Mərhum xalq artisti Əlibaba Məmmədovun qızı Rəqsanə Məmmədli atasının məzarının üstünün götürülməməsindən danışıb.
Rəqsanə Məmmədli Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:
"Atamın hələ də məzar daşı qoyulmayıb, boş torpaqdır. Səbrli oldum və gözlədim. Mənə Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Tresti iki dəfə məzar eskizi hazırlayıb göndərdilər. Birinci eskiz keçən ilin avqustunda idi. İkinci eskizi isə noyabrın 11-də göndərdilər. Axırıncı eskizdə səhv var idi, atam haqqında SSRİ xalq artisti yazmışdılar. Onlara bildirdim ki, atamın məzar daşında Azərbaycanın xalq artisti kimi qeyd edin. Bizə bildirmişdilər ki, 16 min manat pul ayrılıb. Əlibaba Məmmədov üçün necə məzar daşı istəyirsiniz? Onlara cavab verdim ki, l Fəxri Xiyabana uyğun necə məsləhət görürsünüzsə, elə məzar daşı hazırlayın. Birinci eskiz, ikincidən yaxşı idi və mən də razılaşmışdım ki, atamın məzarını ziyarət edəndə məzar daşı görək. Neçə aydan sonra ikinci eskizi göndərdilər. O zaman ailə üzvlərimin xoşuna gəlmədi. Düşündük ki, 16 minə uyğun deyil. Bilmirəm nəyi bəhanə edirlər. Guya ki, 16 minə dəfn mərasimi də daxil olub. Mənə şəxsən bildirmişdilər ki, 16 min manat pul ayrılıb. Vəziyyət budur".
Qeyd edək ki, Əlibaba Məmmədov 92 yaşında vəfat edib. O l Fəxri Xiyabanda dəfn edilib.