10 Fevral 2021 09:39
2 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Can gedirik almağa" meyxanası ilə məşhurlaşan meyxanaçı Rövşən Binəqədili Teleqraf.com-un qonağı olub.

Onunla müsahibəni təqdim edirik:

- Rövşən bəy, Vətən müharibəmizdə "Can gedirik almağa" meyxananız məşhurlaşdı. Bu meyxana necə yarandı?

- "Can gedirik almağa" meyxanasını Tovuz döyüşləri zamanı yazdım və söylədim. Əmim oğlu da döyüşə getmişdi. Meyxana geniş yayıldı və məşhurlaşdı. "Can gedirik almağa" meyxanasını bir gecədə yazmışam. Ondan başqa, "Gəlirik biz" adlı meyxanam da populyarlaşdı.

- Bu meyxanadan sonra sənət fəaliyyətinizdə nə dəyişdi?

- Meyxanam məşhurlaşıb, mən isə sima olaraq tanınmıram.Təbii ki, müəyyən qədər tanıyanlar da var. Televiziyalara da çıxacağıq.

- İnsanların bu meyxanaya reaksiyası necə oldu?

- İnsanlar görəndə təşəkkür edirlər. Meyxanaya qarşı əks-fikir görmədim.

- Vətənpərvərlik mövzusunda yazdığınız meyxanaların davamı gələcəkmi?

- Bəli, davamı gələcək. Yaxın günlərdə şəhidlərimizə həsr etdiyim "Unutmaq olmaz" meyxanası yayıldı. Mən bir müddət meyxana sahəsindən uzaqlaşmışdım, başqa sahə ilə məşğul olurdum. "Azercell"də enerji sahəsində işləyirdim.

- Sənətdən uzaqlaşmağınıza səbəb nə oldu?

- Səhhətimlə bağlıydı. Keçmiş Mədəni-Maarif Texnikomununun (indiki Bakı Humanitar Kolleci) kulturologiya fakültəsini bitirmişəm. "Şəlalə" ansamblında "Əziz dostum" mahnısı ilə qalib olmuşam. Sonra iflic oldum, astma xəstəliyindən əziyyət çəkdim. Krımda müalicə aldım və sağaldım. Bundan sonra düşündüm ki, sənətə qayıtmaq lazımdır.

Təqribən üç-dörd il öncə yenidən meyxana sahəsinə gəldim. İfa etdiyim ara mahnıları var idi və sosial şəbəkələrdə gündəmdə idi.

- "Can almağa gəlirik", "Gəlirik biz" meyxanaları isə yaradıcılığınızda təkan oldu...

- Əlbəttə... Şəhidlərimiz haqqında yeni meyxanalarım da olacaq.

- Özünüzə rəqib hesab etdiyiniz meyxanaçı varmı? Meyxana sahəsində Namiq Qaraçuxurlu, Pərviz Bülbülə daha çox tanınır. Sizin bu meyxanaçılardan hansını qəbul edirsiniz?

- Əlbəttə, Namiq Qaraçuxurlunu qəbul edirəm. Ona qarşı böyük simpatiyam var, o, böyük sənətkardır. Meyxana folklor janrıdır, Namiq Qaraçuxurlu onu yaşadır.

- Namiq Qaraçuxurlu meyxanaçı kimi başladı, fəaliyyətinə müğənni kimi davam etdi. Sizcə, o, özünü meyxanaçı, yoxsa müğənni kimi daha yaxşı göstərir?

- Düşünürəm ki, hər ikisini yaxşı bacarır. Namiq Qaraçuxurlu ustaddır.

- Onu ustad adlandırmaqda səbəb nədir? Digər həmkarlarından nə ilə fərqlənir?

- Siz sual verdiyinizə görə Namiq Qaraçuxurlunun adını qeyd etdim. Təbii ki, ustadlarımız var, Ağasəlim Çildağ, Nizami Rəmzi və başqaları.

- Adını qeyd etdikləriniz klassik meyxananın təmsilçiləri idilər. Klassik meyxana özünü qorumadı, formasını dəyişdi. Sizcə, bu, zamanın tələbi idi?

- Bəli, zamanın tələbi idi. Klassik meyxanalar mağar toylarında olurdu. Tədricən restoranlara keçdik və bu da meyxananın məzmun və formasına təsir etdi. Camaatın tələbi yavaş-yavaş fərqli olmağa başladı.

- Bir çox meyxanaçılar erkən yaşda dünyasını dəyişdilər, Vüqar Biləcəri, Aydın Xırdalanlı... Onların sırasında intihar edənlər də oldu. Ümumiyyətlə, meyxanaçıların faciəli taleyi var. Bu haqda nə düşünürsünüz?

- Nə bilim, vallah... Allah verən ömürdür. Meyxanada həyat tərzi çətindir. Gecə toy mərasimlərində iştirak etmək, problemlər və s. İnsan durduğu yerdə heç nə etməz. O qədər sənətkarlarımız var ki, haqq yolundadırlar və ibadət də edirlər, mən də daxil olmaqla. Yəqin ki, həyat - insan xarakterindən asılıdır.

- Namiq Qaraçuxurlu ilə dostluq münasibətiniz varmı, onunla işbirliyiniz ola bilərmi?

- Birgə uğurlu bir layihəmiz olmalıdır. Yaxın bir insan Namiq Qaraçuxurluya müraciət edib və müsbət cavab alıb.

- Hansı meyxanaçıları dinləyirsiniz?

- Namiq Qaraçuxurlu, Rəşad Dağlı... Başqaları da var. Ümumiyyətlə, tanınan bütün meyxanaçıları dinləyirəm.

- "Can gedirik almağa" meyxananız səs-küyə səbəb oldu. Həmkarlarınız uğurlarınıza görə sizi təbrik etdilər?

- Bəli, bir çox meyxanaçılar məni təbrik etdilər, Namiq Qaramuxurlu, Tərlan Novxanı və s. Hamı deyir ki, torpaqlarımızın azad edilməsində bu mahnının böyük ruh yüksəkliyi yaratdı. Əgər qələbəmizdə bizim də payımız varsa, buna çox sevinirik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.

- Fəaliyyətinizlə bağlı gələcək planlarınız nədir?

- Ancaq vətəpərvərlik mövzuda mahnılar yazdırmaq istəyirəm. Şəhidlərimizin ilinə qədər vətənpərvərlik mövzulara müraciət edəcəm. Vətənpərvər şair olmaq istəyirəm.

- “Can almağa gedirik” meyxananıza üç xanım klip çəkdirdi, klipdə rəqs etdilər. Bu da birmənalı qarşılanmadı, tənqidlərə məruz qaldı. Siz klipi necə dəyərləndirirsiniz?

- Xanımlar klip çəkdirərkən məndən icazə almışdılar. Amma klip mənim də xoşum gəlmədi və onlara iradımı bildirdim. Cavabında dedilər ki, biz sizi populyar etdik.

- Siz meyxanaya necə klip çəkdirərdiniz?

- Döyüş bölgəsində cəsur igidlərlərlə klip çəkdirərdim. Yəni klip məzmuna uyğun gəlməliydi. Mən xanımlara təklif etdim ki, klipi sildirinsinlər, ayıbdır. Onu heç kim bəyənmədi, nəinki mən.

- Meyxananızda qeyd etmisiniz ki, Laçın, Zəngilan və Qubadlını almağa gedirik. Maraqlıdır, işğaldan azad edilən hansı şəhərimizə getmək istəyərsiniz?

- Şuşada konsert vermək istəyirəm.

- Döyüş bölgələrində olmusunuz?

- Hadrutda olmuşam. Əsgərlərimiz meyxanalarımı əzbər deyirdilər, mən orada olanda ancaq onlar oxuyurdular.

- Son zamanlar deyişmələrə maraq azalıb. Sizcə, buna səbəb nədir?

- Mənim də deyişmələrə marağım azalıb. Deyişmə sual-cavabdır, yarışdır, mütəmmadi istifadə etməlisən, eləcə də söz meydanında olmalısan.

- Məşhurlardan kiminlə deyişmək istərsiniz? Hansı meyxanaçılar ilə deyişmisiniz?

- Bir çox meyxanaçılarla deyişmişəm - Rəşad Dağlı, Aydın Xırdalanlı, Vüqar Biləcəri ilə. Məşədibaba, Ağasəlimlə də deyişmişəm, toy mərasimlərində olmuşam.

- Artıq məşhurlaşmağa başlamısınız. Tanınmaq necə hissdir?

- İnsanlar mənə yaxınlaşıb, şəkil çəkdirmək istəyəndə utanıram.

- Meyxana beş ilə öncəyə nisbətən aktuallığını itirib. Buna səbəb nədir?

- Meyxanaçılar Rəşad Dağlı, Orxan Lökbatanlı olmasa meyxana daha da aktuallığını itirər. Elə məni götürək, kənara çəkilmişəm. Təbii ki, buna pandemiya da təsir etdi.

- Pandemiya dövrünü çıxmaq şərti ilə toy mərasimlərinə gedirsiniz, pul da qazanırsınız...

- Toy mərasimləri insanı çox yorur. Mərasimin nə zaman bitəcəyi bilinmir. Gecələr yatmırsan, psixologiya pozulur.

- Meyxana da sənət bir janrdır, elə deyilmi?

- Folklor janrıdır, ədəbiyyatın bir qoludur. Bədahətən gəlir, düzdür, istedad da olmalıdır. Ancaq vergi də rol oynayır.

- Hər kəs meyxanaçı ola bilər?

- Şair, qəzəlxan ola bilərlər, amma hər şeir yazanın meyxanaçı olmasına inanmıram.

- Bir çoxları meyxanaçıların intellektual səviyyəsinin aşağı olmasından gileylənir...

- Sadə izah etsək, meyxana deyən bir çoxlarının savadı yoxdur. Savadı olanların meyxanası da səviyyəli olur.

- Meyxana sahəsində nəyi dəyişmək istəyərsiniz?

- Meyxananı bacarmayanları uzaqlaşdırardım.

- Meyxana bacarmayanlar kimlərdir, ad çəkə bilərsiniz?

- Tanınmışlar arasında yoxdur. Loru dildə olan meyxanaları yığışdırardım.

- Əvvələr hansı mövzuda meyxanalar ifa etmisiniz?

- Meyxanalarımda sevgiyə üstünlük vermişəm. Amma əvvəl ifa etdiyim meyxanalarımı indi bəyənmirəm. Onları dinləyəndə təəccüblənirəm ki, bunu mən yazmısam?! Hazırda yeni mahnılar üzərində işləyirəm, kliplər çəkdirəcəyik.

- Namiq Qaraçuxurlu şəhidlərimizə görə yaradıcılığını dondurub və televiziyalara çıxmır. Efirə çıxan həmkarlarınızı necə qarşılayırsınız?

- Normal qarşılayıram və hər kəsin öz fikri var. Məncə, Namiq Qaraçuxurlu ən yaxşı variantı seçdi.

- Meyxana sahəsinə musiqili meyxananı Pərviz Bülbülə gətirdi?

- Xeyr, musiqili meyxananı ilk dəfə efirə ustad sənətkar Nizami Rəmzi gətirib. Molla Məhəmməd “Bakılı balasıyam” mahnısını ifa edib.

- Qadınların meyxana deməsini necə qarşılayırsınız? Samirə Yusifqızı da meyxanaçı kimi tanınır.

- Xanım meyxanaçı ilə toy mərasimlərinə gedəndə alqışın ucu-bucağı olur. Meyxana sənəti xanım üçün deyil, amma insanlarda maraq yaradır.

- Samirə Yusifqızı ilə toy mərasiminə getmisiniz?

- Xeyr, getməmişəm.

- Namiq Qaraçuxurlu və Pərviz Bülbülə xanım müğənnilərlə duetindən sonra daha da məşhur oldular.

- Xeyr, Namiq Qaraçuxurlu Aygün Kazımova və Könül Kərimova ilə duetindən öncə populyarlıq qazandı. O, “Rəvayət”i ilə məşhurlaşmışdı. Sadəcə duet oxuyaraq sənətini inkişaf elətdirdi. Duet oxumadan öncə o qədər də tanınmırdı.

- Müğənnilər Damla və Türkan Vəlizadəni Pərviz Bülbülə tanıtdı. Sizin necə, gələcəkdə hansısa müğənni ilə duet oxumaq fikriniz varmı?

- Bu haqda öncədən fikir bildirə bilmirəm. Bir ildən sonra hansısa müğənni ilə duet oxuya bilərəm. Mən də yeni bir sima ilə duet oxumaq istəyərəm.

- Rövşən bəy, ailəniz haqqında məlumat verə bilərsiniz?

- İki övladım var, atam ticarətlə məşğuldur.

- Bir az öncə səhhətinizdəki problemə görə sənətdən uzaqlaşdığınızı qeyd etdiniz.

- Beş yaşımdan astma xəstəliyindən əziyyət çəkmişəm. İflic keçirmişəm, üç il hərəkət edə bilməmişəm. Krımda müalicə almışam. Uşaqlıq illərim xəstəxanada keçib. Uşaqlıq dövründə çox ağır günlər yaşamışam. Pəncərədən həyətdə oynayan uşaqlara baxanda düşünürdüm ki, mənə də uşaqlarla oynamaq qismət olacaq? Beş yaşımdan on altı yaşıma qədər xəstə olmuşam. Şükür Allaha, sağaldım.

- Xaricilərin meyxanaya marağı varmı?

- Meyxanalarımızı Türkiyədə, İsraildə, Rusiyada dinləyirlər. Mənə çox ölkələrdən zənglər gəlib. Təsadüfən Türkiyənin TRT kanalına baxanda gördüm ki, mənim mahnım səslənir.

- Tolik sizin ifa etdiyiniz “Can almağa gedirik” meyxana haqqında danışarkən adınızı qeyd etmədi…

- Mahnı geniş yayılıb. Məni ordum, əsgərlərim tanıyır. Tolik mənim adımı qeyd etməli idi.

Foto: Ceyhun Rəhimli


Müəllif: Mənsur Rəğbətoğlu, Rəqsanə Həsənova, Tapdıq Qurbanlı

Oxşar xəbərlər