Teleqraf.com şair Mətləb Ağanın Vilyam F. Nolanın məzmun və ideyası günümüzlə səsləşən "Loqanın qaçışı" fantastik əsəri haqda yazısını təqdim edir.
Bu ilin martında 92 yaşını tamamlayan, ABŞ elmi-fantastik ədəbiyyatının ustadlarından sayılan Vilyam F. Nolanın “Loqan” seriyasına bir neçə əsər daxildir.
Nolan seriyanın başlanğıc kitabını –“Loqanın qaçışı”nı (ilk dəfə 1967-ci ildə nəşr edilib) Corc Kleyton Consonla (digər ABŞ elmi-fantast yazıçısı) müştərək yazıb.
Kitab əsasında 1976-cı ildə eyni adlı film də çəkilib, rejissoru Maykl Andersondur. Həmçinin 1977-1978-ci illərdə CBS TV-də göstərilmiş teleserial da bu romandan qaynaqlanıb. Romanın məzmununu burada qısaca yazım:
Nüvə müharibəsi Yeri yaşayış üçün dözülməz hala gətirmişdi. Cavanlar yaşayış şərtlərindən çox narazıydı. Doğulan uşaqların sayını məhdudlaşdıran qanunun qəbulu onların səbr kasasını daşdıran son damla oldu. Tələbələr küçələrə axın etdi və tezliklə qəzəb zorakılığa çevrildi. Maşınlar və binalar yandırıldı. Polislər iğtişaşların qarşısını almağa çalışdı, lakin cəhdləri səmərəsizdi.
Prezident televiziya ilə əhaliyə müraciət etdi, dedi ki, dünya əhalisinin sayı demək olar, 6 milyarda çatıb, qidalanmağa yetərincə ərzaq tapılmır. Çətinliklər yüksələn xətlə artır. Ardınca prezident gənclərdən xahiş etdi ki, bu çətin dövrdə sakit dursunlar. Lakin onun çıxışı əks-effekt verdi: “Nə üçün prezidentin özünün 9 uşağı ola-ola, başqaları var-tut 2 uşaq törətməlidirlər?!”
Və zorakılıq coşdu. Azğın kütlələr siyasətçiləri ofislərindən sürükləyib çıxardılar və öldürdülər. Vaşinqton şəhəri yanğınlara büründü. Dəhşətə gəlmiş, qorxmuş insanlar küçələrdə qaçışdı. Şəhər yolları avtomaşınlar və qaçıb canını qurtarmaq istəyən adamlarla tıxandı. Polis qanun-qayda yaratmaqda acizdi. Ordu köməyə çağırıldı, lakin əsgərlər də gəncdi və küçələrdəki yaşıdlarına qoşuldular.
Zorakılq sürdükcə, hökumət işçiləri xilas olmağa çalışdı, dövlət idarələri boşaldı, gənclər iki həftədə Birləşmiş Ştatlar hökümətində peyda oldular, Vaşinqton şəhəri dağıdıldı və orada bir də heç kim yaşamadı.
Sonra dünya əhalisinin sayı ətrafında müzakirələr başlandı. Çeyni Mun adlı bir nəfər bu suala öz cavabını tapdı. 16 yaşı olsa da, o, bacarıqlı natiqdi, London, Paris, Berlindəki alovlu çıxışları sayəsində bütün dünyada daha da məşhurlaşdı. Adamlar inandılar ki, Çeyni onların xilaskarı ola bilər. 6 ay keçdi, Munun milyonlarla ardıcılı vardı və əksəriyyətinin də yaşı 15-dən də azdı. 5 ildən sonra Munun layihəsi qanun oldu və o, özü şəxsən 21 yaşında, birinci olaraq ölümə boyun əydi.
Gənc amerikalılar bu qanuna riayət etməyə başladı və növbəti 2 ildə 21 yaşdan böyük bütün şəxslər qətl edildi.
“Filosof” adlandırılan komputer insanların yaşayışını nizamlamaq üçün proqramlaşdırıldı və beləliklə, komputer hökumətinin dövrü yetişdi. Birincı “Yuxu otağı” Çikaqoda fəaliyyətə başladı və tezliklə hər bir şəhərdə quruldu.
“Yuxu keşikçiləri” üçün Proqram tədrisinə başlandı. Artıq 2072-ci ildə bütün dünya əhalisi cavanlardı. Yaşlılar bir daha olmayacaq və bir daha heç bir qərar qəbul edə bilməyəcəkdilər.
2116-cı ildə hər bir şəxsin yaşının son həddi qanunla ciddi şəkildə 21 yaşla məhdudlaşdırıldı. İnsanlar həyatlarının son gününə (“Lastday”) çatdıqda, bu haqda “Yuxu Evi”nə bildirməli və bu bildirişin ardından xüsusi polislər -“Sandman”lar (“Yuxu keşikçiləri”) tərəfindən öldürülməliydilər.
Bir insanın yaşı onun sağ ovcundakı hər yeddi ildən bir doğulandan 21 yaşa qədər rəngini dəyişən gül rəsmləri ilə müəyyənləşdirilirdi. Ovucdakı sarı rəng 0-6 yaşı, mavi rəng 7-13 yaşı, qırmızı rəng isə 14-20 yaşı göstərir, axırıncı il yanıb sönən qırmızı-qara ilə əvəzlənir və“Lastday” da 21 yaşın tamamında büsbütün qaralırdı.
Lakin bu qanuna təslim olmayıb, sonuncu gün barədə“Yuxu Evi”nə məlumat verməkdən boyun qaçıran və onları gözləyən amansız ölümdən qurtulub “Sığınacağ”a (“Sanctuary”) qaçmağa çalışan insanlar da vardı. Qaçıb qurtulardılarsa, “Sığınacağ”da əvvəlki cəmiyyətin diqtə etdiyi şərtlərdən azad yaşaya biləcəkdilər.
Logan “Dərin Yuxu əməliyyatçı”sıdır, (“Deep Sleep Operative”), DSO həmçinin, “Sandman”lar (“Yuxu keşikçiləri”) adlanır. (“Yuxu keşikçiləri” ifadəsini,biz həm ingilis nagıllarında oxumuşuq, uşaqları yatırtmaq üçün onların gözünə yuxu gətirici qum səpən xeyirxah Yuxu Pərilərini, həm də həyatdan ölümə keçidi bildirən simvol kimi işlədilir – müəllif). Onun işi ölümdən qaçanları güllələməkdir.
Lakin həyat şirindir və Loqan öz “Lastday”ində indiyədək çoxlarını acımadan yolladığı ölümdən qaçır, “Sığınacağ”ı axtarır.
Kitabın əvvəlində biz Loqanı mənfi ampluada görürük, hadisələrin inkişafında isə o, “Qaçıcı”lara rəğbət bəsləməyə başlayır və bu rəğbət sayəsində dəyişib qəhrəmana çevrilir.
Loqan “Qaçıcı” Doylu təqib edir, bu zaman Doylu “Kafedral”da “Cub”lar (cub-ingiliscə vəhşi heyvan balası deməkdir, əsərdə vəhşiləşmış, insanlıqdan çıxmış gənclyi ifadə edir – müəllif) öldürür, ardından Loqan əyləndiyi bir qızın köməyi ilə öz xarici görünüşünü dəyişmək üçün getdiyi gizli xəstəxanada təsadüfən Cessika adlı qadınla tanış olur və çox keçməmiş öyrənir ki, Cessika Doylun bacısıdır.
Əvvəl Loqanı öz qardaşının qatili sayan, amma az sonra fikrini dəyişən Cessika tezliklə onu sevir (Loqan da ona biganə deyil) və birlikdə “Sığınacağ”a qaçmağa çalışırlar. Qaçdı-tutdu oyunu başlayır.
Cütlüyə xilas olmaqda Ballard adlı şəxs yardım edir, hansı ki, Ballard doğularkən, doğum evində nadirən baş vermiş texniki problem nəticəsində 21 yaş məhdudiyyətindən canını qurtara bilmişdi.
Bu texniki problemin yaratdığı üstünlükdən Ballard (Bəxtin gətirməsi və ya doğru insan və doğru zaman? – müəllif qeydi) “Qaçıcılar”a yardımda faydalanır.
“Sığınacağ”ımızsa uzaqda - Mars planetinin yaxınlığındakı tərk edilmiş bir Koloniyada yerləşir.
Və nağıllardakı kimi xoşbəxt sonluq: Loqanla Cessika xilas olub, Ballardın vasitəçiliyi ilə kosmik raketlə Koloniyaya uçur, Ballardsa digər “Qaçıcılar”a kömək üçün Yerdə qalır.
İcazənizlə yazımı yekunlaşdırmaq istəyirəm.
Son səhifələrdə oxuduğumuz, Loqanın Mars koloniyasına uçuşundan öncə huşsuz halda, “Yuxu keşikçisi” Fransisin cildindəki Ballarda (o, bunu Loqanı yaxından tanımaq üçün qısa müddətə etmişdi) pıçıldadıqları, məncə, kitabın bütün mahiyyətini öz oxucusuna çatdıra bilir:
“Yer planeti, Dünyamız ölür, bu cür yaşamaq daha mümkünsüzdür. “Filosof” durdurulmalıdır. İnsanlar yaşamaq istəyir, onlar artıq dərk edib ki, bir zaman etdikləri, Çeyni Munun axmaq sözlərinə qulaq asmaları ondan da axmaq bir səhvdir, cinayətdir.
Yalnız gənclərin mövcud olduğu bu Dünya Təbiətin qanunlarına ziddir, bir səfehlikdir. Yer üzündəkiən böyük işləri, bax, o işləri yaşlılar, müdrik insanlar həyata keçirib, o adamlar ki, bizdən əvvəl doğulmuş və uzun ömür sürmüşdülər, çox yaşadıqlarına görə onların bizdən də çox fikirləşməyə və bizdən də çox yaxşı işlər görməyə (21 yaşadək yaşayanlarısa ancaq əyləncə, konsert, idman və cinsi ehtiras maraqlandırdı – müəllif) vaxtları bizdən qat-qat cox olmuşdu...”
Mənbə:William F. Nolan and George Clayton Johnson (co-authors), Logan's Run (novel ). Published by Vintage, 2015