Barbara və Patrisiya Qrimz bacılarının ölümündən 62 il keçsə də, onların cinayət işi bu günə qədər açılmayıb.
Teleqraf.com vaxtilə dünyanı qəhərə boğan bu faciəvi cinayət hadisəsinin qısa xülasəsini təqdim edir:
15 yaşlı Barbara və 12 yaşlı Patrisiya bacıları 1956-cı il dekabrın 17-də evdən çıxıblar və bir daha geri dönməyiblər.
Onlar “Love me Tender” filminə baxmağa gediblər. Bacılar evə saat 23:45-də qayıtmalı idilər, amma gecə yarısına qədər gəlmədikləri üçün anaları dərhal polisə məlumat verir.
Polis qızların evdən qaçma ehtimalını nəzərə alaraq, səhərisi gün qapı-qapı gəzir. 25 gün müddətində dəmiryolu vağzalı, müxtəlif yerləri axtarır. Hətta öz dövrünün ən məşhur müğənnisi olan Elvis Presli belə qızların tapılması haqda müraciət yayır.
Qəribədir ki, hadisədən bir neçə gün sonra qızların anasına övladlarının azad edilməsi üçün kilsəyə pul ödəməsi haqda məktub daxil olur.
1957-ci ilin 12 yanvarında ana Federal Təhqiqatlar Bürosunun agentləri ilə qeyd olunan kilsəyə gedir, amma kilsədə heç kim olmur. FTB hesab edir ki, dərdli anaya məktub yazan şəxs psixoloji problemi olan xəstədir.
Bacıların donmuş və çılpaq cəsədləri isə 1957-ci i yanvarın 22-də inşaatda işləyən fəhlə tərəfindən Cikaqonun cənub-qərbində yerləşən German Çurçh küçəsində tapılır. Cəsədlər yolun kənarına, səkinin arxa hissəsinə atılı vəziyyətdə tapılır.
Qızların necə öldüyü və ya öldürüldüyünə dair qəti bir dəlil tapılmır. Onların bədənində hər hansı bir zorakılıq, qəddarlıq, bıçaq yarası, boğulma kimi izlər aşkar edilmir. Ancaq bacıların çılpaq şəkildə tapılamsı onların donaraq soyuqdan ölməsi versiyasını qəti təkzib edirdi.
Qızların anası bu hadisədən sonra FTB əməkdaşlarına və polislərə yalvararaq, onlardan bu cinayət işinin təqibini buraxmamağa, övladlarını öldürən qatili tapmasını xahiş edir. Polis anaya bu işi sona qədər araşdıracağı haqda söz versə də, bu günə qədər iki azyaşlı qızın qətlinin açılmasına nail ola bilməyib.
Qızların anası bir müddət əvvəl 83 yaşında vəfat edib.