Hazırda ekranların ağlar gözlü Nazlısı olan Akademik Milli Dram Teatrının aktrisası Rada Nəsibovayla səmimi söhbəti təqdim edirik.
- Rada xanım, Azər Paşa Nemət teatra bədii rəhbər və baş rejissor təyin olundu. Bu qərarı Siz necə qarşıladınız?
- Çox sevindim. Doğrudur, indiyə kimi Azər Paşa müəllimlə işləməmişəm. Amma o bilir ki, ona hörmətim, sevgim sonsuzdur. Tamaşalarına da sevə-sevə baxmışam. Sevdiyim rejissorlardan Bəhram Osmanov, Nicat Kazımovun bir çox işlərini də bəyənirəm. Mikayıl Mikayılovun tamaşalarına dönə-dönə baxmışam. Ola bilsin ki, kiminsə adını unutdum. İstedadlı, sözünüdemiş rejissorların tamaşalarını hər zaman izləmişəm. Yaxşı iş varsa, buna göz yummaq mümkün deyil. Genişqəlbli, dürüst olmaq lazımdır. Məncə, Azər Paşa Nemətin teatra bədii rəhbər və baş rejissor təyin olunması teatr üçün hər mənada faydalı olacaq.
- Gəncədən gələn bir aktrisanın “Azdrama”nın səhnəsində qərar tutması çoxmu çətin oldu?
- Əlbəttə, çətin oldu. Burada hər şeyi sıfırdan başlamalı idim. Uşaqlıqda həkim olmaq istəyirdim, məktəbin son siniflərində fikrimi dəyişdim və dedim ki, aktrisa olacam. Sənədlərimi Mədəniyyət və İncəsənət Universitetinə verdim. Amma aktyorluğa deyil. Çünki qiyabi oxumağa məcbur idm və aktyorluq ixtisasının qiyabi şöbəsi yox idi. Kulturologiya fakültəsinin prodüser ixtisasına daxil oldum, həm təhsil aldım, həm də o dönəm işləməyə başladım. Ancaq ilk iş yerim Gəncə Teatrı olub. O vaxt 16 yaşım var idi və universitetdə oxumurdum. O teatrın səhnəsində “Ağakərim xan Ərdəbili” tamaşasında Leyla, “Nəsrəddin” tamaşasında Pəri, “Oqtay Eloğlu” əsərində Sevəri canlandırdım. Teatr təcrübəmi teatrda işləyə-işləyə qazandım. Təhsilimlə əlaqədar Bakıya yerləşməli oldum, kirayədə qalırdım, ona görə eyni vaxtda bir neçə işin qulpundan tuturdum ki, dolana bilim. Bir müddət İrəvan Teatrından çalışdım, orada həmişə əsas obrazlar canlandırdım. Hətta bir müddət işlə bağlı Muğam Teatrına da gedirdim. Akademik Milli Dram Teatrına qəbul olunmaq bir az çətin idi. Teatra 2007-ci ildə Maqbet Bünyatovun vaxtında gəlmişəm və müqavilə ilə işləmişəm. O zaman tamaşada oynayırdım, elə yenicə işə götürülmüşdüm ki, sistem dəyişildi. Baxmayaraq ki, teatrlarda, televiziya tamaşalarında əsas rollar ifa etmişdim, amma burada hər şeyi sıfırdan başladım. Teatra gələndən kütləvi səhnələrə çıxırdım, hətta bir neçə il maaşsız işlədim. Tək burada deyil, çox vaxt mən sıfırdan başlamağı öyrənmişəm. Baş verən hər bir şeyi qəbul edirəm. Çünki nəyisə itirməkdən qorxmuram. Bilirəm ki, ruzini verən Allahdır. Ona görə hər anımda şükür edib, sıfırdan başlamışam. Heç kəs deyə bilməz ki, mən Radanın əlindən tutub onu haralarasa gətirmişəm. Sevinirəm ki, yaxşı insanlar da çıxıb qarşıma. Bu da Allahın mərhəmətidir.
- Aktrisa kimi neçə ildir ki, teatrın ştatındasınız?
- Son bir ildir. Bu vaxta kimi müqavilə ilə işləmişəm. İndi ən aşağı dərəcə ilə ştatdayam. Müraciət etmişəm ki, gələcəkdə nəzərə alınsın.
- Sizə qarşı ittihamlara heç vaxt mətbuat vasitəsilə cavab vermirsiniz. Niyə mətbuatdan qaçırsınız?
- Çalışıram ki, nə olur-olsun belə ittihamlara işimlə cavab verim. Nə qazanmışamsa, Allahın verdiyi ruzi ilə etmişəm. İnsan öz zəhməti ilə qazananda çox şirin olur. Çox kövrək insanam, mənə pislik edəndə həmin an qıcıq ola bilərəm, amma bir gün keçəndən sonra kinim qalmır.
Teatrda da heç kəs deyə bilməz ki, kiminsə haqqında arxada bir kəlmə söz də danışmışam. Əgər kiməsə nəsə sözüm varsa, həmişə özünə demişəm. Şəxsi məsələlərə görə sənət dostlarımla, iş yoldaşlarımla prinsip aparmamışam. Hər zaman deyirəm ki, əgər haqlısansa, səbr elə, haqq hər zaman yerini tapır.
Mətbuat işçisi olaraq bilirsiniz ki, teatrda müəyyən hadisələr oldu, o hadisələrə münasibət bildirmək üçün mənə çoxsaylı müraciətlər edildi. Dedim ki, özümdən böyüyə hörmət edirəm və hər şeyə də susmaqla cavab verirəm.
Yay tətilində çox çıxışlar oldu, hətta mənə də dəfələrlə müraciət olundu. Amma mən bu barədə danışmaq istəmədim. Çünki heç vaxt arzulamamışam ki, adım hansısa neqativ söz-söhbətdə, qalmaqallarda hallansın. Çalışıram ki, yaxşı nə varsa orada birinci olum, pis nə varsa, orada heç olmayım, olsam da, ən axırıncı olum. Mənim istəyim teatrda mehribançılığın yaranmasıdır.
- Rəqibləriniz çoxdur?
- Bilmirəm. Heç kimə rəqib gözü ilə baxmıram. Mənə baxanları da görmürəm. Bir aforizmlə yaşayıram: gününü elə yaşa ki, sanki son günündür.
- “Bir ailəm var” serialında Nazlı adlı çox sevilən bir obrazınız var. Nazlını bu mövsüm nələr gözləyir? İpucu verə bilərsiniz?
- Nazlını nələrin gözləməsi barədə heç bir söz deyə bilmərəm. Sadəcə, onu deyim ki, serialın 3-cü sezonunu çox maraqlı hadisələrlə başlamışıq. Serialın çox gözəl kollektivi var. İnanın ki, o kollektivə gedəndə ruhum dincəlir.
- “Qaynana”dakı Sədaqətdən sonra Nazlının belə bəyəniləcəyinə inanırdınız?
- Sədaqət mənim ekranda ilk komik rolumdur. O, çox saf, təmiz hər şeyə, hər kəsə inanan biriydi. Ona qədər hər zaman dramatik obrazlar yaradırdım və o rolu mənə təklif edəndə bir az tərəddüd etdim, amma çox sağ olsunlar ki, mənə inandılar. Və mən də etimadı doğrultdum, deyilənə görə reytinqli obrazlardan biri idi. Sevinirəm ki, Nazlını da Sədaqət kimi çox bəyəndilər. Bu seriala görə iki dəfə “İlin ən yaxşı dramatik aktrisası” mükafatını almışam. Şəhərdə gəzəndə insanların sevgi ilə üstümə gəlmələri elə gözəl hissdir ki... Elə bilirəm həmin an mənə hər şeyi verirlər. O parıldayan gözləri görmək inanılmaz hissdir. Hər bir işdə olduğu kimi, bu serialda çatmayan nələrsə var, amma ümumilikdə “Bir ailəm var” serialı çox yaxşı qəbul olunur.
- Nazlı və siz - çoxmu oxşarlıq var?
- Nazlı həyatı dağılmış bir qadındır, ikinci dəfə ailə qurmaq istəyir. Hər bir qadının ikinci dəfə də ailə qurub, xoşbəxt olmağa haqqı var. Ətrafın dedi-qodusu, cəmiyyətin münasibəti həmişə xanımlarımızın xoşbəxt olmağına mane olur. Mən təbiətcə çox həssas, kövrəyəm. Sadəlövhəm, xeyirxaham. İnsan özü necədirsə rola münasibəti də o cür olur. Pisliyə susan, pisliyə də yaxşılıqla cavab verən biriyəm. Yaşadığım hər şeyi: sevincimi, kədərimi üzümdən oxumaq mümkündür. Bir sözlə, gözlərim hər şeyi ifşa edir. Özüm də çətin həyat yaşamışam.Bütün çətinliklərə baxmayaraq, oxumuşam, 16 yaşımdan işləyib, özüm-özümü dolandırmışam. Heç vaxt kiməsə ağız açmamışam. Bu keyfiyyətlər dramatik rolları ifa etməyimə yardımçı olur.
- Serialda tərəf müqabilim Elnur Kərimovdur. Son dönəm ekranların sevilən cütlüyü sizsiniz. Elnur necə tərəf müqabilidir?
- Elnurla oynamaq o qədər çətindir ki... (gülür). Bu insan qarşısındakı adamı dəqiqəbaşı güldürür. Nazlı serialboyu demək olar ki, ağlayır: ya keçmiş həyat yoldaşı ondan əl çəkmir, ya sevdiyi adama qovuşa bilmir, bu və digər səbəblər ortaya çıxır. Bir sözlə, işi heç düz gətirmir. Çəkiliş başlayır, Elnur Nazlıya deməlidir ki, niyə ağlayırsan, hər şey yaxşı olacaq. O sözü deyəndə elə hərəkətlər edir ki, gülməkdən özümü saxlaya bilmirəm. Axırı məcbur olub qaçıram əlindən. Bir dəfə verilişlərin birində “Bir ailəm var” kollektivi olaraq qonaq olmuşduq. Anam efirə baxandan sonra məndən çəkilişboyu niyə güldüyümü soruşdu. Deyirəm, çünki Elnur yanımda oturmuşdu, dediyi sözə, elədiyi hərəkətə gülməmək mümkün deyil. Axırda Həmidə xanım dözmədi, dedi, sən bununla necə çəkilirsən.
- Həqiqətən, serialda üzünüz gülmür...
- Təki, həyatda gülsün.
- Maraqlıdır, bir aktrisa kimi səni bu qədər ağlatdıqlarına görə ssenaristlərə şikayət etmisiniz?
- Etmişəm. Təbii ki, bu zarafatdır. Efirdə bölüm-bölüm gedir, amma həftəiçi mənimlə bağlı hadisələr bir yaxud iki günə çəkilir. Səhərdən axşama kimi o vəziyyətdə olmaq çox çətindir. Hələ təsəvvür edin, eyni hadisəni müxtəlif rakurslara oynayırıq. Amma sizə bir şey deyim, Nazlını sevməyimin bir başqa cəhəti də məhz budur. Efirdən baxanda ürəyimiz ağlayır Nazlıya. Axı cəmiyyətdir onu yazıq günə salan. Deyirlər ki, niyə belə göstərirsiniz. Çünki reallıqdır.
Hərdən internetdə hansısa aktyor, aktrisanın paylaşdığı şəkilin altında yazılan rəyləri oxuyuram, dəhşətə gəlirəm. Təndiq ola bilər, amma təhqir, söyüş əsla. Bəzən deyirəm ki, görəsən bu bizim gənclərdir, bizim insanlardır. Mən də kimisə sevməyə bilərəm, amma nə haqqım onu təhqir edim. Uzağı xoşuma gəlməsə, baxmaya bilərəm.
- Bəs özünüz haqda elə rəylər görmüsünüz?
- Özüm haqda görməmişəm. Kimsə məni bəyənmədiyini yazanda bunu qəbul edə bilərəm, amma təhqirə dözə bilmərəm.
- İndi aktrisa olmağınıza peşman deyilsiniz ki?
- Kənardan döyüş insana çox asan gəlir. Mən avtobusla, metroyla gedəndə soruşurlar ki, maşınınız yoxdur. Elə bilirlər ki, biz efir adamıyıqsa, bizdə hər şey gözəldir. Sənətimi çox sevdiyim üçün burdayam, peşman deyiləm, amma çox çətinliyi var. Həm söz-söhbəti çoxdur, həm kənardan münasibət birmənalı deyil. Cəmiyyətin qınağı çoxdur, təsəvvür edin ki, mənim aktrisa olmağımı qohumlarım indi-indi qəbul edirlər.
Nərmin Muradova