Gecə saatlarında vəfat edən müğənni Rəhim Rəhimlinin evində vida mərasimi keçirilir.
Mərhumun dostu bəstəkar-müğənni Murad Arif Teleqraf.com-a açıqlamasında deyib ki, Rəhim Rəhimlinin vəfat etməsini xəbər portallarından oxuyub:
"Dərhal evinə gəldim. Rəhimin bir çoxlarının üzərində mənəvi haqqı var. Burada sənət dostlarından daha çox fanatlarının olmasını və izdihamla dəfn edilməsini istəyərdim. Onunla bir ay əvvəl danışmışdım və yazmışdı ki, dostum, səni görə bilmədim. Onunla tez-tez danışırdım, amma heç vaxt səhhətində problem olduğunu söyləməmişdi. Əcəldi.... Anası ilə yaşayırdı. Onun itkisi anası üçün çox ağırdı.
Rəhim son illərini anasının müalicəsinə həsr etmişdi. Anası ağır xəstədir. O, anasını Türkiyəyə müalicəyə aparırdı. Çox xeyirxah və yaxşı insan idi".
Qeyd edək ki, Rəhim Rəhimli 43 yaşında ürək tutmasından vəfat edib. Hazırda ifaçının evində media nümayəndələri və sənətçinin yaxınları var. Sənət dostlarından isə yalnız Murad Arif gəlib.