Əməkdar artist Mətanət İsgəndərli “Nəğmə olub gecələr” mahnısına çəkdirdiyi klipini bu gün mediaya təqdim edib.
Teleqraf.com-un məlumatına görə, təqdimat mərasimində çıxış edən müğənni bildirib ki, klip bir il öncə çəkilib, amma təqdimatı gecikib: “Təqdimat ərəfəsində əməliyyat olundum, sonra məhərrəmlik ayı düşdü. Apreldə cəbhədə gərginlik oldu, şəhidlər verdik. Ağrılı-acılı günlərimizə baxmayaraq, həyat davam edir”.
Sənətçi qeyd etdi ki, çəkilişlər çətin olub: “Çəkilişlər ötən yay Qəbələdə oldu. Üç gün çəkiliş davam etdi və demək olar ki, yatmadıq. Çox yorulmuşduq. Klip mənim ssenarim əsasında çəkilib. Heç bir klipimdə o qədər əziyyət çəkməmişdim. Hətta üstü açıq maşında çəkiliş zamanı az qaldı ki qəza keçirək. Klipdə Rəşad Kəsəmənli mənim sevgilim obrazında çıxış edir. O, çəkilişlərdə bir az utanırdı. Dedim utanma, elə bil mən sənin sevgilinəm”.
Aktyor, şair Rəşad Kəsəmənli də üç günlük çəkiliş müddətində çox gərgin iş rejimində çalışdıqlarını bildirdi: “Həmin vaxt rol aldığım bir bədii filmlə bağlı bığ saxlamışdım. Ona görə klipə də həmin imicdə çəkilmişəm. Çəkiliş zamanı hərdən əsəbləşirdik, iki dəqiqə sonra heç nə olmamış kimi işimizə davam edirdik. Çəkiliş səhər saat 5-də bitirdi, 8-də yenidən çəkiliş meydançasında olurduq. İşimizin nəticəsi isə klip şəklində sizlərə təqdim edirik”.
Qeyd edək ki, tədbirdə xalq artisti Gülyanaq Məmmədova, müğənnilərdən Vasif Məhərrəmli, Kərim Abbasov, tanınmış şair Vüqar Əhməd iştirak edirdi.
Onu da bildirdək ki, “Nəğmə olub gecələr” mahnısının sözləri Bəxtiyar Vahabzadəyə, musiqisi Niyaməddin Musayevə aiddir. Klipi rejissor Ceyhun Kərimov ekranlaşdırıb.
Rəqsanə Həsənova