14 Aprel 2021 09:05
2 903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyalı tədqiqatçı Paul Krivaçek onun haqda yazır: “Əsərləri müasir dövrdə yenidən kəşf olunmasına baxmayaraq, əsrlər boyu dua formaları kimi qorunub saxlanılıb. Babillilər vasitəsilə ibrani dilində yazılmış İncili və yunanların Homerinin ilahiləri və dualarına təsir edib. Ondan ilham alıblar. Tarix boyu məlum olan ilk ədəbi müəllif olan Enheduannanın davam edən əks-sədası ilk xristian kilsəsinin din xadimləri tərəfindən də eşidilmişdi”.

Enheduanna tarixdə yazdığı şeirlərə imzasını atan ilk şəxsdir.

1927-ci ildə şumerler haqda araşdırmalar aparan arxeoloq Leonard Vulli qədim Urun yerləşdiyi antik şəhərdəki məzarlıqda - Enheduannanın qəbrində bir möhür, 37 gil lövhə və bu lövhələrdə 44 yazılı dini mətn tapır. Alman assuroloq Adam Falkenştyen 1958-ci ildə “Enheduanna: Akkadlı Sarqonun qızı” adlı məqalə yazanadək bu tarixi detal heç kim tərəfindən fərq edilməmişdi.

Ay rahibəsi

Şumerlərin Ay tanrısı Nannanın məbədinin baş kahini və rahibəsi Enheduanna akkad və ya şumer şairi, dünyanın ilk ədəbi müəllifi və Akkad Kralı I Sarqonun qızı idi. Amma Enheduannanın həqiqətən Sarqonun öz qızı olub-olmadığı dəqiq bilinmir. Lakin Sarqon Enheduannaya şumerlərin Urdakı ən böyük məbədinə baş kahin təyin olunması üçün dəstək verib. O, burada şumer və akkadların inanclarını birləşdirmək vəzifəsini öz üzərinə götürüb. Məqsəd imperiyanın inkişafı üçün lazım olan sabitliyi təmin etməkdi.

Həyatı boyu davam edən təsiri ədəbi irsi qədər vacib idi. Enheduanna atasının ona verdiyi böyük məsuliyyətlə yanaşı, bütöv bir mədəniyyətə də təsir etdi. Yazılı əsərləri ilə Mesopotamiya tanrılarının təbiəti və insanların inanclarını dəyişdirmişdi.

Bir sahil şəhərində

E.ə. XXIII əsrdə (e.ə. 2285-2250) yaşayan Enheduanna Şumer Məbədinin ən böyük rahibələrindən biri idi. Şumerlərin məhəbbət tanrıçası İnannaya yazdığı lirik şeirləri ilə məşhurdur. Əslində, İnanna onun qələmindən çıxmış bir obrazdı. Adı “göy tanrısı Anın baş rahibəsi” və ya tanrı “Nannarın arvadı” deməkdi.

Həmin dövrdə akkadlar Mesopotamiyada sami kökənli bir dildə danışırdılar. Akkad İmperiyası Böyük Sarqonun hakimiyyəti dövründə şumerlərin bir neçə şəhər-dövlətini ələ keçirdi. Bəzi mənbələr bu şəhərlərin sayının 34 olduğunu iddia edir. Sarqonun ən böyük fəthlərindən biri də Şumerin Ur şəhərini ələ keçirməsiydi. Fərat çayının mənbəyində yerləşən sahil şəhəri olan Ur ticarət və nəqliyyat xətlərinin qovşağı sayılırdı, üstəlik, münbit düzənlik və torpaqlara sahibdi.

Enheduanna həmin dövrdə Akkad tanrılarını Şumer tanrıları ilə uzlaşdırmaq və beləliklə Ur şəhərində Sarqonun hakimiyyətini qəbul etdirmək tapşırığı aldı. Kral onu Ur şəhərindəki Ay tanrısı Nannanın Ekşnuqal məbədinə baş kahin göndərdi. Sarqon Şumer Məbədinin məsuliyyətini qızına verməklə siyasi cəhətdən həssas bir vaxtda hakimiyyətinin təhlükəsizliyini təmin etmək və şumerlərin güvənini qazanmaq istəyirdi.

Dörd min il əvvəl

Enheduanna “Urun qəlbi” sayılan məbədi inşa etdirdi və onu idarə etməyə başladı.

Akkad İmperiyası bölgəyə gətirdiyi zənginlik və sabitliyə baxmayaraq, uzun illər şumerlərin şəhərlərində davam edən üsyanlarla mübarizə aparmaq məcburiyyətində qaldı. Enheduannanın həmin dövrdə Şumerdəki vəzifələrindən biri də insanların dini inanclarına nəzarət etməkdi.

Ehtimala görə, Enheduanna onun əsl adı deyildi. Amma Şumer mədəniyyətinin mərkəzinə - Ura köçdükdən sonra şumer dilində rəsmi ad aldı. 4300 il əvvəl yaşasa da, Enheduanna ilə bağlı tutarlı dəlillər var. Urda təkcə onunla bağlı yazılı qeydlər yox, həm də onun rəsmi həkk edilmiş böyük bir daş lövhə də tapılıb.

Yuxuyozan

Enheduanna məbəddə işçiləri ilə birlikdə heykəlləri təmizləmək və onlara paltar tikmək, heykəllərə toxunmadan yanlarında çimmək, tanrılara heyvan qurbanlar vermək, işləmək, heykəlləri zinət əşyaları ilə təmin etmək və təqvimləri hazırlamaqdan məsuliyyət daşıyırdı. Təqvimlərin hazırlanması üçün Ayın hərəkətinin müşahidə edilməsini təkbaşına aparıb-aparmadığı məlum deyil.

Dini və elmi vəzifələrinə əlavə olaraq, kənd təsərrüfatına nəzarət edirdi. Kahin kimi torpağın məhsuldarlığından məsuliyyət daşıyırdı, maldarlar, balıqçılar, çobanlar və təsərrüfata daxil olan digər insanlara rəhbərlik edirdi. Belə bir böyük istehsal ordusunun gətirdiyi sərvət məbədləri hədsiz dərəcədə zənginləşdirdi. Məbədi bu yolla böyük faizlə borclar verən antik banka çevirdilər. Enheduannanın bir kahin kimi digər vəzifəsi yuxuları yozmaq idi.

Qardaşların savaşı

Akkadlar və şumerlər həm Mesopotamiya vadisində yaşayırdılar, həm də bənzər tanrılara ibadət edirdilər və eyni mədəniyyətə mənsib idilər, amma fərqli dillərdə danışırdılar. Sarqon imperiyanı iki xalqı üz-üzə qoymayacaq formada idarə edirdi. Sarqonun ölümündən sonra Enheduannanın iki qardaşı taxta çıxmaq istədi, nəticədə qiyam başladı. Qardaşı oğlu Naram-Sin onları məğlub etdi və imperiyanı növbəti dəfə birləşdirdi. Naram-Sin hakimiyyətdə olarkən Enheduanna hələ baş kahin idi.

Əksər elm adamları Enheduannanın Sarqon nəslindən olduğunu iddia edirlər. Çünki məbədin baş kahini həssas bir vəzifə idi və Sarqon bunu ancaq özünə yaxın olan bir şəxsə verə bilərdi. Bu, əslində, dini yox, siyasi vəzifəydi.

Elitanın imtiyazları

Məbəddə qadınlara təhsil verilməsi və yazarların yetişdirilməsi də həyata keçirilirdi. Həmin dövrdə oxuma-yazma elita ilə məhdudlaşırdı, yəni müəlliflik və sənət elitanın imtiyazları idi.

Qədim Şumerdə bir qadın yalnız hökmdar ailəsinin üzvü olardısa, yaradıcılığın zirvəsində ola bilərdi. Enheduanna da adı ilk qeyd olunan ədəbi müəllif idi. Bundan əlavə, Şumer və Akkadın kult ibadətində, dildən istifadə məsələsində və iki sahəni birləşdirən fərqli ənənələrdəki rolu sayəsində mənəvi liderlər sırasında dayanmışdı.

Məbəddə eşq

O dövrdə yalnız baş rahibələr baş örtüyündən istifadə edirdilər. Onlar həm insanlara yardım edir, həm də kişilərə cinsi əlaqədə olmağı öyrədirdilər. Bu ənənə tez-tez hücumlar qarşısında qalan akkad və şumerlərin ölkələrində uzun illər davam etmişdi.

Bəzi mənbələrə görə, Enheduannanın əri davamlı olaraq alçaldılmasından şikayət edir, onun əxlaqsız qadın olduğunu və hətta hər kəslə yatdığını söyləyirdi. Araşdırmaçılar bunu o dövrdə Ur məbədinin ənənələri ilə əlaqələndirir. Yəni, bu, bir növ Enheduannanın “müqəddəs vəzifəsi” idi.

Luqalın qiyamı

“Böyük qəlbli tanrıça”, “Nannanın mədhi" və “Şər qüvvələrin tanrıçası” kimi tərcümə olunan İnninsaqurra, Ninmesarra və İnninmehusa tanrı Nannanın üç güclü ilahəsi sayılırdı. Hər üç tanrıça İştar və Afrodita ilə müqayisə edilmişdi. Enheduannanın “yaratdığı” bu ilahələr Sarqonun hakimiyyəti altındakı Akkad İmperiyasında yaşayan xalqlar üçün tanrıları yenidən təsnifləndirdi və onun ehtiyac duyduğu dini hegemoniyasını bərqərar etdi.

Enheduanna Luqal-Ane adlı şumer hərbçisinin hakimiyyətinə qarşı çevrilişi zamanı da məbədin baş kahini idi. O, məbədi 40 ildən çox idarə etdi. Enheduanna Luqala müqavimət göstərdi. Ancaq Luqal qalib gəldi.

Qeydlərindən birində hakimiyyəti ələ keçirən Luqalın onu Urdan necə sürgün etməsindən bəhs edir. Luqal məbədə gələrək Enheduannanın inancını təhqir edir və ona təcavüz edir. Bundan sonra onu Urdan qovur.

Tanrıların mərhəməti

Enheduannanın yazılarından günümüzə gələn ilahilər və şeirlər arasında “İnninsaqurra”, “Ninmesarra”, “İnninmehusa”, “Eunir”, “Evgimeya” və “Enheduannaya mədhiyyə” də var. Bu əsərlərində şumerlərin “İnanna”, akkadların isə “İştar” adlandırdıqları tanrıçanı mədh edir, eyni zamanda, atasının böyük bir coğrafiya üzərindəki siyasi hakimiyyətini asanlaşdırmaq üçün inancları birləşdirdiyini yazır. Yəni, o, tarixdə təkcə dini deyil, həm də ictimai-siyasi rol oynamışdı.

Enheduanna dini nəğmələrə əlavə olaraq, kədər və ümidlərini, dini bağlılığını, müharibə və yaşadığı dünya ilə bağlı hislərini əks etdirən qırx iki şeir yazıb. Daha doğrusu mənbələrə məlum olan bu qədərdir.

Enheduannanın bu əsərlərinin estetikası və digər özllikləri ilə Mesopotamiya teologiyasına təsiri dərin idi. Enheduanna daha zəngin bir sənət anlayışı yaratmaq üçün Şumer və Akkad inanclarını sintez edərək tanrıları xalqlara yaxınlaşdırdı. Məsələn, Ay tanrısı Nanna haqda düşüncələri onu daha dərin və hörmət edilən xarakterə çevirdi. Nannanı kiçik bir tanrıdan “Cənnətin hökmdarı”na qədər qaldırdı. İnsanların Nanna və digər tanrılar haqda təəssüratlarını yazdığı əsərləri ilə dəyişirdi, onları daha mərhəmətli təqdim etdi. Zaman keçdikcə onlar təkcə şumerlər və ya akkadların deyil, imperiyada yaşayan bütün xalqların tanrı və ya tanrıçalarına çevrildilər.

Cənnətin bəzəyi

Araşdırmalar zamanı diametri 25.6 sm, qalınlığı 7.1 sm olan daş lövhə tapılıb. Enheduanna burada Nannanın arvadı və Kral Sarqonun qızı kimi təsvir olunur. Lövhənin funksiyası bilinməsə də, ehtimal ki, məbəddə memarlıq nümunəsi olub. Lövhədə təsvir olunan səhnə qədim Şumer ritualı hesab edilir. Bununla yanaşı, bəzi yeni akkad notları var. O, əvvəllər bir çiyinə atılan şalın yerinə uzun rahibə donunda təsvir olunub. Enheduanna burada günahların yuyulması mərasimində iştirak edir.

Lövhənin yuvarlaqlığı Ay tanrısı Nannaya məxsus xüsusiyyəti - Ayın dairəviliyini simvolizə edir. Ay yağış və qida gətirən nəmli ulduz olmaqla yanaşı, tanrıların ən önəmlisi olaraq qəbul olunurdu.

O dövrdə istifadə edilən Ay təqvimi vardı. Bu təqvim əkinçilik və adi günləri, ay və ili müəyyən edirdi. Ay tanrısının əsas rolu insanların taleyini müəyyənləşdirməkdi. Eyni zamanda, Ay Enheduannanın simasında tanrının yer üzündəki təcəssümüydü. “Heduanna”, “cənnətin bəzəyi” deməkdir.

İlk qadın astronom

Enheduanna, eyni zamanda, tarixdə məlum olan ilk astronom qadındır. Taxılların nə vaxt əkilib-biçilməli olduğunu və vacib dini bayramların vaxtını məyyən etməkdən məsuliyyət daşıyıb. Bunu etmək üçün il boyu Ayı izləyib və təqvimi hesablayıb. Digər tərəfdən, fəsillərin və Günəşin qeydlərini apararaq, dünyanın Günəşin orbitindəki hərəkətinə uyğun gələn ikinci bir təqvimi də hazırlayıb.

Qadın peyğəmbər

Elm adamları Nippurdakı arxivlərdə tapılan qədim Babil mətnlərinin orijinal ilahilərin yeni Şumer kopyaları olduğunu aşkar ediblər. Bu ilahilər dini irsə böyük təsir göstərib. Yunanıstandakı Delfi Məbədindəki kahinlərdən tutmuş, Misirin musiqi və müharibə rahibələrinə, eləcə də amazonlara qədər əhəmiyyətli sosial rol oynayıb.

Enheduanna ilahəyə mədhiyyələr yazıb, qubanvermə ritulları üçün mahnılar oxuyub. Həmin rituallarda istifadə olunan musiqi alətlərinin əksəri Ur xarabalıqlarında tapılıb. İlahilər atası - Kral Sarqonun müstəmləkəçilik ambisiyalarının Asiyadan Yaxın Şərqə qədər uzanan imperiyasını genişləndirmək üçün köməkçi rol oynamışdı.

İlahilərdə çatdırılan siyasi və dini həqiqətlər Enheduannanın şair və bir peyğəmbər kimi nüfuz qazanmasına səbəb oldu. Adı dünya ədəbiyyatında tanınan ilk yazar və ya müəllif kimi qəbul edilən Enheduannanın ilk qeydi belə başlayır: “Mən, Enheduanna ...”. Əslində, o, bununla özü də bilmədən tarixdə böyük bir addım atmışdı. O vaxta qədər müəllifləri bilinməyən minlərlə dualar, şeirlər və ya mahnılar - əlyazmalar Enhedunnadan sonra tədricən müəllifləri araşdırılan əsərlərə çevriləcəkdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər