“Seriallarımıza 20-30 manata çəkilənlər var. Aktyorları qınamıram. Düzdür, tanıdığım bir çox yaxşı aktyorlar var ki, o pula çəkilməkdən imtina ediblər. Amma bu məbləğə çəkilən aktyorları da qınamaq olmur. İstəyir ki, bacarığı görünsün. Amma nədənsə seraillara çəkilənlərin çoxu bacarıqsızdır. Söhbət aktyorun aldığı puldan getmir".
Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Azər Axşam ARB televiziyasında yayımlanan “Sözbaz” verilişində qonaq olarkən deyib.
Aktyor öz qazancından da söz açıb: "Mən günümə 20 manat alıram, amma elə oynayıram, eşidən desin ki, o cür aktyora 20 manat verərlər? Eləsi də var, 20 manat verirlər, tamaşaçılar deyirlər ki, ona bu da çoxdur”.
Çətinliklərdən şikayətlənən Azər Axşam borclarının olduğunu da etiraf edib: “Yaxşı işim olsaydı, 50 yaşımda bu sənətdən uzaqlaşardım. Tam səmimiyyətimlə deyirəm, bu gün mənim bu sənətdə işləməyəmin səbəbi başqa iş tapa bilməməyimdir. Başqa qazanc yerim yoxdur.
İmkanlı bir atam, dayım olsaydı, bir obyekt açıb desəydi ki, gəl buranı işlət, böyük məmnuniyyətlə sənətdən uzaqlaşıb, gedib obyekti işlədərdim. Sadəcə başqa iş bacarmıram, imkanım yoxdur, məcburam. Üzərimdə borclar var. Məcburəm onları ödəyim”.