Con Kennedi Merilin Monro da daxil olmaqla, bir çox qadınla eşq macərası yaşamışdı. Bu dəfəki qadın isə Merilindən daha təhlükəliydi. Amma qardaşı Robert Kennedi (Bobbi) Elleni gəmiyə mindirib Avropaya göndərdi, Amerikadan getdikdən sonra danışmayacağına əmin olaraq olayın üstünü bağladı. Böyük ehtimalla Ellen Romeç Avropaya Amerika prezidentindən əldə etdiyi böyük sərvətlə qayıtmışdı. Ellenə danışmaması üçün verilən sərvət FTB tərəfindən açılan cinayət dosyesini də bağladı.
Kennedi ilə tanışlıq
Ellen Romeç Vaşinqtonun “Quorum” klubunun ən cazibədar ofisiant qızı idi. Hər gün ən gözəl geyimdə klubun nüfuzlu üzvlərinə xidmət edirdi.
Ellen Qərbi Almaniya Federativ Respublikasının vətəndaşı, əri də bu ölkənin Vaşinqtondakı səfirliyinin hərbi qulluqçusu idi. “Quorum” klubunun üzvləri nüfuzlu bürokratlar, senatorlar, ali məhkəmə orqanlarının təmsilçiləriydi. Prezident Con Kennedi və qardaşı Bobbi də onların arasındaydı.
Klubun sahibi Bobbi Beykerdi. O, ABŞ prezidentinin köməkçisi Lindon Consona yaxınlığı ilə tanınırdı. Elleni Kennedi ilə də o tanış etmişdi.
KQB casusu
Ellen Romeç çox gözəl və cazibədar qadındı, o dövrün ən sevilən ulduzu Elizabet Teylora çox oxşayırdı. Bu da öz növbəsində pərəstişkarlarının sayını və xidmətinin qiymətini artırırdı. Romeç işdən sonra əlavə xidmət göstərirdi: telefonçu işləyirdi.
Həmin günlərdə ABŞ Təhqiqatlar Bürosu (FTB) Ellen Romeçi addım-addım izləyirdi. Dosyesindəki məlumatlara görə, Şərqi Almaniyada anadan olub, alman kəşfiyyatı (STASİ) və SSRİ-nin təhlükəsizlik orqanlarından (KQB) təlim alıb. Ellen ikinci evliliyindən sonra ABŞ-a gəlmişdi. Cazibəsini, gözəlliyini və digər xüsusiyyətlərini qüsursuz şəkildə nümayiş etdirmişdi, “açılmayan qapıları” da bunun sayəsində amçışdı.
Ellenin müştəriləri arasında nüfuzlu bürokratlar və siyasətçilər vardı. FTB sənədlərinə görə, tanındıqca ən nüfuzlu müştərilərə xidmət edən qadının əli ölkənin bəzi önəmli adamlarına çata bilərdi və bu səbəbdən izlənilməli idi.
FTB direktoru Con Edqar Huver Romeçi izləyəcək komandaya ən yaxşı zabitlərini verdi. Çünki bu ecazkar qadının KQB-də işləyə biləcəyi ehtimalı yüksəkdi.
Sirli pıçıltı
1963-cü ilin yayında Senatın İstintaq Komitəsi Ellen Romeçin də adı çəkilən və ABŞ Prezidenti Con Kennediyə postunu itirmək təhlükəsi yaradan istintaqa başladı. Ölkənin nüfuzlu qəzetlərindən biri olan “Des Moines Registr” üçün yazan Klark Müllenhof prezidentin eşqbazlığından silsilə məqalələr yazmağa başladı.
Əslində, bu məlumatları Klarkın qulağına FTB direktoru Huver pıçıldayırdı. Huver bağlı olduğu baş prokuror Eduard Kennedidən narazıydı. İşdən çıxarılması gündəmdə idi və narahatlığı da buna görəydi. Prezidenti köşəyə sıxışdıraraq, ondan kömək istəməyi və mövqeyini gücləndirməyi planlaşdırmışdı. Bu uzaqgörənliyi öz nəticəsini verdi.
Kennedi seks qalmaqallarına görə şantajlar qarşısında müdafiəsiz vəziyyətdəydi. Yəni həyatından çox qadın keçmişdi. Vitse-prezident təyin olunan Lindon Conson onu bu sirlərini ifşa etməklə hədələyərək vəzifəsində yüksəlmişdi.
Prezident və qardaşı dərhal Huverlə görüşdülər. Təcrübəli FTB direktoru qardaşları diqqətlə dinlədi, qeydlər apardı və iki şərti yerinə yetirilsə, problemi həll edə biləcəyini söylədi. Birinci şərti baş prokuror Eduard Kennedi onu vəzifəsindən uzaqlaşdırmayacaqdı. İkinci şərti, hüquq müdafiəçisi Martin Lüter Kinqi izləyən FTB-nin işinə müdaxilə edilməyəcəkdi.
Bağlanan dosye
İstəklər qəbul edildikdə FTB direktoru Senatdakı iki partiyanın liderlərini görüşə çağırdı. Mansfildin evində demokrat senator Mayk Mansfild və respublikaçı senator Everett Dirksenlə üçtərəfli görüş keçirdi. Bildirdi ki, Senat Prezident Kennedinin seks həyatını araşdırmağa qərar verərsə, kimsə Vaşinqtonda təhlükəsizlikdə olmayacaq. Onun örtülü təhdidi təsirli oldu: Senatın İstintaq Komitəsi Ellen Romeç skandalı ilə bağlı istintaqa ehtiyac olmadığını açıqladı.
Bir neçə gün sonra Kennedi jurnalist Ben Bredliyə müsahibə verərkən, “Huverin senatorlarla əlaqədar nə qədər çirkli məlumata sahib olduğunu bilsəniz, təəccüblənərdiniz”, demişdi.
Baş verənlərdən sonra Ellen Romeç səssizcə Vaşinqtondan getdi, əri ilə birlikdə ölkəsinə qayıtdı. İddiaya görə, Kennedi ona bunun üçün bahalı hədiyyələr və sərvət vermişdi. Prezident eşq yaşadığı qadınlara qarşı əliaçıqdı. İddiaya görə, məşuqəsi Merilin Monroya danışmaması üçün 600 min dollar vermişdi.
FTB-nin Ellen Romeç üçün hazırladığı sənəd 478 səhifədən ibarətdi. Nüfuzlu şəxslərə işlədiyi, telefonçu olduğu, KQB casusu olduğu iddia edilən Ellen Romeç Vaşinqtondan qayıtdıqdan sonra ömrü boyu heç vaxt danışmadı, müsahibə təkliflərindən imtina etdi.