20 Noyabr 2020 09:05
7 623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur tele-aparıcı Lalə Azərtaş Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Lalə xanım, Xəzər televiziyasında "Birinci Studiya"nın aparıcısı kimi qələbə xəbərlərini təqdim etmək sizə qismət oldu. Qələbə xəbərlərini çatdırmaq necə bir hissdir?..

- Bu günə görə Allahıma şükürlər olsun. Qələbə xəbərlərini ən gözəl təqdim edən Ali Baş Komandanımız idi, bu, onun haqqıydı. Biz hamımız məmuniyyətlə cənab prezidentdən qələbə xəbərləri gözləyirdik. Ali Baş Komandanımız qələbə müjdəsini verdikdən sonra bizə onu efirdə təkrar yayımlamaq nəsib olurdu. Bunu böyük məmuniyyətlə edirdik.

Bu təəssüratları sözlə ifadə etmək qeyri-mümkündür. Allaha şükürlər olsun. Qələbə bizə çox asan başa gəlmədi. Yolumuz çətinlik, pusqu və döyüşlərlə dolu idi, amma haqq olan yerdə geri dönməzlər... Bu yolda ən böyük fədakarlığı şəhidlərimiz etdi, Vətən yolunda canlarından keçdilər. Allahdan hər birinə qəni-qəni rəhmət diləyirəm. Analarının, atalarının əllərindən öpürəm. Qələbənin düsturu budur: ordu, xalq, hakimiyyət birliyi.

- Torpaqlarımız işğaldan azad edildi. Hansı rayonumuzun, şəhərimizin azad edilməsini səbrsizliklə gözləyirdiniz və o xəbəri təqdim edərkən emosiyanıza sahib ola bilmədiniz?

- Bu torpağın hər qarışı əzizdi. Ona görə hər şəhər və kəndlərimizin azad olunmasını səbrsizliklə gözləyirdik. Amma ən böyük arzumu dilə gətirəcəm, Gövhər ağa məscidindən azan səsi eşitməyi arzulayırdım.

İndi də ən böyük arzum Şuşaya, Gövhər ağa məscidinə getmək, Allaha şükür eləmək, şəhidlərimizə rəhmət, əsgərlərimizə can sağlığı diləmək, Ali Baş Komadanımız üçün dualar etməkdir.

- Demək, öncə Şuşaya getmək istəyərsiniz...

- Bəli, Şuşaya, Gövhər ağa məscidinə getmək istəyirəm. İşğal altında olan torpaqlarımıza ayaq basmağı həmişə arzulamışam. Deyirdim ki, Allahım, o torpaqlarımıza yolum nə zaman düşəcək?! Bu gün o gündür. Güclü Azərbaycan ordusunun Şuşaya açdığı cığırı Ali Baş Komandanımız yola çevirdi. O yolu getməyi səbrsizliklə gözləyirəm, Qarabağı qarış-qarış gəzəcəm. İnşallah, bütün kəndlərdə olacam.

- Şəhid analarına hər hansı tövsiyəniz varmı?

- Tövsiyə yox, səbrli olun deyək. Şəhidlik zirvəsi ən gözəl məqamdır. Mən iki gün öncə verilişimizə Hacı Şahin Həsənlini dəvət etmişdim. O, çox gözəl vurğuladı ki, şəhid analarımızda biri digər şəhid anasına deyirmiş ki, gözün aydın, oğlun şəhidlik zirvəsinə ucaldı. Mən Gəncə və Bərdə hadisələrində anaların atalara "Bu övladı sənin üçün yox, Vətən üçün dünyaya gətirmişdim" deməsinə şahid oldum.

Xanımlarımız, əsgər analarımız , Azərbaycan qadını bu savaşda tam fərqli mövqe göstərdilər. Onların da bu zəfərdə fərqli payları var. Hamısının əllərindən öpürəm. Allah şəhidlərimizə rəhmət eləsin.

Şəhid analarına demək istərdim ki, oğlunuzun ruhu şaddır. Onunla qəlbinizə su səpin. İnsanlarımıza isə demək istərdim ki, gəlin bu günləri heç vaxt yaddan çıxarmayaq. Bizim oğullarımız Vətən yolunda canlarını əsigəmədilər.

Əsgərlərimizin bir missiyası da var idi, onlar ölümə yox, öldürməyə gedirdilər. Qələbə qazanmağa, torpaqlarımızı azad eləməyə yollanırdılar. İstərdim ki, illər sonra da şəhidlərimizin, qazilərimizin adını bugünki kimi uca tutaq. Əminəm ki, belə də olacaq.

- "Birinci Studiya"dan xəbər təqdim etməyin nə kimi çətinlikləri var? Xəbər proqramından analitik-informasiya proqramına keçməyinizin məsuliyyəti nədən ibarətdir?

- "Birinci Studiya"dan xəbər təqdim etməyin şərəfi və məsuliyyəti var. Məhz o studiyadan qələbə xəbərlərini təqdim etmək şərəfli idi. Biz verilişimizi əsgər salamı ilə başlayııq və bundan sonra da belə davam edəcək.

"Birinci Studiya" mənim üçün çox fərqli bir platforma oldu. Xəzər Televiziyasının baş direktoru Murad Dadaşova sonsuz təşəkkürlərimi bildirirəm, yaratdığı bu meydan, yaradıcı mühit və söz azadlığı üçün. O da kimə, nəyi etibar edəcəyini bilirdi.

Əminəm ki, biz də o etimadı doğrultmağı bacardıq. Gələn mesajlardan başa düşdüm ki, həqiqətən "Birinci Studiya" birincidir. Ölkənin ən sevilən ictimai-siyasi verilişidir. Gözümüz aydın olsun, daim qələbə sevinci yaşayaq!


Müəllif: Rəqsanə Həsənova