3 Noyabr 2022 17:02
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Alim Qasımov ARB televiziyasında yayımlanan “Maqazin Plus” verilişində açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, “Həmişə sizə Alim Qasımov kimi müraciət edirlər. Amma heç kim sizə Pənah demir” sualını xalq artisti belə cavablandırıb: “Bəli, Pənah demirlər. Rəhmətlik anam o vaxt adımın Pənah olmasını istəyirmiş. Xəstəxanada bir qadın deyib ki, oğlumun adı Alimdir. Anam da deyib, adı Alim qalsın. Doğum tariximi bilmirəm. Ad günüm dəqiq bilinmir”.

Xalq artisti gənclik illərində satıcı işlədiyini etiraf edib: “Məhəlləmizə dondurma satan gəlirdi. Ona dedim ki, sən başqa işlərini gör, bu məhəllədə donurmanı mən satım. Dondurma satmaqla bir-iki manat irəli düşürdüm. Süd-qatıq da satmışam. O zaman əsl Alim Qasımov idim, indi oxuyan Alim Qasımovam”.

Öz istədiklərinə çatıb-çatmadığı sualını cavablandıran Alim Qasımov deyib ki, o vaxt nə istədiyini bilmirmiş: "Nə savadım, nə də iddiam olub. Hərdən Allahdan nəsə istəməyə utanıram. Mənim istəyə bildiyim qabiliyyətimə görə yox, ondan artığını verib. Allah mənə hörmət verib, başqa nə istəyim?..”

Alim Qasımov xalq artisti Natiq Şirinovla quda olmasını Allahın qisməti hesab etdiyini söyləyib: “Bu da bizim ailə qismətimizdi. Nəvlərimin hamısı oxuyur, onları mən həvəsləndirmədim. Mahnıları məndən də yaxşı oxuyurlar. Fatiməyə deyirəm ki, filan mahnını mənə də öyrət. Sənət gələcəyini isə ailəsi qərar verə bilər. Sənətdə məndən kömək istəsələr, məmuniyyətlə edərəm. Fərqanə mənim anamdır, bacımdır, yol yoldaşımdır, dostumdur, qardaşımdır, evimizin böyük övladıdır, ağbirçəyimizdir”.

Qocalmaq qorxusundan söz açan Alim Qasımov deyib ki, 60 yaşında zamana təslim olub: "Allaha təşəkkürümü bildirdim. Qalan beş ili də yaşayıram. Səhhətimdə problem yaranmışdı, həkimlər əməliyyat olunacağımı dedilər. Sonra analizin cavablarını Ankaraya göndərdik. Əzələ ağrılarım keçdi və əməliyyat edilmədim”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər