3 Oktyabr 2018 09:01
1 759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lev Trotskini öldürən ispan kommunisti və NKVD casusu Ramon Merkader 1978-ci ildə Havanada ağ ciyər xərçəngindən dünyasını dəyişib.

Teleqraf.com Trotskinin qatili və Stalinin əmrlərinin sözsüz icraçısı olmuş kommunistin dosyesini təqdim edir.

Ramon Merkader 1913-cü ildə İspaniyanın Barselona şəhərində doğulub. Uşaqlıq illərində anası Fransaya köçdüyündən uşaqlığını Parisdə keçirib. Yeniyetmə dövründə kommunizmlə maraqlanan gələcək NKVD casusu 1930-cu illərdə İspaniyada fəaliyyət göstərən kommunist təşkilatlarına meyllənir və onlarla birgə işləməyə başlayır.

Siyasi fəaliyyətinə görə həbs edilən Merkaderin bəxti gətirir. Həmin dövrdə İspaniyada sol koalisiyanın hökumətə gəlişi onun tezliklə azadlığa çıxmasına səbəb olur. Həmin vaxt – 1936-cı ildə İspaniyada vətəndaş müharibəsi başlayır. Bu dövrdə Nahum Etinqonla tanış olan Merkader onun vasitəsilə NKVD-yə casusluq etməyə razılıq verir.

Etinqon Merkaderi Moskvaya göndərir və gənc kommunist burada casus kimi yetişdirilir.

1940-cı illərdə Stalin qatı düşməni və rəqibi Trotskini aradan götürmək fikrinə düşür. Məhz rəhbərin əmri ilə Merkader 1940-cı ildə jurnalist qiyafəsi ilə Lev Trotskidən müsahibə almaq üçün Meksikaya yollanır. Əsas məqsəd isə Stalinlə apardığı hakimiyyət mübarizəsində məğlub olan və SSRİ vətəndaşlığından mərhum olunan Trotskiyə sui-qəsd təşkil etmək idi.

Əslində 1940-cı ildə Trotski bir sıra Avropa ölkələrindən qaldıqdan sonra Meksikaya gəlmişdi və Mexiko şəhərində məskunlaşmışdı. Meksika hökuməti isə Trostskini cangüdənlərlə təmin etmişdi. Başqa sözlə, Trotski mühafizə altında yaşayırdı.

Ramon Merkader iki NKVD agenti ilə 1940-cı ilin 20 avqust günü, səhər saatlarında Trotskinin yaşadığı evə gəlir. NKV agentlərindən ikisi avtomobillə Trostskinin yaşadığı binanın yanında qərar tutur. Plana əsasən Merkader jurnalist adı ilə Trotskinin iş otağına daxil olacaq və onu səssiz şəkildə öldürəcək, daha sonra NKVD-çilərlə birlikdə avtomobillə hadisə yerindən uzaqlaşacaqdı.

Müsahibə almaq məqsədilə Trotskinin otağına daxil olan Merkader müsahibə zamanı onun başına buz baltası ilə zərbə endirir. Ancaq aradan çıxa bilmir. Cangüdənlər dərhal onu tuturlar. Eşikdə qatili gözləyən NKVD işçiləri isə hadisədən xəbər tutduqdan sonra Trotskinin yaşadığı binadan uzaqlaşır və dərhal Meksikanı tərk edirlər.

Bununla belə, Trotski dərhal ölmür. Aldığı zərbə ağır olsa da, cangüdənlərinə “”Onu öldürməyin, inanıram ki, bu adamın bizə danışacağı hekayəsi var” deyir. Trotski hadisədən bir gün sonra vəfat edir.

Qatil Mexiko hüquq-mühafizə orqanlarına təhvil verilir. Daha sonra cinayətkar məhkəmə qarşısına çıxarılır və 20 il müddətinə həbs edilir. Sovet kəşfiyyatı ona heç cür kömək edə bilmir, ancaq Stalin qarşısına qoyduğu məqsədə nail olur və özünün ən güclü rəqibini birdəfəlik zərərsizləşdirir.

Meksikada 20 il həbsxanada yatmalı olan Ramon Merkader 20 il sonra azadlığa çıxır. O, həbsdən sonra bir neçə dəfə SSRİ-yə səfər edir, eyni zamanda Kubada olur. Sonda Kubada məskunlaşmaq qərarı verir.

1961-ci ildə SSRİ rəhbərliyi qatilə Sovet İttifaqı Qəhrəmanı adını verir. Merkader Sovet İttifaqı Qəhrəmanı adı alan 27 əcnəbi ölkə vətəndaşından biri olur.

Qatil 1970-ci illərin sonunda xərçəng xəstəliyindən əziyyət çəkməyə başlayır. 1978-ci ildə isə Havana şəhərində ağciyər xərçəngindən vəfat edir.


Müəllif: Cavad

Oxşar xəbərlər