verilişdən əvvəl də biz Röya ilə dost idik. Onun xasiyyətinə bələd olduğuma görə, dedi ki, verilişə çəkmə, çəkmədim. Zaman keçdi, gördülər ki, "ATV maqazin onlarla" onu çəkmir. Və buna don geyindirməyə başladılar. Röya Ayxan da bir dəfə sosial şəbəkədə haqqımda yazdı ki, mənim "dolçam"...
Bəzi jurnalistlər onu təhqir kimi başa düşdülər. Mən də aqressiv insan deyiləm. Ona görə də bunu da normal qəbul elədim. Səhəri gün toy mərasimlərinin birində Röya Ayxanla qarşılaşdıq və öpüşüb, görüşdük".
Tarix Əliyev "Natavan Həbibi ilə qalmaqal yaşadığımız zaman mən xahiş etdim ki, Natavan Həbibini toy mərasimində təqdim etmə? Biz qruplaşmışdıq?" sualına Afaq Gəncəlinin cavabı belə olub:
"Samir Bayramlının "Söhbətsiz" verilişində Natavan Həbibinin sözlərinin tam əksini eşitdim, amma biz qruplaşmamışdıq. Əslində, fikir bildirmək istədim, amma indi Natavan Həbibi ilə çox gözəl münasibətimiz var. Nərgiz Məmmədovaya dedim, vallah, Tolik mənə heç nə deməyib. Quplaşma deyilən bir şey yox idi. Natavan Həbibi ilə başqa söhbətlərimiz olduğuna görə, toyda təqdim etmədim".
Tolik isə Natavan Həbibi ilə qalmaqal yaşadığı zaman ona qarşı etdiyi hərəkətin üstünü açıb: "Toy mərasimində işığı çıxartdırmaq mənlik idi. Bunu Natavana demişəm də. Amma sənə deməmişdim ki, Natavan Həbibini toyda təqdim eləmə! Elton mənim müğənnim idi. Və ona görə dedim ki, musiqiçilər Natavan Həbibini müşayiət etməsin. Eləcə də fonoqramı çıxarsınlar".
Afaq Gəncəli Tolikin "Günay İbrahimli ilə danışmırsan. Bir vaxtlar sizin verilişinizdə qalmaqallar edirdi. Deyirdi ki, Aygün Kazımovadan sonra Röya Ayxan gəldi, Röya Ayxandan sonra mən gəlirəm. Röyadan sonra kimsə gəldimi?" sualına belə cavab verib: "Röya Ayxandan sonra heç kim gəlmədi. Bu gün də Günay İbrahimlini İnstaqramda izləyirəm, amma danışmırıq. Mən onun ilk addımından əlindən tutmuşam. Ona görə də düşmən kəsilə bilmərəm. Bir-birimizə qarşı incikliyimiz ola bilər. Onun səs tonunda, davranışında düzgün olmayan nə isə olub. Bizim böyük düşmənçiliyimiz yoxdur. Sadəcə, bir-birimizlə danışmırıq".
Aparıcı illər əvvəl bir müğənni tərəfindən ölümlə təhdid edildiyini də açıqlayıb:
"O insanı hadisədən sonra heç vaxt çəkməmişəm. Çünki kəlməsini düzgün ifadə etməyib. Kişi müğənni idi. Süjetə görə mənə deyib ki, ATV-nin həyətindən çıxarkən həyatda olmaya bilərsən. Bu hadisə çoxdan olub və bəlkə də onun yadından çıxıb".
Aparıcı Brilliant Dadaşova ilə küsülü olmasından da danışıb: "Aygün Kazımovanı çox istəyirəm, amma fanatı deyiləm. O, xanımın insanlığını, xanımlığını, mədəniyyətini sevirəm. Brilliant Dadaşova ilə şəxsən aramızda konflikt olmayıb. Bir rubrikada Brilliant Dadaşova və Faiq Ağayevin şəkli var idi və mənə "Hansı müğənni ilə dostluq münasibətiniz var" sualı ünvanlanmışdı. Mən də dedim ki, Brilliant Dadaşovanın sənətinə böyük hörmətim var, amma Faiq Ağayevlə dostluq münasibətimiz var. Mənim ona qarşı heç bir incikliyim yoxdur. Heç bir müğənniyə, nə də Aygün Kazımovaya fanatlıq etmirəm".