ABŞ-ın 41-ci prezidenti Corc Buşun (ata) bacısı Nensi Ellis Buş 95 yaşında koronavirus infeksiyasından vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, sabiq prezidentin bacısı bazar günü Massaçusettsdəki qocalar evində ölüb. Nəşr onun dekabrın 30-da qızdırma ilə xəstəxanaya yerləşdirildiyini yazıb. Aparılan test nəticəsində onun koronavirusa yoluxduğu məlum olub.
Nensinin oğlu Ellis Buş ölüm səbəbinin koronavirusa yoluxma sonrası fəsadlar olduğunu deyib. Son günlərdə vəziyyətinin xeyli pisləşdiyini qeyd edib.
1926-cı il fevralın 4-də anadan olan Buşun bacısı ailədəki beş uşaqdan biri və tək qızı idi. Uzun müddət özünü Liberal Demokrat kimi göstərib və Respublikaçılar Partiyasına yalnız 1988-ci ildə Buşun ABŞ prezidentliyinə namizəd olduğu zaman qatılıb. Bundan sonra qardaşına, daha sonra qardaşı oğluna (oğul Buş) dəstək olmaq üçün təşviqat kampaniyasında fəal iştirak edib. Ellis Buşun dörd övladı var, əri Aleksandr Ellis 1989-cu ildə ölüb.
Buş iki il əvvəl həyatının 95-ci ilində vəfat edib. Prezidentliyi dövründə SSRİ-nin sonuncu lideri Mixail Qorbaçovla bir neçə dəfə görüşən ata Buş adını tarixə “SSR-ni dağıdan” dövlət başçısı kimi yazdırıb.
Oğlu Corc Buş Amerika Birləşmiş Ştatlarının 43-cü prezidenti, ikinci oğlu Ceb Buş isə Florida ştatının qubernatoru vəzifəsini icra edib.