Botsvanada dünyanın ən böyük “Ümid almazı”ndan sonra karatına görə ikinci “Okavango Blue” almazı nümayiş etdirilib.
Teleqraf.com xəbər verir ki, almaz ölkənin Qaborone şəhərindəki dövlətə məxsus Okavanqo Almaz Şirkətində təqdim olunub. Ölçüsü 41.11 karat olan bu nadir daş ölkənin mədənlərində indiyədək tapılan ən qiymətli almazdır.
Ekspertlər bildirirlər ki, Hindistanda tapılmış və hazırda Vaşinqtondakı Milli Təbiətşünaslıq Muzeyində nümayiş etdirilən 45,52 karatlıq “Ümid almazı” kimi, bu almaz da “mavi daş” tipindədir. “Okavango Blue” nun ondan üstünlüyü isə daha şəffaf olmasıdır. O, Amerika Gemologikal İnstitutu tərəfindən ən parlaq və təmiz almaz kimi qiymətləndirilib. Okavanqo Almaz Şirkətinin icraçı direktoru Markus Haar bildirib ki, yeni almazın rəngləri insanı valeh etməklə yanaşı, o birilərindən öz çalarları ilə fərqlənir. O, bu almazı Süd yolu qalaktikasındakı ulduzlara bənzədib.