Çinin “ByteDance” kompaniyası sahib olduğu “TikTok” sosial şəbəkəsinin Amerika seqmentinə görə ABŞ-ın “Oracle” və “Walmart” kompaniyaları ilə razılaşacağı təqdirdə onlardan 12 milyard dollar almağa ümid edir.
Teleqraf.com istinadla xəbər verir ki, “ByteDance” kompaniyası “TikTok” əlavəsinin dəyərinin 60 milyard dollar həcmində qiymətləndirilməsinə çalışır. Sövdələşmənin şərtlərinə görə, “Oracle” və “Walmart” kompaniyaları “TikTok”-un qlobal biznesinin müvafiq olaraq 12,5 və 7,5 faizini almaq hüququna malikdir. Beləliklə, əgər onlar həmin qiymətlə razılaşsa, “ByteDance” kompaniyasına 12 milyard dollar pul ödəməlidirlər.
ABŞ Prezidenti Donald Tramp sentyabrın 19-da jurnalistlərə bildirib ki, “Oracle” və “Walmart” kompaniyalarının “TikTok” əlavəsinin Amerika seqmentini almalarını dəstəkləyir. Onun sözlərinə görə, sosial şəbəkənin Amerika seqmenti öz adını saxlayacaq, onun Çinlə heç bir əlaqəsi olmayacaq və mənzil qərargahı Texas ştatında yerləşəcək.
Ağ ev administrasiyası bir milyarda yaxın istifadəçisi olan sosial şəbəkənin Çin hökuməti ilə əlaqəli olduğunu və Pekin üçün məlumat toplamaq üçün istifadə edildiyini düşünür. “TikTok” isə öz növbəsində bu iddianı qəti şəkildə inkar edir.
Qeyd edək ki, “TikTok” 2020-ci ilin avqust ayı ərzində dünyada ən çox yüklənən əlavə olub.