“İndi şou-biznesimiz yüksək səviyyədə deyil. Hamı pul dalınca qaçır və mədəniyyətə deyil, mədəyə qulluq edir. Amma bu sənətə xidmət edirsənsə, özünü xalqa yaxşı təqdim etməlisən. Əks halda həmin adam bu xalqa ləkədir. Hər bir müğənniyə deyirəm ki, qazandığın sənətə hörmət etməsən, bu xalqa ləkə olacaqsan".
Publika.az xəbər verir ki, xalq artisti, Opera Teatrının aparıcı solisti Samir Cəfərov bu sözləri yetirməsi, gənc müğənni Rasim Mustafazadənin klip təqdimatında söyləyib. Hər zaman səviyyəsini qoruduğunu da bildirən xalq artisti maraqlı açıqlamalarla çıxış edib:
“Mən həmişə səviyyəmi qoruyub saxlamışam. Səviyyəli sənətçilərlə duet oxumuşam. Biləsiniz ki, Röya ilə küsülüyük. O, Sevda Ələkbərzadə ilə duet oxuduğum üçün məndən küsüb. Çünki Olimpiya Oyunları zamanı Sevda ilə duet oxudum, Röya qaldı. Amma hər komandanın böyüyü olur. Bizim komandanın da yeni layihəsi olacaq və rejissor Rəhman Əliyev bizi barışdıracaq”.
Daha sonra o, yetirməsi ilə bağlı təəssüratlarını bölüşüb: “Çox uğurlu bir klip alınıb. Rasim qeyri-adi səs diapozonuna malikdir və mən fəxr edirəm ki, belə bir yetirməm var. Azərbaycan musiqisinə belə istedadlı müğənnilər çıxarmalıyıq”.
Qeyd edək ki, sözləri və musiqisi Azər Nəsibova məxsus olan “Haqdan deyil” adlı mahnı rejissor Rəhman Əliyevin yozumunda ərsəyə gəlib. Mahnınnı söz və musiqi müəllifi Azər Nəsibov da fikirlərini ifadə edib:
“Bu, mənim ilk mahnım deyil, sənət aləminin bir çox tanınmış müğənniləri mahnılarımı ifa edib. Samir Cəfərovun yetirməsi də mahnımı ürəyim istəyən kimi təqdim etdi”.
Bəstəkar onu da bildirib ki, yaxın günlərdə Samir Cəfərovla birgə “Ali baş komandan” adlı yeni bir layihəsini də təqdim edəcək. Sonda klip nümayiş olunub.