Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs Türkiyənin hərb tarixnin ən məşhur generallarından biridir.
Hüseyn Hüsnü Əmir Ərkilət – Türkiyə ordusunun Azərbaycan əsilli generalı və siyasətçi.
Hüsnü Ərkilət 1883-cü ildə Qəzzada anadan olub. Atası Osmanlı ordusunun Qəzza Taborunun komandanı, mayor Xəlil Əmiroğlu, anası Şəfiqə xanımdır. Şəfiqə xanım Azərbaycanın Şuşa şəhərində doğulub. Generalın anası 1880-ci ildə ailəsi ilə birlikdə Kaysəri şəhərinə köçüb və burada əslən azərbaycanlı olan Xəlil bəylə ailə qurub.
İmperiya ordusunun sıralarında
Hüsnü bəy atasının istəyi ilə hərbçi olmaq qərarı verib. 1901-ci ildə Bursa Hərbi Liseyini bitirdikdən sonra Hərbi Məktəbə daxil olub. 1904-cü ildə məktəbi leytenant rütbəsi alaraq bitirib. Daha sonra Hərbi Akademiyaya daxil olaraq 1905-ci ildə burada baş leytenant rütbəsinə yüksəlib. 1907-ci ildə Hərbi Akademiyanı kapitan rütbəsi alaraq bitirdikdən sonra 2-ci Orduda xidmətə başlayıb.
1908-ci ildə 21-ci Hərbi Hissənin baş qərargah rəisi vəzifəsinə təyin edilib. 1909-cu ildə mayor rütbəsinə yüksəldilərək, baş qərargah rəisi təyin olunub. 1910-1912-ci illər arasında Almaniyada təhsil alıb. 1912-ci il sentyabrın 6-da Şərq Ordusunun Əməliyyatlar İdarəsinə göndərilib.
1913-cü il oktyabrın 9-da Hərbi Akademiyanın müəllimi, dekabrın 26-da isə 5-ci Ordu Korpusunun baş qərargah rəisi vəzifəsinə təyin olunub.
Birinci Dünya Müharibəsində
1915-ci il iyunun 27-də Çanaqqala Səddülbahir cəbhəsinə, iyulun 3-də isə 5-ci Ordunun 14-cü Korpusunun baş qərargah rəisi gətirilib. Oktyabrın 9-da Serbiyadakı hərbi hissələrin baş qərargahlarına nümayəndə kimi göndərilib.
1917-ci il aprelin 22-də 20-ci Ordu Korpusunun baş qərargah rəisi vəzifəsinə təyin edilib. 1918-ci ildə 4 və 8-ci orduların baş qərargah rəisi vəzifəsini yerinə yetirib. 1919-cu ildə 2-ci Ordunun baş qərargah rəisi olub. 1919-cu il avqustun 2-də Hüsnü Əmir Ərkilətə general rütbəsi verilib.
Bern hərbi attaşesi və İstiqlal Müharibəsi
Hüsnü Ərkilət 1921-ci il avqustun 3-də İsveçrəyə (Bern) hərbi attaşe göndərilib. Baş Qərargahın Ankaradan etdiyi çağırışla İstiqlal Müharibəsinə qatılmaq üçün sentyabrın 7-də İnəbolu, ayın 15-də isə Ankaraya gəlib.
1921-ci il 16 sentyabr-1 dekabr tarixlərində 7-ci diviziyanın komandanı, dekabrın 1-dən 1922-ci il oktyabrın 22-dək Türkiyə İstiqlal Müharibəsində 2-ci Ordunun baş qərargah rəisi vəzifəsində işləyib. Böyük Hücumda 2-ci Ordunun baş qərargah rəisi vəzifəsini icra edib. Müharibədən sonra “İstiqlal” medalı ilə təltif olunub. 1932-ci ildə təqaüdə çıxıb.
Hitlerlə görüş
Mənbələrə görə, 1939-cu ildə gizli olaraq Almaniyaya dəvət edilib. 1941-1942-ci ildə Almaniyanın Ankaradakı səfiri Franz von Papenlə Türkiyənin almanlar tərəfindən müharibəyə girməsi üçün bir sıra görüşlər keçirib. Təqaüdçü generallar Nuri Killigil və Əli Fuad Ərdənin qatıldığı bu görüşlərdən Türkiyə hökumətinin məlumatının olub-olmadığı hələ dəqiqləşdirilməyib.
1941-ci ildə alman ordusunun marşalı Fedor von Bokun dəvəti ilə Krıma gedib. Bundan sonra yalnız müttəfiqlərinin girə biləcəyi və əməliyyatların idarə edildiyi qərargahında Nasist Almaniyasının lideri Adolf Hitlerlə görüşüb. Şərq Cəbhəsinin vəziyyəti barədə şəxsən Hitlerdən məlumat alıb. Bu görüşdən sonra Almaniya ordusunun əməliyyatlarının hazırlandığı və idarə edildiyi baş qərargahda işləməyə başlayıb. Ərkilat alman ordusu üçün bir çox əməliyyatlarının hazırlanmasında iştirak edib. O, cəbhədən gələn informasiyalar barədə şəxsən Adolf Hitlerə hesabat verib.
Müsəlman əsirlərin xilas edilməsi
İkinci Dünya Müharibəsində Hüseyn Hüsnü Əmir Ərkilətin yardımı ilə 100 minə yaxın müsəlman hərbi əsir ölümdən xilas edilib. Türk-tatar əsirlərindən ibarət milli legionlar yaratmaq ideyasının müəllifi də Hüsnü Ərkilət olub.
Hüsnü Ərkilət müharibədən sonra “Hitlerin qərargahında 45 gün” adlı xatirələrini çap etdirib. Xatirələrində bəzən müsəlmanları xilas etmək üçün bütün vasitələrdən istifadə etdiyini yazıb.
Səyahət təəssüratlarını “Şərq cəbhəsində gördüklərim” kitabında qələmə alıb.
1943-cü ildə Fariz Ərkmanın yazdığı “Ən böyük təhlükə” kitabında “Almaniya agenti” olmaqda ittiham edilib.
Turançı general
Təqaüdə çıxdıqdan sonra “Cümhuriyyət” qəzeti və “Çınaraltı” jurnalında yayımlanan millətçi, anti-kommunist və Almaniya tərəfdarı məqalələri ilə gündəmə gəlib. Yazılarında turançılıqla türk milliyyətçiliyini bərabərləşdirib. Türkiyədəki etnik azlıqlara qarşı kəskin fikirləri ilə tanınıb.
1948-ci ildə nəşr olunmağa başlayan “Yeni Bozqurd” jurnalında türk millətçiliyi ilə bağlı yazılar yazıb. Eyni zamanda müharibə və hərb tarixinə aid 10-a yaxın kitabın müəllifidir.
Hüseyn Hüsnü Əmir Ərkilat 1958-ci ildə Ankarada vəfat edib və orada dəfn olunub.