Məşhur diktor və aparıcı Nailə İslamzadə MTV Azərbaycan kanalında yayımlanan “Üzə-düz” verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Nailə İslamzadə televiziya mühitindən danışıb:
“Bir-iki sosial verilişlər var ki, orada aparıcılar özlərini daha azad hiss edirlər. Bəzən tamaşaçı və ya verilişin iştirakçıları ilə o qədər də yaxşı davranmırlar. Biz heç kimə hakim ola bilmərik. Bu haqqı heç kim verməyib. Heç ora gələn qonaq da... Heç kim heç kimi qınaya bilməz, üstünə gedə bilməz ki, sən niyə belə yaşamısan. Çünki onun yaşadıqlarını özü bilir. Kənardan baxmaq asandır, aparıcı tərəf olmamalıdır. Hər kəsi olduğu kimi qəbul etmək lazımdır. Qərarı ekspert verməlidir, aparıcı yox.
Təbii ki, yersiz hərəkət edən aparıcılara görə xəcalət çəkirik. Bu kimi hallar olmasa daha yaxşı olar. Məşhurluğu hər kəs daşıya bilmir. Hər kəs özünü ulduz sayır, ulduzlar göydə olur, yerdə yox. Bizim peşənin özünü sevmək lazımdır, amma bəziləri peşənin özünü deyil, ona verdiklərini sevir. Peşə nə gətirir? Mən heç vaxt populyarlığımdan istifadə etmədim, ona görə də heç nəyim yoxdur.
Heç kimin qapısını döymədim. Nəyisə reklam da edə bilmədim, amma bu normaldır. Aparıcılar toy mərasiminə də gedirlər, bu da normaldır. Bəs, haradan qazansınlar? Düzdür, mən aparıcı kimi toylara getmədim, amma gedənlərdə də qəbahət görmürəm. Bizim böyük sənətkarlarımız da məclislərdə iştirak ediblər, ordan tanınıblar. Məsələ burasındadır ki, bunu daha gözəl şəkildə, ifrata varmadan etmək lazımdır. Efir bayağılığı sevmir, tamaşaçı bunu tez hiss edir.
Aparıcıların geyim məsələsi də ciddi problemdir. Hər verilişin özünə uyğun geyimi seçilməlidir. Cəmiyyətdə də hər yerin öz geyimi olmalıdır. Açıq-saçıq geyimlərə gəldikdə, bunu müğənni edə bilər. Çünki səhnəyə çıxır, şou göstərir, obraz yaradır. Biz azərbaycanlı olduğumuzu qoruyub saxlamağı bacarmalıyıq. Mənim azadlığım, başqasının azadlığı başlayan yerdə bitir. Mənim azadlığım kameranın o tərəfinə kimidir. Ondan sonra tamaşaçılar var. Necə biz onların azadlığını pozub, istəmədiyi şeyi onlara sırıya bilərik?!”.
Nailə İslamzadə ailəsindəki itkilərdən də danışıb: “Qardaşımın ölüm xəbərini çəkilişdən əvvəl eşitdim. Atam rəhmətə gedəndə də efir dönəmlərim idi. Belə hallar efirdə təsir edir, amma tamaşaçıya bunun aidiyyəti yoxdur. Biz özümüzü toplayıb, xəbəri çatdırmalıyıq. İşimizi görüb, öz əhval-ruhiyyəmizi işimizə yansıtmamalıyıq.
Üç qardaşımı xərçəng və qəza ucbatından itirmişəm. Mən evdə uşaqların ən kiçiyi idim. Böyük qardaşım məndən 11 yaş böyük idi. Oğlanların içində böyümüşəm, onlar qışda tətilə gələndə, quş ovlamağa gedirdilər. Evimizin arxasında qoruq var idi. Məni də özləri ilə aparırdılar, anam deyirdi, imkan verin bu qız xanım kimi böyüsün. Futbol oynayanda məni qapıya qoyurdular. Sonra böyüyürsın, çəhrayı eynəkləri çıxarırsan. Həyat dəyişdirir, yaxşını, pisi görürsən. Mənim üçün həyat gözəl idi, həm də çox uzun müddət. İnsanları tanımırdım. Sonra tanımağa başladım, indi yaxşı tanıyıram".
Nailə İslamzadə onu da deyib ki, həya təcrübələrdən insanları tanıyıb: "Səhvlərdən qorxmaq, peşman olmaq lazım deyil. Onlar hamısı bizimdir. Yalnışlar olmasa, biz həyatı öyrənə bilmərik. Yıxılanda ağıllı dura biləsən ki, bir də yıxılmayasan.
Mən əqrəb bürcüyəm. Bu bürc altında doğulanlar iradəli, dözümlü olurlar, irəli gedirlər. Mənim anam bəy qızı olub, qürurlu olub. Heç kimin qarşısında əyilməyib. Dürüst qadın olub. Onun xarakteri mənə də keçib. Mən də çox səhvlər etmişəm, amma hansısa hadisəyə başı alovlu gedən deyiləm. Səhv edəndə onun yanlış olduğunu sonra dərk edirik.
Heç nədən peşman deyiləm. Bu dünyada ölümdən başqa hər şey yalandır. Sevdiyin adam sənə göz yaşı verirsə, yanında deyilsə, deməli, sənə layiq deyilmiş. Deyirlər ki, ürəyə hökm eləmək olmaz, amma lazımdır".