Xalq artisti Aygün Səmədzadə "Evdəkilərə salam" verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, ilk dəfə evində çəkiliş olan Aygün Səmədzadə maraqlı açıqlamaları ilə diqqət çəkib.
O, ailə üzvlərindən danışıb: "Qızım evlidir, oğlum ailəli deyil. Heç biri musiqi sənəti ilə bağlı çalışmırlar, amma musiqi təhsili alıblar. Əsərlərimi ilk olaraq onlar dinləyirlər. Onların fikri mənim üçün maraqlıdır, həm gənc düşüncə, həm də savad baxımından. Qardaşım iqtisadçı, bacım həkimdir. Musiqinin içində doğulmuşam. Dəstəyə gəldikdə yaradıcılığımda atamın adı, vəzifəsi rol oynamayıb. Amma müəyyən tədbirlərdə, konsertlərdə atam təşkilatçı və enerji mənbəyi kimi daim yanımızda olub və ondan bəhrələnmişəm".
Aygün Səmədzadə hər müğənniyə mahnı vermədiyini deyib: "O ifaçının üslubu, keçdiyi sənət yolu mənə uyğun olmalıdır. Bu yaxında sosial şəbəkədə bir nəfər yazmışdı ki, sizin mahnınızı oxumaq istəyirəm, onu tanınmıram. Səhifəsinə baxdım ki, dəhşətlidir. Ağlıma gətirə bilmərəm bu adam necə fikirləşə bilər ki, mənim mahnımı oxusun...
Düşündüm ki, kimsə onu ələ salıb, Aygün Səmədazdənin mahnılarına müraciət elə. Ona yazdım ki, bu repertuarla məndən mahnı istəyirsinizsə, sizə halaldır".
Xalq artisti aparıcının "Trendə düşən ifaçılardan mahnı istəyənlər varmı?" sualına isə belə cavab verib: "Hərənin öz dinləyici kütləsi var. Onlar da müəyyən bir səviyyəyə çatırlarsa, deməli, ağılları var. Bilirlər ki, nə istəyirlər, hansı kütlə üçün işləyirlər. Əlbəttə ki, o, ağıl sahibləri mənə müraciət etməzlər".
Bəstəkar şəxsi həyatı haqqında danışmağı sevmədiyini də deyib: "Mən tamaşaçıya bəstəkar kimi maraqlı olmaq istəyirəm. Elə insan var ki, sənin yazdığın musiqidən xəbərsizdir, efirdə iki-üç dəfə gördükdən sonra şəxsi tərəflərini öyrənməyə çalışır . O insanlar mənə maraqlı olmadığı üçün mənim evim, ailəm, şəxsi həyatım onlara maraqlı olmasa yaxşıdır".
Bəstəkar övladlarına sənət seçimində azadlıq verdiyini söyləyib: "Hər insanın öz həyatı var. Övlad valideynin istədiyi həyatı yaşamağa məcbur deyil. Məsləhət verə, yol göstərə bilərsən, amma arzularına qarşı çıxa bilməzsən. Onun arzuları var və xoşbəxt olacaqsa niyə mane olmalıyam?"
Aygün Səmədzadə anasının dünyasını dəyişdiyini yuxusunda gördüyünü də etiraf edib: "Anam rəhmətə getməzdən əvvəl yuxu görmüşdüm. Yuxunun yozmasını anamdan soruşdum. Anam həmişə mənim yuxularımdan qorxurdu, uşaqlıqdan. Uşaq həkimi idi. Yuxumu anama danışdım və dedi ki, çox yaxın bir adamı itirəcəksən. Həmin dəqiqə beynimdən anam keçdi. Heç bir xəstəliyi yox idi. Ondan iki ay sonra dünyasını dəyişdi".
Qeyd edək ki, Aygün Səmədzadə millət vəkili Ziyad Səmədzadənin qızıdır.